Amerika silahları ilə Rusiyaya zərbə: Kiyev icazə istəyir, Vaşinqton isə...

25-05-2024, 11:14           
Amerika silahları ilə Rusiyaya zərbə: Kiyev icazə istəyir, Vaşinqton isə...
ABŞ rəsmiləri Ukraynanın tələbinə “hə” deyir: tərəddüdlər aradan qalxır?

Son həftələrdə Ukrayna Co Bayden administrasiyasına Rusiya daxilindəki hədəflərə zərbələr endirmək üçün ABŞ-ın təchiz etdiyi silahlardan istifadəyə qoyulmuş qadağanı ləğv etmək çağırışlarını artırıb. Kiyevin bu çağırışlarına ABŞ rəsmiləri tərəfindən müsbət reaksiyalar sezilməkdədir.

Çərşənbə günü “Amerikanın Səsi”nin sualını cavablandıran ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, ABŞ-ın Kiyevə verdiyi silahlardan istifadə etmək məsələsində “ABŞ Ukraynaya öz istədiyi kimi müharibə aparmağa icazə verməlidir”.

“Ukrayna Rusiyaya qarşı mübarizə apara bilməlidir. Düşünürəm ki, bunu mikro-idarə etmək bizim üçün yaxşı siyasət deyil”, - deyə Conson vurğulayıb.

Bu yaxınlarda Vaşinqtonda səfərdə olan Ukrayna Ali Radasının deputatı Aleksandra Ustinova bildirib ki, Rusiya ABŞ-ın təchiz etdiyi silahların istifadəsinə qoyulan məhdudiyyətlərdən sui-istifadə edir:

“Rusiya ərazisində, məsələn, HIMARS raket sistemlərindən istifadə etmək hüququmuz olmadığını başa düşərək, Rusiya öz texnikasını sərhəd boyu yerləşdirir. Bu texnikalardan Rusiya Xarkov vilayətini məhv etmək üçün istifadə edəcək. Amma biz sadəcə olaraq Rusiya ərazisində Amerika silahlarının istifadəsinə qadağa qoyulduğuna görə onlardan istifadə edə bilmirik”.

Qeyd edək ki, bazar ertəsi iki partiyalı amerikalı qanunvericilər qrupu ölkənin müdafiə naziri Lloyd Ostinə məktub göndərərək Ukraynaya Rusiyadakı strateji hədəflərə qarşı ABŞ silahlarından istifadə etməyə icazə verilməsini xahiş edib.

Məktubda deyilir: “Bayden administrasiyasının Ukraynanın hərbi rəhbərlərinə Rusiyanın suveren torpaqlara əsassız hücumuna cavab vermək üçün lazım olan bütün əməliyyatları yerinə yetirmək imkanı verməsi vacibdir”.

Ukrayna Müdafiə Təmas Qrupunun 22-ci iclasından sonra Ostin açıq şəkildə bildirib ki, ABŞ siyasəti dəyişməz olaraq qalır və Vaşinqton Ukrayna tərəfinin tədarük olunan silahlardan Ukrayna ərazisində istifadə edəcəyini gözləyir.

“Düşünürəm ki, onlar yaxın döyüşməyə diqqət yetirməli və yaxın məsafədə döyüşdə uğuru təmin edəcək hədəflərlə işləməlidirlər”, deyə Ostin bildirib.

Eyni zamanda, Pentaqon rəhbəri Ukraynanın Rusiya ərazisindən Xarkov bölgəsinə keçən və bombalar atan bombardmançı təyyarələri vurmaq üçün Amerikanın hava hücumundan müdafiə sistemlərindən istifadə edə biləcəyi ilə bağlı suala cavab verərək, “havadakı dinamikanın bir az fərqli olduğunu” söyləyib.

“Amerikanın Səsi” Pentaqonun mətbuat katibi Patrik Rayderlə bu məsələyə aydınlıq gətirməyə çalışıb.

“Biz bütün diqqətimizi Ukraynaya Ukraynanın suveren ərazisində müdafiəsi üçün lazım olan imkanlarla təmin etməyə yönəltmişik”, - deyə Rayder bildirib: “Müxtəlif ssenarilərin təfərrüatlarına varmayacağam. Yenə də, strateji məqsəd Ukraynaya özünü və suveren ərazisini müdafiə etmək imkanı verməkdir”.

ABŞ dövlət katibi Antoni Blinken isə hesab edir ki, Ukrayna Rusiyanın ərazisinə zərbə endirib-endirməməyə özü qərar verəcək. Blinken Kiyevin ABŞ silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq imkanını şərh edərkən bildirib: “Ukraynadan kənara hücumlara dəstək verməyə gəlincə, biz bunu etməmişik. Lakin Ukrayna öz qərarlarını verməli olacaq və verəcək”.

Ukraynalı ekspertlər isə hesab edirlər ki, Bayden adminstrasiyasında ABŞ silahlarından Rusiya ərazisindəki hərbi strukturları vurmaqla bağlı tərəddüdlər olsa da, dövlət katibinin son açıqlaması ABŞ-ın tərəddüdlərinin artıq qalmadığının göstəricisi sayıla bilər.

Müəllif: Turan Abdulla












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.