O, daha deputat ola bilməyəcək – Bilgəhdə sökülən villanın dağıntıları altında nə qalıb?
27-05-2024, 11:21
Ötən həftə xəbər yayıldı ki, Qalib Salahovun villası sökülür. İlkin informasiya belə idi ki, hacının malikanəsini Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sökdürür. Amma bu təqdimat inandırıcı görünmədi. Hacı Qalib kimi bir şəxsin milyonlarla dəyərə malik mülklərinin sökülməsi, yerləbir edilməsi icra başçısının iradəsindən uzaqdır. Üstəlik, söküntüyə görə Qalib Salahova kompensasiya verilməyib. Bunu Globalinfo.az-a özü təsdiqləyib.
Hacı Qalib dünən ortaya çıxmayıb. Köklü adamdır. Bilgəhdə uzun illər bələdiyyə sədri vəzifəsini daşıyıb. Bu kəndin qeyri-rəsmi kəndxudası olub. 2010-2015-ci illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Şeyx Allahşükür Paşazadə ilə quda olması onun gücünə güc qatıb. Düzdür, son illər Şeyxin özünün də gücü, təsir imkanları xeyli azalıb. Hacı Qalib zaman-zaman mediaya müsahibələrində Şeyxlə o qədər isti münasibətinin olmadığını işarə vurur. Hətta Şeyxin qudası kimi təqdim olunmaqdan xoşlanmır. Bu məsələdə ona haqq verməmək mümkün deyil. Yuxarıda da dediyimiz kimi, Qalib Salahzadə özü təkbaşına böyük gücdür. Lakin son illər gücünü ciddi şəkildə itirir.
Yoxsa onun evini sökmək bir yana, o villanın həndəvərinə yaxınlaşmağa kimsə cürət etməzdi. Görün, Bakının sayılıb-seçilən kişilərindən olan Hacı Qalib nə günlərə qalıb ki, gündüzün günorta vaxtı 3 villasını buldozerin qabağına verib, yerlə yeksan edirlər. Üstəlik bu evlər həm də onun deputat oğlu Əliabbas Salahzadəyə məxsusdur.
Hacı Qalib amilindən kənar, Milli Məclisin üzvünün evinin sökülməsi ciddi skandaldır. Əliabbas Salahzadənin deputat toxunulmazlığı var. Bu toxunulmazlıq daha çox onun şəxsinə aiddir. Amma hər halda deputatın atasının, özünün evinin kompensasiya ödənməsən sökülməsi, qanunsuz elan olunaraq dağıdılması bu ailəyə münasibətin kökündən mənfiyə dəyişdiyinin əlamətidir.
Bu həm də o deməkdir ki, Əliabbas Salahzadə növbəti dəfə deputat ola bilməyəcək. Onun mandatı, obrazlı ifadə etsək, sökülən üç villanın dağıntıları altında qalıb.
Salahzadələr nədən bu cür aqibətlə üzləşdi? Onlar hansı yanlışa görə cəzalandırılır? Vasif Talıbovla bağ qonşusu olmaq, vaxtilə Talıbovlar ailəsinə torpaq hədiyyə etmək bu məsələdə rol oynayırmı? Yaxud bir başqa qaranlıq əlaqələrimi üzə çıxıb hacının? Bu sualların cavabını özləri daha yaxşı verə bilərlər. Mövzu ilə bağlı ata-oğul Salahzadələrdən hansı danışmaq istəsə, məmnuniyyətlə mövqelərini dərc edərik.