Ermənistan nə istəyir: Sülh, yoxsa müharibə?

21-06-2024, 16:36           
Ermənistan nə istəyir: Sülh, yoxsa müharibə?
“ABŞ Ermənistanı Azərbaycanla sülh prosesinə səmimi yanaşmağa məcbur etməlidir”.

Bunu politoloq Natiq Miri “Cebhe.info”-ya açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Dövlət Katibi Entoni Blinken arasında baş tutan son telefon danışığının əhəmiyyətini şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, Vaşinqton Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh sazişinin imzalanmasını istəyir:

“Vaşinqton sülh prosesinin qısamüddət ərzində yekunlaşmasında maraqlıdır. Yəni Ağ Ev istəyir ki, hər iki ölkə arasında tezliklə sülh sazişi imzalansın. Amma məsələ burasındadır ki, Azərbaycanın sazişin imzalanması üçün tələbləri var.

Rəsmi Bakının tələbləri budur ki, Ermənistan Konstitusiyasında Azərbaycanın torpaq bütövlüyünə qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar ləvğ olunsun, ölkənin Müstəqillik Bəyannaməsi və hərbi doktrinasında “Böyük Ermənistan” sözü yığışdırılsın. İrəvanın isə bu tələbləri yerinə yetirməkdə maraqlı olmadığını görürük”.

ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində yenidən vasitəçilik etməkdə iddialı olmasına gəlincə, Natiq Miri vurğulayıb ki, rəsmi Bakı Ermənistanla sülh danışıqlarının ikitərəfli qaydada aparılmasının tərəfdarıdır:

“Prezident İlham Əliyev ABŞ Dövlət Katibi Entoni Blinken ilə telefon danışığında sülh prosesi üzrə danışıqların heç bir vasitəçi olmadan, ikitərəfli şəkildə aparılmasının məqbul olduğunu bildirib. ABŞ-nin istəkləri çox ola bilər, amma bu o demək deyil ki, Vaşinqtonun istəkləri sorğulanmadan həyata keçməlidir”.

ABŞ-ın Fransanın Ermənistanı silahlandırmasına və regionda militarizasiya siyasətinə reaksiya verməməsinə münasibət bildirən politoloq bəyan edib ki, Vaşinqton bu məsələdən xəbərdardır:

“Ermənistan qlobal qarşıdurmadan yararlanmaqla həm özünün hərbi təhlükəsizliyini təmin etmək, həm də Fransa və Hindistandan strateji silahlar almaqla sülh prosesini uzadaraq zaman qazanmağa çalışır. Yəni İrəvan güc və qüvvə toplayaraq Azərbaycanla danışıqlar masasında eyni səviyyədə oturmaq istəyir. İrəvan bir tərəfdən özünü sülhün tərəfdarı kimi göstərir, digər tərəfdən isə Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən imtina edir.

Ermənistanda Konstitusiya, Müstəqillik Bəyannaməsi və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməlidir. Ermənistan Konstitusiyasında və Müstəqillik Bəyannaməsində ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar mütləq ləğv olunmalıdır.

Ona görə ki, revanşist qüvvələrin hakimiyyətə gələcəkləri təqdirdə onlar sülh sazişin Konstitusiyaya zidd olduğunu bəhanə gətirərək Konstitusiya məhkəməsinə müraciət edəcəklər. Məhkəmədə bu sazişi ləvğ edəcək.

Buna görə də Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistandan hüquqi təminat istəyir. Ermənistan isə bunu yerinə yetirmək istəmir. Belə olan halda sülh sazişinin imzalanması qeyri-mümkündür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.