Millət vəkili: Süngün mis mədəninin dövlət payı Kirman vilayətinə göndərilib
12-09-2024, 16:54
Vərziqan millət vəkili 2 min milyard tümən Süngün misin mədəninin dövlət payının Kirman vilayətinin bank hesablarına köçürüldüyünü bildirib.
Fars xəbər agentliyinin məlumatına görə, İran parlamentində Vərziqan və Xarvana bölgəsinin millət vəkili Rza Əlizadə, Süngün mis mədəninin ötən ilki dövlət payının 2 min milyard tümən olduğunu və bu məbləğin Kirman vilayətinin hesabına köçürüldüyünü bildirib.
İran qanunvericiliyində bu, mədənlərdən çıxarılan materialların istismarından əldə edilən gəlirin bir hissəsinin dövlətə ödənilən paydır.
Əlizadə əlavə edib ki, bu məbləğin 15 faizi, yəni 300 milyard tümən Vərziqan şəhərinin hesabına köçürülməli idi. Lakin ötən il bu məbləğdən yalnız kiçik bir hissə götürülüb və həmin vəsait Şərqi Azərbaycan vilayətində xərclənib. Vərziqan isə bu vəsaitdən heç bir pay almayıb.
Millət vəkili məsələ ilə bağlı Süngün mis şirkətinin müstəqilliyi məsələsini yenidən gündəmə gətirərək deyib: “Əgər şirkət müstəqil olsa, Süngün mis mədəninin dövlət payı ilə bağlı problemimiz olmayacaq.”
O əlavə edib ki, hazırda əsas məqsəd bu məbləğin geri qaytarılmasıdır.
Şərqi Azərbaycanda Azərbaycan Mis Şirkətinin yaradılması uzun müddətdir mübahisəli mövzuya çevrilib və bu barədə ziddiyyətli açıqlamalar verilir. Əlizadə bu məsələnin prezident Məsud Pezeşkian ilə görüşdə müzakirə olunduğunu və vilayətdə müstəqil bir mis şirkətinin yaradılması üçün "ekspert işlərinin" aparılmasını tələb etdiyini bildirib. O, həmçinin "populist ifadələrdən" imtina olunmasının vacibliyini vurğulayıb.
Millət vəkilinin fikrincə, “Azərbaycan Mis Şirkəti” İbrahim Rəisinin dövründə kağız üzərində yaradılıb və bu, geniş ictimai tələb nəticəsində baş verib. Əlizadə qeyd edib ki, Azərbaycan Mis Şirkətinin yaradılması Süngün mis mədəninin tamamilə Azərbaycana verilməsi demək deyil.
Süngün mis mədəninin İran mis sənayesinin bir hissəsi olduğunu ifadə edən parlamenter, vilayətin mis sektorunda suveren rol oynayıb, qərarların vilayətdə qəbul olunmasını nəzərdə tutan müstəqillik anlayışına dəstək verdiyini də bildirib.
Daha əvvəl Süngün Mis Kompleksinin rəhbəri Məhəmmədcəfər Uzmayi mətbuat konfransında Şərqi Azərbaycan vilayətindəki Süngün Mis Kompleksinin "müstəqil olması" ilə bağlı yayılan xəbərlərin yanlış anlaşıldığını və prezident İbrahim Rəisinin sözlərinin səhv başa düşüldüyünü bildirmişdi.
Aydındır ki, İranın mərkəziyyətçi idarəçilik sisteminə görə, ölkədə İran Milli Mis Şirkətindən müstəqil şirkət yaratmaq mümkün deyil. Lakin vilayətdə Milli Mis Şirkətinin törəmə şirkətinin olmaması, mis konsentratından əldə olunan maliyyə vəsaitlərinin vilayətdən kənara çıxmasına səbəb olur, bu da bölgənin iqtisadi dövriyyəsinə mənfi təsir göstərir.