Naxçıvan çayxanalarında siqaret qadağası: güdüb tuturlar

12-11-2024, 09:14           
Naxçıvan çayxanalarında siqaret qadağası: güdüb tuturlar
Naxçıvandakı çayxana və kafelərdə siqaret çəkmək qadağan olunub. Bu qaydanı pozanları polis dərhal yerindəcə 50 manat cərimələyir. Bunun üçün hər kafenin içərisinə və ya ətrafına mülki geyimli şəxslər yerləşdirilib. Müştəri siqaret çəkməyə başalayan kimi, onlar yaxınlıqdakı polislərə zəng edərək, məlumat verirlər. Bu məkanlarda siqaretin qadağan olunması ilə bağlı müvafiq lövhələr asılmayıb, əvvəlcədən əhaliyə məlumat verilməyib. Bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat veriblər.
Naxçıvan şəhər sakinin B. Nağıyev deyir ki, xəbərçilər əsasən pivə verilən kafelərin ətrafına yerləşdirilirlər. Onun sözlərinə görə, polislər aldıqları cərimə üçün onlara qəbz verməkdən də imtina edirlər:
“İki gün öncə Naxçıvan şəhərindəki LIFE PUB kafesində pivə içirdik. Həmişəki kimi çıxarıb, bir siqaret yandırdım. Siqareti çəkib, başa çıxmamış polislər tökülüşüb, gəldilər. Elə bil, qapının ağzında hazır dayanmışdılar. Dərhal siqareti əlimdən alıb, söndürdülər, dedilər ki, 50 manat cərimə ödəməlisən. Məcbur olub, verdim. Qəbz istədim, gülüb, getdilər. Naxçıvanda kafe və çayxanalarda heç vaxt siqaret qadağası olmayıb. Əgər qadağan edirrlərsə, məlumat lövhələri vurub, əvvəlcədən elan etməlidirlər. Bunlarınkı pul tələdi”.
Naxçıvan şəhərindəki çayxanaların birində cərimələnən Sahib Vəliyev də qadağadan xəbərsiz olduğunu bildirir:
“3 nəfər oturub, çay içirdik. Üçümüz də eyni vaxtda çıxarıb, siqaretlərimizi yandırdıq. Az keçməmiş, polislər gəldilər ki, yeni qaydaya görə, çayxanalarda siqaret çəkmək olmaz. Hər birimizdən 50 manat alıb, getdilər. Sonradan öyrəndik ki, polis ətrafa mülki xəbərçilər yerləşdirib. Kimsə siqaret yandıran kimi dərhal zəng edib, polisi çağırırlar. Burada məncə çayxana sahibinin də əli var. Ən azından müştərilər içəri girəndə xəbərdar edə bilərdi ki, siqaret çəkəni cərimələyirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.