Rusiya da Ukraynanın işğalını rəsmiləşdirə bilsə, eynən Faşist Almaniyası kimi davranacaq
Dünən, 15:14

Sosial şəbəkələrə ötəri baxış belə kifayətdir ki, Azərbaycan xalqının Rusiya-Ukrayna müharibəsində Ukraynanın yanında olduğunu deyək. Özü də tərəddüdsüz, birmənalı şəkildə. Ermənistanda da, Gürcüstanda da belədir. Qərb ölkələrində də, Şərq ölkələrində də ictimai rəy Ukraynadan yanadır. Bütün namuslu adamlar Ukraynaya dəstək verir. Niyəsi də bəllidir. Rusiya imperialist maraqlarını həyata keçirmək üçün Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazilərinin beşdə birini işğal edib. İnsanlar işğalçını niyə müdafiə etməlidir ki?...
TEREF yazır ki, bunu Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli yazıb Daha sonra jurnalist fikrini şərh edərək belə davam edir:.
Ukrayna məsələsində bir önəmli məqam var: Ağlı başında olan hər kəs başa düşür ki, Donald Tramp Vladimir Putinin xeyrinə Ukraynanın parçalanmasına nail olsa, bütövlükdə Avropa Birliyi təhlükə altına düşəcək. Rusiya eyni ssenari ilə keçmiş SSRİ məkanında da işğal siyasətini davam etdirəcək. Xüsusən Qazaxıstanın Putinin hədəfində olacağı gözlənilir...
Faşist Almaniyası Çexiya kimi balaca ölkələri işğal edəndə hələ də bəzi nadanlar zənn edirdi ki, söhbət bununla bitəcək. Bitmədi. Bitə də bilməzdi. Susmaqla təhlükədən yayındığını zənn edənlər sonra başına döyməli oldu. Faşizmdən xilas olmaq üçün daha böyük qurbanlar verdi.
Rusiya da Ukraynanın işğalını rəsmiləşdirə bilsə, eynən Faşist Almaniyası kimi davranacaq. Yəni işğal digər qonşu ölkələr istiqamətində davam edəcək. Buna kimsənin şübhəsi olmasın...