Yaxın Şərq üzərində müharibə kölgəsi – Artıq qaçılmazdır

Dünən, 09:38           
Yaxın Şərq üzərində müharibə kölgəsi – Artıq qaçılmazdır
İranla qarşıdurmada müasir dövrün bütün hibrid alətlərindən istifadə ediləcək

Son vaxtlar ABŞ və İsrailin İranı hücum edəcəyi ilə bağlı narahatedici proqnozlar daha tez-tez səslənir. Öz növbəsində İran, hücuma cavab verəcəyini bildirir.

“İrana qarşı istənilən xarici təcavüz ölkənin Silahlı Qüvvələrinin sərt cavabı ilə qarşılanacaq”. Bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqayi ABŞ və İsrail rəsmilərinin İranın nüvə obyektlərinə zərbə endiriləcəyi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“İran İslam Respublikasının Silahlı Qüvvələri hər cür təhdidə cavab vermək qabiliyyətini qoruyur və durmadan təkmilləşdirir. Ölkəmizə qarşı istənilən hücuma və təcavüzə bütün gücümüzlə cavab verəcəyik. İrana hədə-qorxu gələnlər bilməlidirlər ki, bu təhdidlər həyata keçirilsə, dərhal hərtərəfli cavab alacaqlar”, – deyə diplomat həftəlik brifinqdə qeyd edib.

“İslam Respublikasına qarşı istənilən təhdidə sərt cavab veriləcək”, – o əlavə edib.

İran xəbərdarlıq edir ki, ABŞ-la mövcud qarşıdurmanın “hərbi variantı, xüsusilə də hərbi həll yolu mümkün deyil”. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Washington Post” qəzetində dərc olunan məqaləsində yazıb.

“Biz təsəvvür edə bilmirik ki, prezident Tramp Yaxın Şərqdə fəlakətli müharibə bataqlığında ilişən daha bir ABŞ prezidenti olmaq istəsin – bu münaqişə bütün bölgəyə yayılacaq və onun sələflərinin Əfqanıstan və İraqda xərclədiyi trilyonlarla dollarla müqayisədə daha çox vəsaitə başa gələcək”, – deyə nazir yazıb.

Əraqçı həmçinin bildirib ki, İran qapalı iqtisadi sistemə malik ölkə deyil, əksinə, ABŞ-ın biznes dairələrini İrana çıxış imkanından – trilyon dollarlıq fürsətdən məhrum edən məhz Ağ Ev və Konqresdir.

Belə açıqlamalar fonunda bir çox müşahidəçilər Vaşinqton və Tehran arasında gərginliyin kəskin şəkildə artmasından narahatdırlar. Artıq açıq şəkildə bildirilir ki, ABŞ və İran arasında müharibə ehtimalı daha da artıb. Bəs bu gözləntilər nə dərəcədə əsaslıdır? Regionda genişmiqyaslı quru müharibəsi baş verə bilərmi?

Bununla bağlı Pressklub.az-a açıqlama verən müstəqil analitik Rəşad Rzəquliyev bildirib ki, bu gün ABŞ-ın təkcə Yaxın Şərqdə deyil, bütün dünyada siyasətini proqnozlaşdırmaq mümkün deyil.


“Reallığı analiz etmək, bu gün Tramp üçün Qrenlandiya, Kanada, Meksika, Panama, Ukrayna, yoxsa İranın daha vacib olduğunu proqnozlaşdırmaq siyasəti anlamağa çalışanlar üçün məsuliyyətsiz məsələyə çevrilib… Ayrı-ayrı geosiyasi fraqmentlər əsasında ümumi mənzərəni anlamaq mümkün deyil. ABŞ ilə İran arasında birbaşa qarşıdurma ehtimalını elitalar arasında geosiyasi üstünlük uğrunda gedən daxili mübarizə kontekstində qiymətləndirmək lazımdır. Şərti olaraq desək, yeni dünya düzəni ilə bağlı britaniyalı və amerikalı ssenarilər toqquşur və bu proses planetin geniş ərazilərinə od və ölüm gətirir.

Britaniyalılar İkinci Dünya Müharibəsinin nəticələri ilə bağlı məğlubiyyətin əvəzini çıxmağa çalışır, ABŞ-ı hər vəchlə üç əsas hərbi-siyasi münaqişəyə cəlb etməyə səy göstərirlər”, – deyə politoloq bildirir.

O hesab edir ki, Avropa müharibəsinin fitilini Rusiya-Ukrayna müharibəsi yandırdı, Yaxın Şərqdə isə bu rolu İsrail-İran qarşıdurması oynayır.

“Üçüncü, hələ yetişməkdə olan Çin-Tayvan hərbi qarşıdurması isə Uzaq Şərqdə yeni böyük bölgü prosesinə təkan verəcək. Tramp hakimiyyətə dünyanı geosiyasi və geoiqtisadi makrozonalara bölmək planı ilə gəlib – məqsəd mərkəzi Şimali Amerika olan təsir zonası yaratmaqdır. Bu isə mənim “şərti britaniyalılar” adlandırdığım qüvvələrin maraqlarına ziddir. Nəticə budur: Trampın arxasında dayanan qüvvələr klassik müharibələr istəmir. Donald Tramp bütün gücü ilə belə qarşıdurmalara son qoymağa, xoş söz və ya sanksiya təhdidləri ilə ABŞ üçün əlverişsiz və zəiflədici ssenarilərin qarşısını almağa çalışır.

ABŞ-İsrail tandemi İrandan yalnız bir şeyi ultimatumla tələb edir – nüvə silahı əldə etmək imkanından tamamilə imtina. İran isə bunu qətiyyətlə rədd edir və diplomatik resursları vasitəsilə daha güclü rəqiblə birbaşa toqquşmadan yayınmağa çalışır.

Şübhəsiz ki, ABŞ və İsrail müttəfiqlərdir və birlikdə Yaxın Şərqdə britaniyalıların planlarına qarşı çıxış edirlər. Lakin İsrailin regiondakı gələcəklə bağlı baxışları İranla münaqişənin dinc yolla həllinə radikal şəkildə ziddir.

Bu səbəbdən təəssüf hissi ilə qeyd etməliyəm ki, regionda müharibə qaçılmazdır. Çox pisdir ki, bu hərbi-siyasi qarşıdurma həm də İslam dünyasında məzhəblərarası xətt üzrə baş verəcək. Mən ABŞ hərbi qüvvələrinin bu regional münaqişəyə quru qoşunları ilə cəlb olunacağına inanmıram. Amma əminəm ki, Qərbin yeni nəsil hibrid müharibə alətlərinin hamısı işə salınacaq”, – deyə Rəşad Rzəquliyev proqnoz verir.

Rauf Orucov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.