"Kosmosdan gələn təhlükə: Ayla toqquşacaq asteroid Yer üçün də təhlükə yaradır" - CNN
Bu gün, 10:24

Alimlər dünya ictimaiyyətini ciddi şəkildə narahat edən yeni kosmik təhlükə barədə xəbərdarlıq edir. Söhbət 2024-cü ilin dekabrında kəşf edilmiş və "2024 YR4" adlandırılmış asteroiddən gedir.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumatına görə, bu kosmik obyektin trayektoriyasını izləyən mütəxəssislər onun potensial olaraq Yer üçün təhlükəli ola biləcəyini bildirir.
Asteroid qısa müddətdə məşhurlaşın. İlk hesablamalara əsasən, onun 2032-ci ilin dekabrında Yerə çırpılmaq ehtimalı rekord səviyyədə - 3,1 faiz olaraq dəyərləndirilib. Bu rəqəm astronomiya sahəsində olduqca ciddi bir xəbərdarlıq sayılır.
Sonrakı hesablamalar asteroidin Yerə toxunmadan keçib gedəcəyini təsdiqləyib. Amma indi alimlər diqqəti başqa bir təhlükəyə yönəldib: "2024 YR4"ün Ayla toqquşma ehtimalı çox yüksəkdir.
Beş min ilin ən güclü Ay toqquşması ola bilər
Bu barədə Kornell Universitetinin aparıcı tədqiqatçısı Pol Viqert danışıb: "Bu, son beş min ildə Ayla baş verəcək ən iri toqquşma olacaq. Nəticədə 100 min tona qədər Ay daşı və tozu kosmosa atıla bilər".
Bu miqyasda toqquşma yalnız Aya təsir etməyəcək. Alimlər bildirir ki, Ay ətrafında və Yerin orbitində fırlanan peyklər də bu zərbədən ziyan görə bilər. Nəticədə isə yerüstü rabitə, naviqasiya və digər mühüm xidmətlər iflic ola bilər. Hal-hazırda toqquşma ehtimalı 4,3 faiz olaraq qiymətləndirilir.
Kosmosla əlaqənin kəsilməsi insanlıq üçün ciddi təhlükədir
COMSPOC kosmik monitorinq şirkətinin baş elmi əməkdaşı Den Oltroqqe bu məsələnin sosial-iqtisadi tərəflərinə də toxunub: "Bu gün kosmos ticarətdən tutmuş, təhsilə və sosial şəbəkələrə qədər bütün sahələrə təsir edir. Əgər biz kosmosla effektiv əlaqəni itirsək, bu, bəşəriyyət üçün ağır nəticələr doğura bilər".
Əgər asteroid həqiqətən Ayla toqquşsa, bu hadisəni Yer kürəsindən adi gözlə də izləmək mümkün olacaq - qısa, lakin güclü bir işıq partlayışı görünəcək. Ardınca isə Yerə tərəf Ay daşlarından və tozdan ibarət nəhəng bir bulud gələcək. Bu bulud atmosferə bir neçə gün və ya hətta bir neçə ay ərzində daxil olaraq meteorit yağışlarına səbəb ola bilər.
"Şəhər qatili" asteroid
2024 YR4 diametri təxminən 60 metr olan bir asteroiddir, bu ölçü 20 mərtəbəli bina ilə müqayisə edilə bilər. Elə buna görə də onu "şəhər qatili" adlandırıblar. Əgər bu asteroid birbaşa Yerə çırpılsaydı, lokal, lakin genişmiqyaslı dağıntılar baş verə bilərdi.
Lakin indi məsələ təkcə Yerə deyil, həm də Ay ətrafına nəzarətin və müdafiənin vacibliyini gündəmə gətirib. Alimlər bu qənaətə gəlib ki, gələcəkdə yalnız Yeri qorumaqla kifayətlənmək olmaz - Ay və onun ətrafı da artıq strateji əhəmiyyət daşıyır.