III Şuşa Qlobal Media Forumu çox mühüm və vacib platformaya çevrilib
Bu gün, 16:28

Texnologiyaların idarə etdiyi hiperdinamik virtual müstəvidə alqoritmlərin aqressiv istifadəsi ilə, hər il yenilənən və əvvəlkilərindən fərqlənən kommunikasiya sistemləri ilə ölkələrə qarşı siyasi, iqtisadi və hətta hərbi təsirlərə nail olmağı hədəfləyən əməliyyatların tətbiqi izlənməkdədir.
Yeni texnoloji alətlərin medianı ənənəvi məcrasından kənarlaşdırmasından başqa, süni intellekt modelləri ilə geosiyasi məqsədlər üçün zərərli istismar faktı ilə üz-üzəyik.
Ənənəvi media diplomatiyasının aktuallığını itirdiyi, yerini strateji kommunikasiya və ictimai diplomatiya kimi yeni təsir alətlərinin əvəzlədiyi günümüzdə həssas hadisələr zamanı bu alətlərin də kütləvi istehlak üçün faydasız olduğunu müşahidə edirik.
Hökumətlərin diqqətinin təhlükəsizlik və müdafiə sahəsinə yönəldiyi bir vaxtda cəmiyyətlərdə hər bir fərdi maraqlandıran, aktual məsələlər ətrafında xəbər istehlakçısının emosional diqqətinin istismarı gedir. Bu proseslərə yeni yanaşmanın qurulması günümüzün zəruri ehtiyaclarından biridir.
Müxtəlif hadisələrin süni intellekt modelləri ilə aparılan manipulyativ təbliğinin cəmiyyətlərin müxtəlif təbəqələrinə təsiri hər gün daha çox artmaqdadır. Buna görə də strateji kommunikasiya sahəsində yenilikçi yanaşma qurmaq hökumətlərin qarşısında duran prioritet məsələdəndir.
Təəssüflə qeyd etməliyik ki, gündəlik ünsiyyət üçün istifadə etdiyimiz şəbəkələrin hər gün daha çox siyasi və hətta geosiyasi məqsədlərə nail olmaq məqsədilə alqoritmlərlə proqramlaşdırılmasını izləməkdəyik. Kənardan idarə olunan bu müstəvilərdə hökumətlərlə cəmiyyətlər arasında etibar və güvən mühiti sıradan çıxarılır.
Əvvəlki illərdə hibrid üsullara adaptasiya olunan cəmiyyətlər indi daha ciddi risklərlə üz-üzədirlər. Çünki milli maraqlar və prinsiplərin üstünlüyünün alqoritmlərlə qoruyub saxlanılmalı olduğu dövrə qədəm qoymuşuq.
Qlobal güc dinamikasının hər gün gərginləşdiyi dünyamızda hibrid təhdidlərin formatlandığı, siyasi biliklər, hərbi strategiya, psixologiya, hətta fəlsəfəni bir araya gətirən, bütün bunları ənənəvi hərbi və kəşfiyyat imkanlarına inteqrasiya edən koqnitiv müharibə ilə üz-üzəyik.
Süni intellekt modellərinin zərərli istismarı ilə koqnitiv müharibələr aparılır. Texnoloji alətlərlə dəstəklənən koqnitiv manipulyasiyalar, şəbəkələr vasitəsilə hərəkət edən siqnallar, elektromaqnit və kiberdalğaların insan şüuruna, düşüncə və davranış tərzinə təsiri ilə dövlət təsisatları və milli təhlükəsizliyin əsasları hədəfə götürülür.
Qeyd etməliyik ki, cəmiyyətlərin sabitliyini hədəfə almış, daxili münaqişələrin məkrli forması kimi koqnitiv manipulyasiyalar bu məfhumun özündən əvvəlki növlərindən qat-qat təhlükəlidir.
Düşündüklərimizi manipulyasiya edən informasiya müharibəsindən fərqli olaraq, koqnitiv manipulyasiya düşüncə tərzini – rasionallığın pozulmasını hədəfə götürüb.
Koqnitiv manipulyasiya istifadəçinin məlumatı necə istehlak etməsindən tutmuş düşüncəsinin strukturlaşdırılması və fikirlərin formalaşmasına qədər təsir əhatəsinə malikdir.
Süni intellektin dayanmadan generasiya etdiyi media kontentlərdə real vaxt rejimində edilən dəyişikliklər artıq faktlarla alqoritmik manipulyasiya arasında fərqi müəyyənləşdirməyi qeyri-mümkün edir.
Süni intellekt alqoritmlər vasitəsi ilə lokal informasiya müstəvilərində istifadəçiləri birbaşa öz ana dillərində, öz kanalları ilə hədəfə alıb. Həmin alqoritmlər vasitəsilə lokal ictimai-siyasi, təhsil və şou kimi sistemlərdə qütbləşməyə hesablanmış təsir konstruksiyaları hörülməkdədir.
Bunu həm də süni intellekt vasitəsilə dezinformasiyanın fərdiləşdirilməsi ilə istifadəçinin profilinə əsaslanan ziddiyyətli məlumatları proqramlaşdıran neyroşəbəkələrlə aparılan ideoloji qütbləşmə də adlandırmaq olar.
Məhz bu kimi mövzularda işıq salınması, çıxış yollarının axtarılması üçün III Şuşa Qlobal Media Forumunu vacib platforma adlandırmalıyıq.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru