Avropa futbolunda transfer "pəncərəsi" bu mövsüm azarkeşlərə nə vəd edir?

Bu gün, 11:38           
Avropa futbolunda transfer "pəncərəsi" bu mövsüm azarkeşlərə nə vəd edir?
Futbol dünyası ən maraqlı dövrlərdən hesab olunan transfer dönəmini yaşayır. İyulun ortasında transfer bazarında hərəkətlilik pik həddə çatıb, klublar yeni mövsümə daha güclü heyətlə başlamaq üçün ardıcıl şəkildə ciddi keçidlərə imza atırlar. Bu dəfə də gözlər əsasən İngiltərə Premyer Liqasındadır. Sanki dünya futbolunun mərkəzi artıq təkcə meydanda deyil, transfer masasında da İngiltərədir.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

İngilis hegemonluğu

Son illər mövcud olan ənənə bu yay da dəyişməyib. Yenə İngiltərə Premyer Liqası transfer bazarında hegemonluq edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, yayın əsas transferləri "10-luğ"unda yeddi keçid ingilislərin adı ilə bağlıdır. Özü də burada bir yox, bir neçə klubun adına rast gəlmək mümkündür. Digər başlıca keçidlərin də əksəriyyətində "Dumanlı Albion" təmsilçilərinin imzası var. Burada son çempion "Liverpul"la yanaşı, "Arsenal", "Mançester Yunayted", "Çelsi", "Mançester Siti", "Nyukasl" kimi klublar xüsusi fəallıqları ilə seçilirlər. "Barselona", PSJ, "Bavariya", "Milan", "İnter" kimi böyük klublar isə hələlik səssizdirlər.

Yayın "ən qızmar" transferləri

Yay transfer pəncərəsində baş tutan ən böyük ödənişli transfer hələlik Florian Virtsin "Bayer"dən "Liverpul"a keçididir. Mersisayd təmsilçisi almaniyalı gənc oyunçu üçün qarşı tərəfə 125 milyon avro ödəyib. "Qırmızılar" müdafiə xəttinin cinahlarına da əl gəzdiriblər. "Real Madrid"in yolunu tutan Trent Aleksander-Arnoldun əvəzinə "Bayer"in digər ulduzu Jeremi Frimponqu heyətinə qatan klub bu keçid üçün 40 milyon avrosundan keçibsə, Miloş Kerkesə görə "Bornmut"a 47 milyon avro ödəniş edilib.

Rayan Şerki üçün 36.5 milyon avro

Yüksək ödənişlərə görə "Liverpul"u digər Premyer Liqa təmsilçisi "Mançester Yunayted" izləyir. Son illər uğur qazanmaqda çətinlik çəkən "qırmızı şeytanlar" Brayan Mbeumo üçün "Brentford"a 75 milyon avro, Mateus Kunyanın müqabilində "Vulverhempton"a 74 milyon avro ödəməkdən çəkinməyiblər. Şəhərin digər təmsilçisi "Mançester Siti" isə "Milan"dan Ticani Reyndersi heyətinə qatmaqla səs-küylü keçid həyata keçirib. Niderlandlı üçün qarşı tərəfə 55 milyon avro ödənilib. Rayan Ait Nuri 36.8 milyon avroya, Rayan Şerki isə 36.5 milyon avroya başa gəlib.

London təmsilçilərindən "Çelsi" və "Arsenal" da transferlərlə çempionluğa iddialarını göstərirlər. "Topçular" Martin Zubimendi üçün "Real Sosyedad"a 70 milyon avro, Noni Madueke üçün isə "zadəganlar"a 55 milyon avrodan bir qədər artıq ödəniş ediblər. "Çelsi"yə gəlincə, klub Dortmund "Borussiya"sından Ceymi Qittensi, "Brayton"dan Joau Pedronu, "İpsviç"dən Liam Delapı, "Palmeyras"dan isə Estevanı transfer edib. Bu keçidlərə görə müvafiq olaraq 64, 63, 35 və 34 milyon avro ödəniş edilib.

Transfer mənasında ingilislərlə müəyyən qədər rəqabət aparan "Real Madrid"dir. Ötən mövsüm uğursuz olan "kral klubu" Trent Aleksander-Arnoldla yanaşı, "Bornmut"dan 62.5 milyon avroya Din Huyseni, "River Pleyt"dən 45 milyon avroya Franko Mastantuononu alıb.

Superliqaya "ulduz köçü"

Türkiyə Superliqası klubları da yayı sakit keçirmirlər. Ən ciddi keçidlər "Qalatasaray"ın adı ilə bağlıdır. "Sarı-qırmızılar" daha əvvəl icarə əsasında komandanın formasını geyinən Viktor Osimheni birdəfəlik alıblar. Bu keçid üçün İstanbul nəhəngi "Napoli"yə 74 milyon avro ödəyəcək. Məbləğin 40 milyonu bu il, qalan hissəsi isə növbəti il qarşı tərəfə veriləcək. "Qalatasaray"ın daha bir ciddi həmləsi Leroy Sanenin adı ilə bağlıdır. Almaniyalı vinger azad agent kimi "Bavariya"nı son Türkiyə çempionuna dəyişib.

"Fənərbağça" və "Beşiktaş" da ulduz oyunçularla heyəti komplektləşdirməyə çalışırlar. "Sarı-lacivərdlilər" Con Duranla gücləniblər. Forvard "Əl-Nəsr"dən icarəyə götürülüb. Ondan başqa Sofyan Amrabat 12 milyon avroya birdəfəlik "Fiorentina"dan alınıb. Arçi Braun üçün isə "Gent"ə səkkiz milyon avro ödənilib. "Beşiktaş" hücum xəttinə Temmi Abrahamı cəlb edib. "Qara qartal" ingilis forvardı "Roma"dan icarəyə götürüb. Türkiyə millisinin üzvü Orkun Kökçü də növbəti mövsüm "Beşiktaş"da oynayacaq. O, "Benfika"dan gəlib.

Premyer Liqamıza gələn azad agentlər

Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv olunması əcnəbi transferində fəallığı artırıb. Demək olar, bütün klublar - avrokubok iştirakçılarından elitaya yeni vəsiqə qazananlara qədər - transfer bazarında fəallıq göstərirlər. Lakin, əlbəttə, qitəmiqyaslı yarışlarda çıxış edənlər prosesə daha əvvəldən başlayıblar. Transfer edilən futbolçuların əksəriyyəti azad agentlərdir. Yalnız "Neftçi" İmad Farac üçün Kipr AEK-inə 700 min avro, Sessi D'Almeida müqabilində bu ölkənin digər təmsilçisi "Apollon"a 200 min avro, Freddi Varqasa görə Netanya "Makkabi"sinə 175 min avro ödəniş edib. "Qarabağ" isə Dani Boltu Portuqaliya "Torrense"sindən havayı almayıb. Lakin məbləğ barədə dəqiq informasiya yoxdur. "Araz-Naxçıvan" isə Ba-Muaka Simakala üçün 200 min avro xərcə düşüb. Ümumilikdə, bu yay ölkəmizə gələn ən dəyərli oyunçular "Qarabağ"ın yeni transferləri Pedro Bikalyo, Dani Bolt və "Neftçi"nin yeni üzvü İmad Faracdır. Pedro və İmad bir milyon avro dəyərləndirilirsə, Daninin qiyməti 800 min avrodur.

Hələ transfer pəncərəsinin bağlanmasına bir aydan çox müddət var. Bu isə o deməkdir ki, yay keçidləri tamamlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru