"Donbasda kamikadze taktikası: Putin hər şeyi ələ keçirmək istəyir" - "The Guardian"
Bu gün, 09:08

"Rusiya irəliləyir, amma böyük insan itkiləri bahasına..."
Rusiyanın son həftələrdə Donbas istiqamətdəki irəliləyişi olduqca yavaşdır, lakin onun arxasında yüzlərlə, bəzən minlərlə insanın həyatı dayanır.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Qəzetinin müxbirləri Ukraynanın şərqindən - Donbas cəbhəsindən bədbin mənzərəni çatdırır. Moskva bu müharibədə taktiki uğur naminə canlı qüvvəni amansız şəkildə qurban verir. Ukrayna hərbçiləri buna "ət hücumu" deyir.
Bu yaxınlarda Dnepropetrovskla Donetsk vilayətlərinin sərhədində yerləşən Malievka kəndində yaşayan 72 yaşlı təqaüdçü Valentin Velikiy hər şeyini - evini, əşyalarını və tək qonşusunu itirib. Kəndin üzərindən keçən raketlərdən biri onun həyətindəki tövləni yerlə yeksan edib. "Partlayış səsi eşitdim, bir an sonra tövləm yox oldu. Heç nə qalmadı. Görünür, planlaşdırılmış bomba olub", - Velikiy xatırlayır.
Bir gününü zirzəmidə keçirib, sonra isə piyada yaxınlıqdakı kəndə çatıb. Yolda bombalardan açılan iri vərəməlikləri (voronka) aşaraq keçməli olub. Kömək təklif edən könüllülərin mikroavtobusuna əyləşərkən məyusluğunu gizlədə bilməyib: "Bu axmaq Putin hər şeyi əlimizdən almaq istəyir. Ən münbit torpaqlarımızı. Bütün məsələ budur".
Kamikadze döyüşçülər: Rusiya "saxta qələbə" illüziyası yaradır
Ukrayna ordusunun bu bölgədə mövqe tutan bölmələri bildirir ki, Rusiya açıq şəkildə əsgərlərini ölümə göndərir. 57-ci döyüş briqadasının zabiti Aleksey Budilov deyir: "Bəzən bir neçə rus əsgəri kəndin yaxınlığında bayraq sancır. Bir neçə dəqiqə sonra onların hamısını məhv edirik. Onlar sadəcə görünüş yaratmaq üçün canlarını verirlər".
Budilovun sözlərinə görə, bu hücumlar əvvəlcə zirehli tankların irəliləməsi ilə başlayır, ardından piyadaları daşıyan maşınlar gəlir. Məqsəd - Ukrayna müdafiə xəttini istənilən qiymətə yarmaqdır. "Onlar bu qısa və əslində heç bir əhəmiyyət daşımayan görüntü üçün böyük itkilər verirlər".
31-ci mexanikləşdirilmiş briqadanın kapitanı Viktor Danişşuk isə Ukrayna ordusunun texniki çatışmazlıqlarla üz-üzə olduğunu etiraf edir: "Bizim başqa seçimimiz yoxdur. Bu bizim torpağımızdır, döyüşməyə davam edəcəyik".
Seversk hələ də dözür
Son günlərdə Rusiya Seversk istiqamətində təzyiqlərini artırıb. Ukraynanın 54-cü mexanikləşdirilmiş və 81-ci aeromobil briqadaları birgə şəkildə genişmiqyaslı hücumu dəf edə bilib. Bu hücumlar daha çox piyada və texnika ilə müşayiət olunur, xüsusilə də Rusiya may-iyun aylarında qonşu Beloqorovkanı itirdikdən sonra bu bölgədə təzyiqlər artıb.
Severskin müdafiəsi isə Rusiya ordusunun Slavyansk istiqamətində irəliləyişinin qarşısını almaqda həlledici rol oynayır. Görünür, Moskva Donbası, nə qədər insan ölsə də, tam ələ keçirməyi qarşısına məqsəd qoyub. Putin isə bu torpaqların hər qarışına iddialıdır və hər itkini "təslim olmaqdan yaxşıdır" prinsipi ilə izah edir. Amma bu yavaş və qanlı irəliləyişin Rusiyaya nələrə başa gələcəyi hələ bilinmir.