Zaqatalanın baş həkimi haqda sensasion iddialar
22-06-2015, 17:16
Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva Ginekologiya şöbəsinin sürücüsü Anar Məmmədov tərəfindən məhkəməyə verilib.
TİA.AZ Arqument.az-a istinadən xəbər verir ki, sürücü baş həkimi rüşvətxorluqda ittiham edib.
O, xəstəxanada korrupsiya faktlarının olduğunu deyib: “Zaqatalanın baş həkimi Leyla Seydəliyeva məni məzuniyyət bəhanəsi ilə işdən çıxarmaq işləyir. Halbuki xəstəxananın bəzi həkimləri məzuniyyətdə ola-ola cərahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirlər. Misal kimi həkim Əlixanov Hacını deyə bilərəm. Məzuniyyətdə ola-ola xəstəxanada əməliyyatlar aparır. Özünün də yaşı 69-dur”.
Şikayətçi xəstəxanada gizlədilən bəzi faktlara toxunub: “Balakən rayonun Katex kənd sakini Yaqubova İnci (2015-ci il təvəllüdlü 2 aylıq uşaq) əməliyyat zamanı stolda ölüb. Xəstəlik tarixinin №1373899. Daxil olub may ayının 23-də(23.05.2015), mayın 26-da da ölüb (26.05.2015). Amma hansısa səbəbdən iş araşdırılmayıb, ört-basdır edilib.
2014-cü ildə hər ay demək olar ki, 30-40-50 qeysəriyyə əməliyyatı olub. Misal üçün 2014-cü ilin avqust ayında cərrahiyyə şöbəsinin qeydiyyat jurnalında 50-dən qadının qeysəriyyə əməliyyatı olduğu əks olunub. Halbuki Səhiyyə Nazirliyinin və Milli Məclisin qərarı var ki, qeysəriyyə əməliyyatları araşdırılmadan və məcbur qalmadıqda aparılmamalıdır. Amma burada aparılıb”.
A. Məmmədov bildirib ki, baş həkim xəstəxananı talamaqla məşğuldur: “Baş həkim Seydəliyeva Zaqatalada işlədiyi 6 ay ərzində dəyəri 70 min manatdan artıq olan ev alıb. Üstəlik, bu azmış kimi həmin evin təmiri zamanı xəstəxananın fəhlələri işlədilib. Baş həkimin aylıq məvacibi 350 manatdır”.
Baş həkim isə açıqlamasında deyilənləri təkzib edib və Anar Məmmədovun işdən çıxarılmasını qanun çərçivəsində həyata keçirildiyini deyib.