Azərbaycan prezidenti: "O qətnamələr bizim üçün kağız parçasıdır, heç kim onları heç vaxt icra etməyəcək"

13-07-2015, 18:19           
Azərbaycan prezidenti: "O qətnamələr bizim üçün kağız parçasıdır, heç kim onları heç vaxt icra etməyəcək"
“Bu yaxınlarda Avropa Oyunları zamanı Avropa Şurası Parlament Assamblleyasında qətnamə qəbul edildi. Qətnamənin mətnində məruzəçilər tərəfindən mətndə yazılmışdı ki, Assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. O cümləni götürüb dəyişirlər, yazırlar ki, Assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycana qarşı çirkin kampaniya aparılır, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu, daha da alovlanır: “Bəzi riyakar Qərb siyasətçiləri, erməni pulları ilə özlərinə həyat quran konqresmenlər, senatorlar, islamafob siyasətçilər Azərbaycana qarşı müharibə elan ediblər. Bunun təməlində paxıllıq və bəd niyyət dayanıb. Bu gün əfsuslar olsun ki, Avropada faşizm, irqçilik, islamafobiya, ksenefobiya, antisemitizm baş qaldırır. Yəni bu, təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələr var, onlar birləşib. Eyni zamanda Azərbaycanda “beşinci kalon”un qalınlarının himayədarları bizə qarşı hücuma keçiblər”.

Prezident İlham Əliyev bildirib ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoyub: “Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz. Birinci Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da, qəbul olunmadı. Almaniya Bundestaqında isə anti-Azərbaycan məzmunlu qətnamə qəbul edildi. Bu da bir daha ölkəmizin, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var, Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabemi olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər, amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya çərçivəsindədir, bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz, bizim bu coğrafiyada, ərazidə fəaliyyətimiz onlara lazımdır”.

Prezident İlham Əliyev qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamə də anti-Azərbaycan mövqeyini əks etdirir: “Bu qətnamələrin heç bir əhəmiyyəti yoxdur. Bununla bərabər, ikitərəfli formatda bizim Avropa ölkələri ilə problemlərimiz yoxdur. Bir çox halda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin. Biz fikir vermirik, əgər fikir versəydik, onların dediklərini edərdik. Burada heç kim onların dedikləri bir şeyi etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə də heç kim onları heç vaxt icra etməyəcək. Bunu Azərbaycan xalqı da, eyni zamanda o çirkin yazıları tərtib edənlər bilsinlər. Azərbaycanla diktə dili ilə danışmaq olmaz. Azərbaycanla dost, tərəfdaş olmaq olar, biz buna hazırıq. Biz gələcəkdə bu istiqamətdə gedəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.