Putinin Soçi triumfu - Rusiya Suriyada savaşın gedişini necə dəyişdi...
24-11-2017, 09:44
Böyük müharibə başa çatmasa da, Kreml başçısı 2015-ci ildə elan etdiyi hədəflərə nail olduğunu bəyan etdi
Suriya münaqişəsinin həllinə həsr olunmuş Soçi görüşü yeni mərhələyə keçid sayıla bilər. Rusiya, Türkiyə və İran prezidentlərinin 2 saat davam edən Soçi görüşü 3 ölkənin Suriya siyasətinin koordinasiya edilməsi ilə yanaşı, bundan sonrakı addımların da razılaşdırılması baxımından mühüm gəlişmədir.
Soçi konfransında alınan ən mühüm qərarlardan biri Suriya Milli Dialoq Konqresinin keçirilməsi ilə bağlıdır. Suriyadakı bütün siyasi, etnik və dini-məzhəbi qrupların qatılması planlaşdırılan konqresdə ölkənin yeni konstitusiyası, yeni seçkilərin keçirilməsi kimi mövzular müzakirə olunacaq.
Yeri gəlmişkən, toplantı ilə eyni gündə Səudiyyə Ərəbistanında Suriya müxaliflərinin toplantısı keçirilib. Əsasən ərəb ölkələrinə bağlı müxalif qrupların təmsil olunduğu toplantının yekun bəyanatında növbəti dəfə Bəşər Əsədin Suriyada keçid prosesində olmaması və seçkilərdə iştirak etməməsi kimi müddəalar yer alıb.
Qeyd edək ki, Soçidə prezidentlərdən əvvəl Rusiya, Türkiyə və İran ordularının baş qərargah rəisləri də toplantı keçirib. Generallar hər üç ölkənin razılaşdığı Astana prosesinə uyğun olaraq İŞİD və “ən-Nusra” (“əl-Qaidə”nin Suriya qolu) və onlara bağlı silahlı terror qruplarına qarşı mübarizənin davam etdirilməsini müzakirə ediblər.
Noyabrın 21-də İŞİD-in Suriyadakı sonuncu şəhəri Əbu Kamal azad edilib və bununla da qruplaşmanın Suriya və İraqdakı fəaliyyətinə rəsmən son qoyulub. İraq ordusu isə noyabrın 23-dən etibarən səhrada gizlənmiş İŞİD qruplarına qarşı axtarış-əməliyyat kampaniyasına başlayıb. Suriyada hazırda İdlib və cənubda İsrail sərhədində cəmlənmiş İŞİD və "ən-Nusra" qruplarına qarşı əməliyyatlar hazırlanır. Son məlumata görə, hökumət qüvvələri və dəstək birləşmələr İdlib vilayətinin eyni adlı mərkəzinə əməliyyat hazırlayır. Yaxın günlərdə vilayətin mərkəzi şəhərinin azad edilməsi üçün genişmiqyaslı əməliyyatın başlanması gözlənilir.
Soçi toplantısının yekun bəyannaməsində hər 3 ölkənin Suriyada atəşkəsin davam etdirilməsi, siyasi həll prosesinin dəstəklənməsi və zorakılığın dayandırılması ilə bağlı ortaq fəaliyyətlərini davam etdirəcəyi vurğulanır. Soçi toplantısı bir mənada Putinin Suriya kampaniyasının uğurla başa çatdığını elan etməsi hadisəsi idi. Rusiya əslində Soçi sammiti ilə iki il əvvəl 2015-ci ildə Suriyada hərbi əməliyyatlara başlayanda qarşısında qoyduğu məqsədə nail olduğunu elan etdi. Doğrudur, İŞİD və “ən-Nusra” kimi terror təşkilatları hələ də varlığını davam etdirir. Ancaq faktiki olaraq Rusiya qələbəsini və Suriyada yeni mərhələyə keçidi elan edir. Suriya ərazilərinin artıq 60 faizə yaxını azad edilib. Ehtimal ki, yaxın zamanlarda bu faiz daha da artacaq. Bu ərazilərdə bərpa işlərinin başlanması, həmçinin siyasi həll yolunun tapılması və nəhayət, yerdə qalan bölgələrdə terrorçuların təmizlənməsi, silahlı qrupların tərk-silah olunması prosesi başlayacaq.
Ancaq Soçi konfransının həll edə bilmədiyi mövzular da qaldı. Toplantı zamanı Türkiyə prezidenti bir daha PYD terror təşkilatı haqda danışıb və əli qana batmış terrorçuların Suriyada siyasi həll prosesində iştirak etməməli olduğunu bildirib. Söhbət hazırda Suriya ərazilərinin 25 faizindən çoxuna nəzarət edən və faktiki muxtariyyət qurmuş PYD və onun silahlı qanadı YPG-dən gedir. Məlum olduğu kimi, bu qruplaşmaya ABŞ ciddi dəstək verir, silahlandırır. Hazırda rəsmi olaraq 500-dən çox amerikalı hərbçi kürdlərə kömək edir. Ancaq qeyri-rəsmi mənbələrə görə, bu rəqəm 5 min nəfərə yaxındır. Türkiyə PYD-nin Suriyada siyasi həll prosesinə qatılmasını istəmir. Çünki bu halda kürdlərə ən azı muxtariyyət verilməsi gündəmə gələcək. Türkiyə isə buna qarşıdır, çünki sərhədlərində ikinci kürd “dövlətini” istəmir. Ancaq ruslar kürd məsələsinə türklər qədər soyuq baxmır. Əksinə, Rusiya kürdləri də prosesdə görmək istəyir. Qarşıdakı dövrdə Rusiya və Türkiyənin Suriyadakı kürdlərlə bağlı mövqelərini uzlaşdırmasına ehtiyac yaranacaq.
İŞİD Suriyada rəsmən məğlub edilsə də, Suriya xəritəsində “qara cizgi” (İŞİD-in nəzarət etdiyi əraziləri işarə edən beynəlxalq tanınma) hələ də qalır. İdib və cənubi Suriya ərazilərində də ciddi sayda silahlı qruplaşmalar var ki, onların siyasi anlaşmaya daxil olacağı inandırıcı deyil. Ancaq istənilən halda Rusiya bu mərhələnin qalibidir. Ruslar Suriyada savaşı və siyasi gedişatı tamamilə dəyişdilər və indi sahə üstünlüyü və siyasi üstünlük Moskvanın xeyrinədir.