41 qardaşın bacısı Məryəm Həsənova dəfn edildi - FOTOLAR

30-07-2018, 16:08           
41 qardaşın bacısı Məryəm Həsənova dəfn edildi - FOTOLAR
İstiqlalçı deputat, dəyərli ziyalı Məryəm Həsənova Siyəzən rayonunda dəfn olunub.

Bu sözləri Axar.az-a açıqlamasında VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O bildirib ki, vida mərasimi bu gün saat 11:00-da Təzəpir məscidində keçirilib.

Samir Əsədli deyib ki, Məryəm xanım Siyəzəndə yataqxananın dördüncü mərtəbəsinə yaşayırdı. Lakin son vaxtlar səhhətinə görə evinə qalxıb-düşə bilmədiyi üçün Bakıda bacısının evində qalırdı:

“Burada ona həm qulluq edirdilər, həm də həkim nəzarətində saxlayırdılar. Məryəm Həsənova Bakıda vəfat etdiyinə görə vida mərasimi də Təzəpir məscidində keçirildi. Nəşi isə Siyəzəndə torpağa tapşırıldı”.

Məlumat üçün bildirək ki, vida mərasimində istiqlalçı deputatların böyük əksəriyyəti iştirak edib. Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı isə xaricdə olduğu üçün mərasimə qatıla bilməyib.

Qeyd edək ki, 43 istiqlalçı deputat arasında yalnız iki xanım olub - Məryəm Həsənova və Dilarə Əliyeva. 1991-ci ildə qəzada dünyasını dəyişən D.Əliyevadan sonra tək qalan Məryəm xanımı istiqlalçı deputatlar “əziz bacımız” deyə çağırırdılar.

Xatırladaq ki, 1991-ci ildə SSRİ-nin saxlanmasına qarşı çıxan 43 istiqlalçı deputatdan biri olan Məryəm Həsənova ötən gün 80 yaşında vəfat edib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.