2024-cü ildə Azərbaycan ərazisindən dəmir yolu ilə 18,5 milyon tondan çox yük daşınıb

Bu gün, 16:24           
2024-cü ildə Azərbaycan ərazisindən dəmir yolu ilə 18,5 milyon tondan çox yük daşınıb
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan üzərindən tranzit daşımaların həcmi dəfələrlə artıb. Azərbaycan üzərindən tranzit daşımaların əsas “onurğa sütunu”nu isə dəmir yolları təşkil edir.

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin məlumatında deyilir ki, 2022-ci ildən etibarən dəmir yolu ilə tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb.

“2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər arasında neft və neft məhsulları 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricilərini 11% üstələyib. Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8%, ağac, sellüloz, kağız məhsullarında isə 26% artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89%, kimya sənayesi məhsulları 12%, daş kömür və digər yanacaq məhsulları 52% artım göstərib”, məlumatda qeyd edilir.

ADY bildirir ki, Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur.

“2024-cü ilin mart ayında Çinin Sian şəhərindən Orta Dəhlizlə Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit potensialında yeni mərhələ açıb.

Ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. 2024-cü il ərzində bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir. İnfrastruktur imkanlarımız bu il 1000 və 1000-dən artıq blok-qatarın Azərbaycan ərazisi ilə daşınmasına imkan verir”.

Məlumatda deyilir ki, 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib.

Bununla yanaşı, 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.ADY bildirir ki, Şimal-Cənub dəhlizi 2024-cü ildə əhəmiyyətli dərəcədə genişləndirilib.

"Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur".

ADY hesab edir ki, 2030-cu ilədək tranzit daşımaların illik həcmi 2-4 dəfə artırılacaq.

Orta dəhliz (Şərq-Qərb)- Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.