Arvadı tərəfindən öldürülən keçmiş məmurun qətli ilə bağlı MÜƏMMALAR
6-05-2015, 12:47
Bakıda yaşadığı evin yaxınlığında həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən qətlə yetirildiyi iddia edilən keçmiş məmur İsgəndərov Füzuli Haqverdi oğlunun qətli ilə əlaqədar maraqlı təfərrüatlar ortaya çıxıb. Adının çəkilməsini istəməyən mənbədən FaktXeber.com-a verilən məlumata görə, bu məsələdə bir çox qaranlıq məqamlar var: «Belə ki, hal-hazırda açıq-aydın sübut-dəlil olmadığı halda mərhumun həyat yoldaşını tutublar. Əvvəldən olan bəzi dəlil –sübutlar isə yoxa çıxıb».
Mənbə bildirib ki, ötən 8 ayda edilən ekspertiza rəyləri başqa olub, ancaq indii qatil olaraq günahlandırılan şəxs hədəfə alınıb deyə, bütün işlər dəyişib: «Adam səhər saat 9 radələrində öldürülüb, gecə yox. Qatilin robot şəkli var və hər halda cinayəti özü işləyən insan durduğu yerde beynindən robot şəkli çəkdirməz».
Mənbə həmçinin bildirib ki, mərhumun bütün varidatı öz qohumlarının adınadır: «Onlar ölülərinin dərdini çəkməkdənsə, mal-mülk dərdinə düşüblər, var-dövləti özlərində saxlamaq, mərhumun həyat yoldaşına verməmək barədə götür-qoy ediblər».
Sonda mənbə jurnalistlərdən daha dərin araşdırma aparılmasını və bu nüanslara diqqət yetirilməsini istəyib.
Xatırladaq ki, Bakının Nizami rayonu Babək prospektində keçən ilin sentyabr ayında qətlə yetirilən kişi 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlunun qətli ilə əlaqədar həyat yoldaşı saxlanılıb.
FaktXəbər-in məlumatına görə, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. Onun, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.
Cinayətin üstünün açılmasına gəlincə, hadisəni törədildiyi deyilən X.İsgəndərova geridə qalan 8 ay müddətində dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək ərinin qətlinin açılmasını tələb edirmiş. Aparılmış istintaq tədbirləri nəticəsində əslində qatilin elə mərhumun həyat yoldaşı 1969-cu il təvəllüdlü İsgəndərova Xalidə İsmixan qızı olmasını sübuta yetirib və o, həbs edilib.