Şakir Musayevin işçisinə qarşı ittiham var... - Şıxməmmədovlar kimdir?

7-05-2015, 21:09           
Şakir Musayevin işçisinə qarşı ittiham var... - Şıxməmmədovlar kimdir?
Bir müddət bundan əvvəl redaksiyamıza müraciət etmiş vətəndaş Rəna Kamilova öz tanışlarının ona 10000 (on min) ABŞ dolları məbləğində pul borclu olduqlarını və bu pulu geri almaqda çətinlik çəkdiyini bildirmişdi. Halbuki, şikayətçinin sözlərinə görə bir vaxtlar onun Şıxməmmədovlar ailəsi ilə mehriban qonşuluq və yaxın ailəvi dostluq əlaqələri olub. Lakin son bir neçə il əzində isə bu münasibətlər yaranmış borc üzündən getdikcə gərginləşərək, artıq məhkəmə salonlarında aydınlıq gətirilməsi tələb olunan bir həddə çatıb. Bu xüsusda Rəna Kamilova bildirir ki, o, rəfiqəsi Xədicə Şıxməmmədovanın xahişi ilə həmin ailəyə 2008-ci ilin 29 fevral tarixindən 13 mart tarixinədək olan dövr ərzində bir neçə dəfəyə Şıxməmmədovlara 15000 (on beş min) ABŞ dolları, 5000 (beş min) ABŞ dolları, 5000 (beş min) avro və 4000 (dörd min) manat məbləğində borc pul vermişdir. Şikayətçinin dediyinə görə bu proseslərdə Xədicə Şıxməmmədovanın mərhum həyat yoldaşı Nurməmməd Şıxməmmədovun sürücüsü və oğlanları, Anar və Vüqar Şıxməmmədovlar da iştirak ediblər. Bundan bir neçə ay sonra Şıxməmmədovlar özlərinə məxsus olan mənzillərdən birini sataraq, borclarının bir hissəsini ödəyirlər. Lakin ümumi borcdan qalan 10000 (on min) ABŞ dolları məbləğində qalığı Rəna Kamilova bu günə qədər geri ala bilmir.

Mövzuya dair dərc etdiyimiz ötən materialda da biz göstərmişdik ki, hazırda Anar Şıxməmmədov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində, Vüqar Şıxməmmədov isə Mədəniyyət və Turizm Nazirliyində işləyirlər. Rəna Kamilova isə həmin şəxslərdə məsuliyyət hissini oyatmaq məqsədilə onların çalışdıqları qurumların rəhbərlərinə problemlə bağlı müraciət etmək qərarına gəlib. Bu məqsədlə bir müddət bundan əvvəl isə Rəna xanım ilkin olaraq Anar Şıxməmmədovun işlədiyi Birliyin rəhbərliyinə məsələnin həllində köməklik göstərmələri xahişilə məktubla müraciət etmişdir. Bir qədər sonra isə ərizəçi Birliyin Baş direktorunun müavini, professor Ədalət Həsənov tərəfindən imzalanmış cavab məktubu almışdır. Məktubda göstərilmişdir ki, bu xüsusda qurumun rəhbərliyi tərəfindən araşdırma aparılmış və Anar Şıxməmmədovdan müvafiq izahat alınmışdır. Həmin izahatda Anar Şıxməmmədov göstərmişdir ki, Rəna Kamilova ilə aralarında olan borc məsələsi çoxdan həll olunmuş və hətta bu xüsusda olmuş məhkəmə araşdırması nəticəsində qarşı tərəfin tələbinin qeyri-qanuni olduğuna dair qərar da çıxarılmışdır. Lakin Rəna Kamilovanın iddiasına görə bu xüsusda yeganə məhkəmə iclası 2011-ci ilin 05 avqust tarixində, Yasamal Rayon Məhkəməsində keçirilmişdir. Həmin iclasda qəbul olunmuş qərarın bir nüsxəsi də 10.08.2011-ci il tarixli məktubla Rəna Kamilovanın yaşadığı ünvana göndərilmişdir. Qərarda bildirilir ki, tərəflərin məhkəməyə gəlməməsi səbəbilə mülki iş baxılmamış saxlanılmışdır. Başqa sözlə desək, Anar Şıxməmmədov işlədiyi Birliyin rəhbərliyinə verdiyi izahatında yalan ifadə vermişdir. Bu isə əlbəttə ki, onun gətirə biləcəyi digər dəlillərin obyektivliyini də şübhə altına almış olur. Bu günlərdə yenidən redaksiyamıza müraciət etmiş Rəna Kamilova indi də Vüqar Şıxməmmədovun işlədiyi Mədəniyyət və Turizm Nazirliyinə göndərmək üçün məktub hazırladığını bildirmişdir. Ehtimal etmək olar ki, ondan da izahat tələb olunacağı təqdirdə, Vüqar Şıxməmmədov artıq məhkəmə qərarı xüsusunda qardaşının yol verdiyi səhvi təkrarlamayacaq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.