Bakıda şok həbslər
12-05-2015, 09:30
Oliqarx Nizami Piriyev Bakıda həbs olunub.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, məhkəmə oliqarx barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Məlumata görə, digər tanınmış biznesmenlər kimi N.Piriyevin də adı “Cahangir Hacıyev işi”ndə keçir. Onlar Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürülmüş pulların mənimsənilməsində ittiham olunurlar.
Nizami Piriyev
Hüquq-mühafizə orqanları hal-hazırda Beynəlxalq Bank tərəfindən verilmiş bir neçə milyard manatlıq kreditlərin azərbaycanlı biznesmenlər tərəfindən mənimsənilməsi faktı üzrə araşdırma aparırlar.
Qeyd edək ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.
“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.
Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar.
“PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.
Qeyd edək ki, Nizami Piriyev və oğlu Nəsib Piriyev 2011-ci ildə Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi tanınır.
Piriyevlər Toni Bleyeri Bakının Qaradağ rayonunda metanol zavodunun təməlqoyma mərasiminə dəvət etmiş və ona yüz minlərlə dollar qonorar ödəmişdilər. Bu qonorara görə Bleyer ölkəsində kəskin tənqidlərə məruz qaldı.
ABŞ-ın Texas ştatından alınan köhnə zavodun Qaradağda quraşdırılıb başa çatması 2012-ci ildə baş verdi. Piriyevlər bildirirdi ki, zavodun istehsal etdiyi metanolun əsas müştərisi BP şirkəti olacaq. Lakin bu günlərdə gözlənilmədən məlum oldu ki, SOCAR Piriyevlərin zavodunun xammalını - təbii qazı dayandırıb. Nəticədə zavod fəaliyyətini dayandırmalı olub.
İndi isə növbə ata Piriyevə çatır. Sən demə, o, Beynəlxalq Bankdan götürdüyü yüz milyonlarla dollarlıq krediti qaytarmayıbmış...
Murad Cabbarlı
Bununla yanaşı, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı Bakıda həbs olunması xəbəri yayılıb.
Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, məhkəmə sabiq icra başçısı barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Bir çox tanınmış biznesmenlər kimi Murad Cabbarlının da adı “Cahangir Hacıyev işi”ndə keçir. O, Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur.
M.Cabbarlı Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. M.Cabbarlı Şəkinin icra başçısı postuna da C.Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.
Məlumatda o da bildirilir ki, M.Cabbarlı C.Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürmüşdü. Sabiq icra başçısı bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilmişdi.