A.Abdullayev yerindən replika verdi: “Heç 2 milyon yarım məbləği bir nəfər apara bilərmi? 90 kiloqram eləyir”.
14-05-2015, 17:01
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “AMAY” şirkətinə məxsus “Xətai” ticarət mərkəzinin tamamlanma işləri Atatürk prospekti, 8978-37 ünvanında tikilən çoxmərtəbəli binanın tikintisinin tamamlanması üzrə zərərçəkmişlər və şahidlər dindirildilər.
Zərərçəkmiş Fəxrəddin Güləhmədov bildirdi ki, “Xudafərin” MMC-nin tikdiyi binanın 18-ci mərtəbəsindən ev alması ilə bağlı müqavilə bağlayıb, amma bina 17 mərtəbəli tikilib.
A.Abdullayev isə bildirdi ki, binanın 21 mərtəbə tikilməsi nəzərdə tutulsa da sonradan Bakı Şəhər İcra Hakimiyyəti axırıncı 3 mərtəbənin tikilməsinə icazə verməyib. O, qeyd etdi ki, həmin mərtəbələrdə mənzil almış şəxslərə başqa mənzillər veriləcək.
Digər zərərçəkmişlər Namiq Həsənov, Rafiq Qurbanov və Rasim Rüstəmov oxşar məzmunlu ifadə veriblər. Onlar A.Abdullayevi tanımadıqlarını, maddi tələblərinin olmadığını, mənzillərin hələ də təhvil verilmədiyini məhkəmənin nəzərinə çatdırdılar.
Sonra şahid qismində Şəfaət Həsənov dindirildi. Şahid ibtidai istintaqa verdiyi ifadəsinin təhrif olunduğunu, həmin ifadənin əsassız sayılması ilə bağlı məhkəməyə müraciət etdi: “Orada mənim demədiyim şeyləri yazıblar. Düzgün ifadəni indi verirəm. 2008-ci ildə Rusiyadan Azərbaycana gəldim. “AMAY” şirkətinə işə düzəldim, o vaxt Abdulla müəllimi tanımırdım. Şirkətdə briqadir işləyirdim. Şirkətdə işləyən Qəzənfər adlı dostum mənim adıma firma yaradılaraq bankdan kredit götürülməsini təklif etdi, razılaşdım. “Leqal biznes” firması təsis olundu. “Texnikabank”dan 2 milyon yarım kredit götürüldü və “AMAY”-ın tikintisinə sərf olundu. Bir il sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırıldım. Müstəntiq Azad Fətullayev məni qəbul etdi, ifadəmi aldılar. Mənə dedi, yaz pulu alıb vermişik Abdulla Abdullayevə. Dedim ki, qol çəkmişəm, amma pulu götürməmişəm, qalıb bankda”.
A.Abdullayev yerindən replika verdi: “Heç 2 milyon yarım məbləği bir nəfər apara bilərmi? 90 kiloqram eləyir”.
Şahid istintaq zamanı psixoloji təzyiqlərə məruz qaldığını dedi: “Mənə deyirdilər ki, səni tutacağıq, həbs edəcəyik, hətta təhqiramiz ifadələr də işlədirdilər”.
Dövlət ittihamçısı Fərid Nağıyev şahiddən hansı səbəbdən kredit götürmək üçün “Texnikabank”ı seçdiklərini soruşdu.
Şahidin yerinə sualı A.Abdullayev cavablandırdı: ““Texnikabank”ı da mən seçmişəm, siz götürmüsünüz, götürülən vəsait lazım olan yerə də xərclənib. Deyin də, düzünü danışın. Əgər mənə yaxşılıq etmək istəyirsinizsə, hər şeyi olduğu kimi deyin”.
A.Abdullayev yenidən sual-cavaba qoşularaq bildirdi ki, həqiqətən də müxtəlif şəxslərin adına firma yaradılıb, kredit götürülərək tikintiyə sərf olunub və sonradan ödənilib: “Burada heç bir qanunsuzluq yoxdur. 10 ildir məhkəmə və istintaqda ifadə verirsən. Düzünü danış. Demişdilər, kredit götürün “AMAY”-ı tikin, biz də tikmişik. Niyə qorxursunuz düzünü deməyə? Bunlar xoxandır, nədir?”
Hakim isə şahidi heç kimin qorxutmadığını, elə istintaqda verdiyi ifadəsini də məhkəmdə təkrarladığını bildirdi.
Şahid qismində məhkəməyə dəvət olunan A.Abdullayevin köməkçisi Rəfael Yaqubov istintaqa verdiyi ifadəsini təsdiq etdi. Bildirdi ki, onun adına firma yaradılması barədə Elşən Novruzov (təqsirləndirilən şəxs-red.) tərəfindən təklif olunub, həmin firma vasitəsilə bankdan kredit götürülüb, AMAY-ın tikintisinə sərf olunub və borc bağlanıb. Şahid sənədləşmədə iştirak etdiyini desə də pulun alınmasında onun iştirakı olmadığını vurğuladı.
Digər şahid, “AMAY”-da çayçı işləyən İlham Məhərrəmov məhkəməyə verdiyi ifadəsində təqsirləndirilən Elşən Novruzovun təklifi ilə adına firma təsis etdiklərini, “Texnikabank” dan kredit götürərək “AMAY”-ın tikintisinə sərf olunduğunu və borcun ödənildiyini göstərdi. Şahid Nizami İmanıyev isə istintaqda ondan “AMAY” ticarət mərkəzində olan əmlakları ilə bağlı ifadə aldıqlarını dedi. O, ifadəsində həmin əmlakların “Texnikabank”dan götürülən kreditlərə girov təminatı olaraq təqdim olunduğunu məhkəmənin nəzərinə çatdırdı.
A.Abdullayev replika verdi: “Oğurlamışıq da, sonra isə qaytarmışıq da...”
Şahid qismində məhkəmədə ifadə verən Əsgər Budaqov bildirdi ki, A.Abdullayevlə dostdurlar. “AMAY”-ın işçisi olmasa da “AMAY”-ın tikintisinə sərf olunması üçün 6 dəfə 1,5 milyon kredit götürüb və borc bağlanıb. Qaradağdakı sement zavodunda direktor müavini işləyən Natiq Məmmədov A.Abdullayevlə qohum olduqlarını dedi və oxşar ifadə verdi. O, “Nəcəf Şərif” firmasını təsis etdiklərini, “Texnikabank”dan kredit götürərək “Birlikbank”a verdiklərini dedi.
Şahid Tahir Rzayev məhkəməyə eyniməzmunlu ifadə verdi. O, “Gülüstan” firmasının təsisçisi olduğunu, 800 min manat kredit götürüldüyünü və borcun ödənildiyini bildirdi: “Kredit götürüb, bina tikilib. Hamısı “AMAY”-ın tikintisinə sərf olunub. O boyda bina öz-özünə tikilməyib ki...”
A.Abdulla “AMAY” şirkətinin ölkədə ideal şirkət olduğunu dedi.
Şahid qismində dindirilən “Xudafərin” MMC-nin meneceri Anar Məmmədov bildirdi ki, o da “Əqidə” MMC adlı firma təsis edərək bankdan kredit götürüb və pul “AMAY”-ın tikintisinə sərf olunub. O, həmçinin “Xudafərin” MMC ilə bağlı epizod üzrə də dövlət ittihamçısının suallarını cavablandırdı. Bildirdi ki, həmin vaxt “Xudafərin” MMC-də mənzilin 1 kv.m 150-200 dollara olub. Tikintinin gecikməsi ilə bağlı qeyd etdi ki, birdən-birə kəskin bahalaşma və infilyasiya olduğu üçün tikintini vaxtında başa çatdıra bilməyiblər. A.Abdullayev çıxış edərək dedi ki, “Xudafərin” MMC-də 300 mənzil var. Gecikmənin bir səbəbi də 2005-ci ildə “AMAY”-ın yeni binasının tikintisi ilə bağlı olub: “Sakinləri yığıb dedim ki, maliyyələşdirə bilmirəm. Çünki hələ tikintidən əvvəl demişdim ki, kimin nəyə gücü çatırsa, o qiymətə də verin, hamı ev sahibi olsun. O vaxt kvadratmetri 150 dollara ev heç yerdə yox idi. 57 min kv.m binanı istintaq 7 milyon 700 min manata qiymətləndirib. 150 dollara o vaxt heç “salaməleykum” eləmirdilər”.
Hakim “siz iqtisadiyyatla yox, xeyriyyəçiliklə məşğul olmuşunuz, nətəcəsi də budur” dedi.
Şahid Anar Məmmədov qeyd etdi ki, məhkəmədə zərərçəkmiş kimi ifadə verənlərin əksəriyyəti yalan danışırlar: “Bayaq dindirilən üç nəfər bir qəpik də ödəməyiblər”.
A.Abdullayev şahidin sözlərini təsdiqlədi: “Mənim bir işçim var idi. Dedi ki, qardaşımın borcu var, öldürürlər. 14-15 mənzil ver, borcu bağlayaq, sonra pulunu verərik. Mən də tapşırdım, verdilər. Amma pul ödənilmədi. Əksinə, həmin şəxs mənim pulumla özünə Türkiyə ev aldı, iş qurdu. Belə hallar bizdə çox olub”.
Vəkil Osman Kazımov binanın gecikməsinin obyektiv səbəbləri olduğunu məhkəmənin nəzərinə çatdırdı: “Hamı bilir ki, bina tikintisində pul hara gedir. “Texnikabank”ın pulu ödənilib, onun davasını niyə eləyirsiniz? Bu işdə qanunsuzluq var, məhkəmə də buna göz yumur. Dəfələrlə vəsatət vermişik, qəbul etmirsiniz. Prokuror açıqlama versin görək 269 nəfəri bir qərarla necə zərərçəkmiş qismində tanıyıblar. Nəyin necə olduğunu hakimlər də, prokuror da yaxşı bilir”.
A.Abdullayev vəkilinin çıxışına replika əlavə etdi: “Elə mənim işimi də azərbaycansayağı eləsinlər, iki-üç prosesdə yekunlaşdırsınlar, mən də çıxım gedim”.
Məhkəmə prosesi mayın 15-ə kimi təxirə salındı.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.