“ANS-in yeri görünür”
26-10-2016, 16:40
18 iyul 2016-cı il tarixi... Azərbaycanda kifayət qədər tanınan saytlardan birinin jurnalisti ANS-in müxbirlərindən birini qınayaraq, məlumatları insanlara çatdıran zaman sözü axıra qədər deməməsindən şikayət edirdi....Özümü saxlaya bilmədim. Həmin müxbirlə “Guya ANS-dən başqa hansı kanal nə deyir ki?”- mövzusunda mübahisə etməyə başlamışdım. Emosional “çıxışımın” ardından həmin jurnalist geri addım atıb, mövzunu dəyişdi. Elə həmin gün axşam ANS bağlandı....
Maraqlıdır ki, həmin saytın jurnalisti sonradan, ANS bağlanandan sonra ( bu sözü yazdığıma inana bilmirəm-red.) ANS-in bütün məhkəmələrində iştirak edirdi. Özü də çox böyük bir ürək ağrısıyla. Məhkəmələrdə onunla göz-gözə gəldikdə hər dəfə baxışları ilə məndən üzr istəyirdi.
Yazıq....Nə bilsin ki, Azərbaycanda Televiziya jurnalistikasının əsasını qoyan, Qafqazın ilk müstəqil telekanalı, ANS bağlanacaq?! Təkcə mən işlədiyim bu 10 il ərzində artıq ikinci dəfədir ki, ANS bağlanıb. Hər dəfə bu “qulaqburmalarını” bir ana-ata “silləsi” kimi, “vursa da məni sevir” prinsipi ilə qəbul edirdik. Çünki biz böyüklərimizdən belə görmüşük. Biz Çingiz Mustafayevin əlində kamera tağım komandiri kimi əsgərləri ruhlandırdığını, Vətənin keşiyində dayandığını, aprel döyüşləri zamanı Vahid Mustafyevin, Mir Şahin Ağayevin əsgərlərin yanında olduğunu, gecə və gündüz demədən işlədiklərini görərək böyüyən nəsilik. Livan kimi qaynar nöqtələrdə öz həyatını təhlükəyə ataraq adi bir müxbir kimi çalışan bir kanalın rəhbərliyi Türkiyə kimi qardaş bir ölkədə terrorçuluğa dəstək vermək də günahlandırılır. Buna heç kim inanmaz! Tükiyədə hərbi çevrilişə cəhd olan günü Türkiyənin Azərbaycandakı səfirini hər saat efirə çıxaran, müxbirləri əllərində Türkiyə bayraqları bu ölkənin Azərbaycandakı səfirliyi qarşısına gedərək, ora gül dəstələri düzən bir kanal bunu niyə etsin ki?!
Əziyyətini Azərbaycan xalqı olaraq BİZ çəkirik. Xəbərə ac qalmış Azərbaycan! “Biz daha televizora baxa bilmirik”, “Xəbərlərə baxa bilmirik”, “ANS-in yeri dolmur!” deyən Azərbaycan xalqı. Hamımızın gözü yoldadır. Bu dəfəki “qulaq burması” daha ağrılıdır. Nə qədər ağrılı olsa da biz “böyüyümüzün”, Vətənimizin, Dövlətimizin keşiyində dayanmağa, xəbər aclığını dəf etməyə hazırıq. ANS-i xalqa qaytaraq!
Səbinə Talıbova