Eldar Mahmudovun vəhabilər üçün açıq qoyduğu qapı... - Sabiq nazir izlətdiyi vəhabiləri həbsin bir addımlığında niyə xilas edib?

26-10-2016, 16:51           
Eldar Mahmudovun vəhabilər üçün açıq qoyduğu qapı... - Sabiq nazir izlətdiyi vəhabiləri həbsin bir addımlığında niyə xilas edib?
Sabiq MTN rəhbəri Eldar Mahmudovla bağlı Moderator.az-a ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, E.Mahmudov və dəstəsi uzun illər sözün həqiqi mənasında vəhabi biznesi ilə məşğul olub. Vəhabi qrupları və bu qruplara üzv olan şəxslərlə bağlı ətraflı informasiya toplayan E.Mahmudovun dəstəsi əldə etdikləri informasiyanı maraqlı üsulla pula çevirib.
Belə ki, daha çox vəhabilərlə yeni əlaqə yaradan, onların toplantı və tədbirlərində yeni-yeni görünməyə başlayan gəncləri həbs edərək istintaqa cəlb edən Mahmudovçular, qısa zamanda həmin şəxsin ailə üzvləri, qohumları ilə əlaqə yaradır, yaxınlarının “dəhşətli cinayətə” yol verdiyini və uzunmüddətli həbs cəzasına məhkum ediləcəyini diqqətə çatdıraraq onları “danışığa” dəvət edib. Həbs edilən şəxsin ailə üzvləri və doğmaları ilə söhbət əsnasında onlara bildirilib ki, yaxınlarının təmasda olduğu vəhabi qrupu ölkənin ən qatı və radikal, terrora meyilli vəhabi qrupudur və bu qrupun bütün üzvləri uzunmüddətli həbs cəzası alacaq.
Söhbət əsnasında saxlanılan şəxsin yaxınlarına bildirilib ki, “müstəsna hal” kimi onların doğmalarını azad etmək olar. Lakin bunun üçün “yuxarıları” razı salmaq lazımdır. Bunun üçün isə “yuxarıların” istədiyi pulu ödəmək lazımdır ki, bu ödəniş bir çox hallarda “müqəssir yaxınlarının” obyekt və evləri ilə vidalaşması hesabına reallaşıb. Külli miqdarda pul qarşılığında azad edilən şəxslərə bir daha vəhabilərlə əlaqə yaratmamaq, onlardan mümkün qədər uzaq qaçmaq tövsiyyə edilib.
Bilgili qaynağın məlumatına görə, E.Mahmudovun dəstəsi “çörək ağacından” məhrum olmamaq, “işıq gələn yerə barmaq tıxamamaq” üçün vəhabi qruplarına rəhbərlik edən şəxsləri həbs etmir, bütün əməliyyat bu qruplara yeni daxil olan şəxslər üzərində qurulurdu. Problemi həll etməkdənsə, ondan faydalanmağa qərar verən MTN-çilər bu yolla insanların azadlığına əl qoyub, daha sonra bu azadlığı onların özünə satmaqla “kasıblığın daşını atmağa” çalışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.