Keçmiş maliyyə nazirimiz 4 ölkə prezidentinə müraciət etdi - analoqu olmayan təklif
3-10-2015, 13:16
Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədov 4 ölkə prezidentinə müraciət edib. O, həmin müraciəti müsavat.com-a ünvanlayaraq, ictimailəşməsini istəyib. Musavat.com Saleh Məmmədovun müraciətini olduğu kimi dərc edir:
****
Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarına,
Qazaxıstan Respublikası prezidenti, Nursultan Nazarbayev cənablarına,
Türkiyə Respublikasının prezidenti, Recep Tayyip Erdoğan cənablarına,
Türkmənistan Respublikasının prezidenti Qurbanqulu Berdimuhammedov cənablarına
Hörmətli prezidentlər,
Bu gün dünyada hadisə və proseslər çox sürətlə inkişaf edir və cəmiyyətdə dövlətlərimizin mövqeyini möhkəmlətmək üçün analoji tədbirlərin görülməsi zərurəti yaranır. Ölkələrimizin yüksək sürətlə inkişafını təmin etmək üçün ciddi tədbirlər almaq lazımdır. Yüksək inkişaf isə birinci növbədə böyük investisiyalar və uyğun olaraq maliyyə resursları tələb edir. Dünya düzənində paradoksal vəziyyət alınıb: Sovet sistemi dağıldıqdan sonra əmtəə bazarında qiymət və resursların bölgüsündə bərabərlik yaransa da maliyyə və pul bazarlarında çox böyük qeyri-bərabərlik davam etməkdədir. Əmtəə bazarlarında qiymətlər 20-30% amplitutunda fərqlənirsə, maliyyə və pul bazarlarında - (faizlər) 5-10 dəfə fərqlənir. Əsas maliyyə və pul resursları inkişaf etmiş Qərb dünyasında cəmləşmişdi, inkişaf etməkdə olan ölkələrimiz isə maliyyə qıtlığında boğulur. İnkişaf etmiş Qərb ölkələrində hazırda 20 trilyon dollar sərbəst pul vəsaitləri var və bu vəsaitlərin formalaşmasında ölkələrimizin ciddi rolu var. Valyuta rezervlərimizin əsas həcmi Qərb ölkələrində saxlanılır. Halbuki, ölkə içində maliyyə vəsaitlərinə böyük ehtiyac var. Maliyyə bazarlarında vəsait bölgüsünü və pulun qiymətini (faizini) Qərb ölkələri səviyyəsinə çatdırmadan inkişaf etmiş ölkələr səviyyəsinə qalxmamız mümkün deyil. Bu məqsədlə təklif edirəm:
- İlkin olaraq 4 ölkənin (Azərbaycan, Qazaxıstan, Türkiyə, Türkmənistan) iştirakı ilə Valyuta Rezervləri İttifaqının yaranması haqqında beynəlxalq konvensiyanı hazırlamaq və onu imzalamaq. Konvensiya bütün ölkələrə açıq ola bilər və tələbləri qəbul edən hər hansı başqa ölkə üzv ola bilər;
- Üzv ölkələr valyuta rezervlərinin bir qismini qarşılıqlı olaraq digər üzv ölkələrin mərkəzi banklarında saxlaya bilər (eyni məbləği həmin ölkədən öz mərkəzi bankında saxlamaq şərtilə); məsələn, Azərbaycan digər hər üç ölkədə rezervlərin bir qismini (hərəsində 5 mlrd dollar, cəmi 15 mlrd dollar) Qərb banklarından çıxardaraq üzv ölkələrin Mərkəzi banklarında və ya dövlət nəzarəti olan iri kommersiya banklarında saxlaya bilər; eyni ilə qarşılıqlı olaraq eyni məbləği üzv ölkələrdən öz Mərkəzi bankında və ya Beynəlxalq bank, Kapital bank kimi etibarlı banklarda yerləşdirməsini istəyə bilər;
- Həmin vəsaitlərin istifadəsi yalnız investisiyaların kreditləşməsinə və ciddi xəzinə nəzarətində həyata keçirilə bilər. İstifadə təlimatları da yalnız konvensiyanın tələblərinə uyğun hazırlanmalıdır.
Belə bir tədbir nə verə bilər?
- Dünya maliyyə bazarlarında vəziyyəti tam dəyişə və "maliyyə məhsullarının" qiymətlərini bərabərləşdirə bilər. 15 mlrd Azərbaycanın (eləcə də digər üzv ölkələrin) kredit ehtiyatlarının həcminin, demək olar ki, iki dəfə artmasına gətirib çıxaracaq ki, bu da kredit faizlərinin ən aşağısı, iki dəfə azalması deməkdir;
- Ölkələrimizin hər hansı ciddi bir krizisi risksiz aradan qaldırmasına və sürətli inkişafa nail olmasına gətirib çıxara bilər. Məsələn Azərbaycan bazarına əlavə 15 mlrd vəsait daxil olması ciddi genişlənməyə və artıma səbəb olacaq;
- Bu, həm də valyuta və qızıl rezervlərinin saxlanılması zamanı meydana çıxan risklərin şaxələnmə yolu ilə, minimuma endirilməsinə səbəb olacaq. Rezervlər saxlanılan banklar heç də bu ölkələrin dövlətləri qədər sabit deyil;
- Üzv ölkələrdə maliyyə bazarlarının ciddi inkişafına, bank aktivlərinin artmasına, ÜDM -da onların payının tədricən Qərb ölkələri səviyyəsinə çatmasına və bütövlükdə maliyyə resurslarının Qərb ölkələrindən inkişaf etməkdə olan ölkələrə axışına səbəb olacaq.
Belə olan halda rezervlər həm ciddi rezerv rolunu və həm də sürətli inkişaf üçün investisiya mənbəyi rolunu oynaya bilir.
Hörmətlə, professor, doktor Saleh Məmmədov