13 yaşlı qızın dünyaya gətirdiyi uşaq körpələr evinə KÖÇÜRÜLDÜ – RƏSMİ
15-11-2022, 17:45
İki ay əvvəl Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı doğum evi) 13 yaşlı qızın körpə dünyaya gətirdiyini xəbər vermişdik. Hadisədən sonra 13 yaşlı qızın anası dünyaya gələn nəvəsindən imtina etdiyini açıqlamışdı.
Bizim.Media ana olan yeniyetmə və körpəsinin aqibəti barədə təfərrüatları öyrənib.
Məlum olub ki, 13 yaşlı qız Azərbaycan Uşaqlar Birliyi- Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Körpə isə 2 aydır Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı doğum evi) qayğıya möhtac yaşayır.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin rəsmisi Elvin Hacıyev saytımıza açıqlamasında hazırda sənədləşmə işlərinin yekunlaşdığını və körpənin bu gün 1 saylı Körpələr evinə köçürüləcəyini bildirib.
Qeyd edək ki, uşaq 13 və 15 yaşlı cütlüyün qeyri-rəsmi münasibətindən, 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib.
Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb və Təcili Tibbi Yardıma müraciət ediblər. Beləliklə biabırçı hadisə üzə çıxıb.
Azyaşlı əvvəl öz atasını itirib və anasının 3-cü evlilikdən olan ögey atası ilə yaşayırmış.
Alçina Amilqızı, Bizim.Media