Göyçay rayonunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şirvan bürosu xəbər verir ki, hadisə saat 00:30 radələrində, Ucar-Göyçay yolunda qeydə alınıb. Belə ki, Göyçay rayon Çayarxı kənd sakini, 1979-cu il təvəllüdlü Xəyal Xanlar oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb. X.Məmmədov hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, X.Məmmədov Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı olub. O, bu yaxınlarda daxili işlər nazirinin müvafiq əmri ilə işdən azad edilib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.