Günəşdə son 10 il ərzində ən güclü partlayış olub
16-05-2024, 12:04
Ötən həftəsonu Günəşdə güclü partlayışlar silsiləsi nəticəsində Şimal yarımkürəsinin bütün səması müxtəlif rəngə boyanıb.
Günəşdə son 10 ilin ən böyük partlayışı baş verib. CNN telekanalı xəbər verir ki, ABŞ-nin Kosmik Hava Proqnozları Mərkəzi bildirib ki, Günəşdən yayılan alov dalğası indiyə qədər qeydə alınan 17-ci ən böyük partlayışdır. Mərkəz xəbərdarlıq edib ki, bəzi radio ötürücülər və oxşar texniki avadanlıqlar güclü məşəldən təsirlənə bilər.
Alov püskürməsi gecə saat 1 radələrində baş verib və ən güclü növ olan "X" sinifli partlayış kimi qiymətləndirilib. Günəş alovları enerjili partlayışlardır və radio siqnallarının dəqiqələr, hətta saatlar ərzində kəsilməsinə səbəb ola bilər. Onlar "A" sinfindən "X" sinfinə qədər təsnif edilir, hər bir sinif öz kateqoriyasında 1-dən 9-a qədər ölçülür.
Mayın 14-də baş verən və güclü elektromaqnit qasırğası yaradan partlayışın 9-cu dərəcəyə aid olduğu bildirilir.
Xatırladaq ki, ötən həftəsonu Günəşdə güclü partlayışlar silsiləsi nəticəsində Şimal yarımkürəsinin bütün səması müxtəlif rəngə boyandı. İnsanlar ABŞ, Avropa, Kanada, Çində və digər ölkələrdə Şimal şəfəqinin parlaq təzahürlərinin şahidinə çevrildilər.
Mayın 10-da müşahidə edilən geomaqnit qasırğası G5 tarixi səviyyəyə çatıb. Bu isə G1-dən başlanan şkala üzrə ən yüksək səviyyədir.