Qoja tarix təpəmizə bir olayı çırpır, gözlərim kəlləmə çıxır - Ona görə də xalq ola bilmədik. TARİXİN BİR EPİZODU
8-04-2019, 06:55
Hacı Çələbi xan Şəkuvi
Qoja tarix təpəmizə bir olayı çırpır, gözlərim kəlləmə çıxır.
Oxuyub qanınızı qaraltmaya da bilərsiniz.
Deyir: "Azərbaycanda yeni yaranmış seperatçı xanların arasındakı ziddiyyətlərdən istifadə edən II İrakli
Qarabağın Pənahəli xanını, daha sonra
Gəncənin Şahverdi xanını,
Qaradağın Kazım xanını,
İrəvanın Hüseynəli xanını,
Naxçıvanın Heydərqulu xanını
öz tərəfinə çəkir, bu xan-gədalar da II İraklinin Şəki xanlığına qarşı birləşmək təklifini qəbul edirlər.
Bu xancıqlar 1752-ci ilin mart ayında Gəncə yaxınlığındakı Qızılqaya adlı yerdə görüşürlər. Ordular, döyüş havasında dururlar. Xançığazlar II İraklinin çadırına girən kimi "xəyanətkar" II İraklinin yaraqlıları onları çataxlayıb-noxtalayıb-toşaxlayıb-quşqunnayıb dustaq edirləəər.
İrakli bu yolla onları özündən asılı hala salmaq istəyib.
Niyə?
Niyəsi odur ki, bunlar da yaddırlar!
Axı bunlar da Şəki xanının soy-sopundan, irqindəndirlər! Döyüşdə xəyanət edə bilərlər! Nə dəxli var ki, bu gün birləşiblər! Bütün hallarda yaddırlar, düşməndirlər, yağıdırlar!
Öz soy-sopuna, irqinə qarşı çıxan qurnaz sabah öz qiryətinə-namusuna, vədinə asancalıqla tüpürə bilər.
Bu bədbəxtlərin sıra düzülüşü almış döyüşçüləri isə girov qalmış xancıqlarının xatirinə döyüşməyə məhkum olubmuşdular. Belə yerdə nənəm deyərdi, "Kül təpənə küt gedən oğul!"
Hacı Çələbi bu zaman indiki Mingəçevir şəhəri yaxınlığında düşərgə salıb Kürü keçməyə hazırlaşırmış. Xancıqların həbs edilməsini eşitdikdə məşvərət məclisi toplayaraq belə tapşırıq verir: “Nə qərar qəbul edirsinizsə edin, içərisində Kürü keçmək olsun”.
Məclis Hacı Çələbi xanın fikrini əsas götürərək xancıqların azad edilməsini qərara alır.
Xüləs, Gəncə yaxınlığında şiddətli döyüş olur, Hacı Çələbi II İraklinin qüvvələrini darmadağın edib Ceyrançöləcən qovur.
Hacı Çələbi o xancığazları bilirsinizmi neyniyir? Deyim, bilin!
Soyundurub ... hansı cinsdən olduqlarına baxmır...
"Süngü"sünün... üstündə ... oturtmur...
Xəncərini çıxardıb ... sifətlərində damğa, çapıq açmır...
Hacı Çələbi əlinə düşən bu fürsəti buraxır, torpaqları birləşdirib bu ərazilərdə güclü dövlət qurmur, qura bilmir. Niyə? Çünki tayfa-törək ağılı böyük dövlətçiliyimizi dağıtmışdı, hər kolun dibində bir xəyanət cücərdilmişdi.Düşüncələr xırdalanmışdı.
Amma “Qızılqaya xəyanəti” tarixin yaddaşında bir ibrət misalı olaraq qalır.
Bu boyda xəyanətə baxmayaraq Hacı Çələbi heç nə olmayıbmış kimi o xancıqları buraxır arvadlarının-uşaqlarının yanına. Onlar da sevincək evlərinə gəlirlər – ərəm deyib gəlirlər, kişiyəm deyib gəlirlər. Onların da arvad uşaqları ərlərinin, atalarının sağ qayıtmalarına, dərilərinin qanadılmadığına, hər yerlərinin toxunulmaz qaldığına sevinirlər. Nə miskin sevinc!!!
Xanların sağ qayıtmalarına rəiyyət qurbanlar kəsdi! Şadyanalıq etdi. Gəda-xanlar yenidən taxtda oturdular, Yenidən xalqa təşəxxüs göstərdilər, yenidən özlərinə xan dedilər, döyüşçü dedilər, ər dedilər...Xalq onlara bu olaydan sonra da xan dedi, baş əydi, etimad etdi, qulluq göstərdi... Nə miskin, nə iyrənc cəmiyyət düşüncəsi...
"... Qəza məndən ötsün dedi,
ötən kimi mən-mən dedi!
Mən-mən dedi bir ölkədə nə qədər xan!
Onlar mən-mən deyən yerdə
sən olmadın, Azərbaycan!!!"
Mən o hadisədən 267 il keçsə də Hacı Cələbini ŞİDDƏTLƏ qınayıram!
Hacı Çələbi “Qızılqaya xəyanəti”-nin cəzasının ibrətini də tarixdə yarada bilərdi. Yaratmadı. Yəni xəyanətkarları şaqqalaya bilərdi, şaqqalamadı! Üzdəniraqların yerinin harada olduğunu göstərə bilərdi, göstərmədi!
Camaat da 267 ildir düşünür ki, nə pox yeyirsən ye, yenə də həmin adamsan.
Ona görə də xalq ola bilmədik.
Alisafa Mehdi
Teref.az