ALLAHVERDİ BAĞIROV VƏTƏN OLDU!

23-04-2019, 16:23           
ALLAHVERDİ BAĞIROV VƏTƏN OLDU!
Aqil ABBAS |

Mən buna Tanrıya inandığım qədər inanıram. Allahverdi Ağdam boyda Ağdamıydı! Allahverdi Qarabağ boyda Qarabağıydı! Allahverdi elə Azərbaycan boyda Azərbaycanıydı!

157 minlik bir rayonu öz arxasınca Vətən yolunda, torpaq yolunda, namus yolunda döyüşə apara biləcək və aparan bir şəxsiyyət idi. Allahverdi şəhid oldu və Ağdamın beli sındı.

Mən «Dolu» romanında Allahverdi Bağırovun obrazını yaratmışam! Komandir! Və əsərdə onu öldürməyə əlim gəlməyib. Bir dayım vardı, tez-tez deyərdi: «Allahın elə işlərini bilirəm, desəm, qan düşər!» Allahverdi Bağırovun ölümü də, əstəğfürullah, Allahın qan düşə biləcək işlərindən biriydi ki, necə ki Qarabağda o qanlar töküldü.

Əsərdə də Allahverdinin dili ilə, yəni Komandirin dili ilə Nitsşenin məşhur bir fikrini söyləmişəm.

Komandir:

- Nitsşe deyir ki, öləcəyəm, məni bu torpağa basdıracaqsız və mənə görə bu torpağı sevəcəksiz. Biz nə qədər ölməliyik ki, bu torpağı sizə sevdirə bilək?!

Allahverdibağırovlar, fredasiflər, şirinmirzəyevlər, generalərşadlar, əliyarəliyevlər, vəzirorucovlar, ramizqənbərovlar, ata-bala Yaqub və canpoladrzayevlər bu Vətən yolunda şəhid olub torpağa qarışdılar ki, bizə bu torpağı, bu Vətəni sevdirsinlər.



Və sevdirdilər də! İnşallah, Qarabağ uğrunda yeni bir savaş başlayacaq və papaq altda yatan allahverdibağırovlar, fredasiflər, əliyarəliyevlər… bizi son döyüşə aparacaqlar.

YA QARABAĞ, YA ÖLÜM,

BAŞQA YOLU YOX ARTIQ!

Yuxarıda adlarını çəkdiklərim, eləcə də adlarını çəkmədiyim şəhidlərimiz nə cənnətdədilər, nə cəhənnəmdə! Onlar Qarabağdadılar! Və bizi gözləyirlər!

Kim Allahverdi Bağırovu daha yaxşı tanımaq istəyirsə, «Dolu» romanını bir də oxusun, «Dolu» filminə bir də baxsın. Bunu özümü tərif üçün yazmıram, nə də reklam üçün. Allahverdi Bağırovu və allahverdibağırovları bir daha bu millətə tanıtmaq üçün yazıram.

Allahverdi Bağırov və allahverdibağırovlar, gələcəyik! Sizinlə bir yerdə Cıdır düzündə bir «Yallı» da oynayacağıq.

P.S. Qarabağ qazisi Asəf Quliyevin Allahverdi ilə bağlı bir yazısını da həm saytımızda, həm də qəzetdə sizlərə çatdırırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.