BAHOOO ! İŞƏ DÜŞMƏDİK? -YUNUS OĞUZ YAZIR

22-06-2019, 08:24           
BAHOOO ! İŞƏ DÜŞMƏDİK? -YUNUS OĞUZ YAZIR
Felyeton

Deməli, dırnaqarası gözəl dostlarımız var. Bir nazir müavini vardı, məni görəndə nazir dostuma görə az qalırdı hər tərəfimi yalasın: “Qardaş (qardaşa bax e…), burda oturma, orda otur”. Bir gün nazir dostumu (vəzifə əbədi deyil) işdən çıxartdılar. Bir müddətdən sonra işim düşdü bu müavinə. Getdim yanına. Yenə öpüşdük, görüşdük. Xahişim də millət məsələsi idi. Özüm haqqında kimsəyə heç zaman heç nə xahiş etməmişəm. Gördüm bunun burnu yerlə gedir. Dedi ki, məndən heç nə xahiş etmə! Sular dəyişib, axar dəyişib, indi başqa nazir gəlib. Cavab verdim ki, sular dəyişə bilər, amma bu suyun nə mənbəyi, nə də mənsəbi dəyişib. Dövlət həmən dövlətdir, prezident həmən prezidentdir. Üzümə təəccüblə baxdı və susdu. Yəni, “mənlik deyil”.

İşə düşmədik… bahooo…

Sən demə, bu dırnaqarası dostumu heç tanımamışam ki? Təzə nazir gəldi, müavin bu dəfə ona yarınmağa başladı. Təzə nazir də mənim əski dostum. Bir dəfə mənə zəng etdi ki, hardasan? Dur gəl filan yerə. O dırnaqarası dostum- müavin hələ bilmir ki, biz köhnə-təzə nazirlə dostuq.

Əlqərəz, görüşdük, öpüşdük, ordan-burdan söhbət etdik. Söz gəldi çıxdı bu müavinin üstünə. Nazir məndən rəy soruşdu.

Dedim:

Bahooo! Nə gözəl bahooolarımız var.
Nazir sarkazmı başa düşdü. Dedi ki, sabah saat on birdə kabinetimdə gözləyirəm. “Xeyir olsun”un sualıma cavab vermədi. Dedi ki, gələrsən, görərsən.

Düz on birə beş dəqiqə qalmış kabinetinin ağzındaydım. Katibə məni görən kimi ayağa durdu və əzilə-büzülə dedi ki, keçin içəri cənab nazir sizi gözləyir.

Şəstlə qapını açdım. Nazir məni görən kimi ayağa durdu (hörmətə bax e..!)

Əleykdən sonra oturdum.

Təzə nazirə “Bahoo”nun mənasını anlatmışdım. Xoş-beşdən sonra əlini selektora atıb birinci müavini çağırdı:

Gəl təcili yanıma!
Beş dəqiqədən sonra əvvəlcə müavinin başı, daha sonra əzəmətli gövdəsi göründü:

Çağırmısız, cənab nazir? – Müticəsinə dilləndi. Elə bil həmin adam deyildi.
Gəl, gəl, – nazir gülümsünüb onu içəri dəvət etdi.
Adam məni görəndə tamam özünü itirdi. Məni duz kimi yalamağa başladı. “Ə, sənə qurban olum, necəsən?” dedi. Doğrusu, mən də özümü itirdim. Mil durmuşam, nə etmək istədiyimi bilmirəm. Vəziyyətdən məni nazir çıxartdı. Müavininə “”Bahooo” , gəl otur”-söylədi.

Müavin “Bahooo” sözündən heç nə anlamadı.

Bağışlayın, cənab nazir! – Dedi.
Nazir isə gülümsünüb söylədi.

Mən Mirzə ilə köhnənin dostuyam. Əgər, o bahooo sözünü deyirsə, deməli hökmən “mənbə” və “mənsəb” məsələsini də ortalığa ata bilər. Yəqin ki, sənlə bu söhbət olub, eləmi?
Məmur-müavin başını aşağı salıb susdu…

İndi bu məmur məni harda görür, duz kimi yalayır, keyfimi elə soruşur ki, elə bil səhərə qədər onunla yeyib içmişəm. Özü də elə yalayır ki, sanki üzüm arağın üstündən onun üçün duzlu limondur.

Mən də hər onu görəndə gülümsünüb deyirəm:

Bahooo! İşə düşmədik?. Yəni mənbə və mənsəb məsələsi var.
Ümumiyyətlə bu bahooolar bir neçə dəfə məni işə salıb. Məsələn, bilirəm ki, xalqım istedadlı xalqdır. Hər şeydən və hər zaddan pul qazanmağı bacarır. Bunu məzə üçün demirəm ha.. Söylədiyim tüm doğrudur. Arada maliyyəmiz imkan verəndə, yaxud xaricə dəvət alanda dostlardan soruşduğum sözlərdən biri də bu olur ki, buradakı azərbaycanlılardan fəhlə işləyən var? Demək olar ki, yox dərəcəsindədir. Amma, hamısı vətəndəki əqrabalarına para göndərir. Deməli pul qazanmaq istedadı var xalqımın. İmkan versələr, vallah kosmosdan pul qazanar. Buna nə var ki? Aydan, Marsdan, lap lazım gəlsə Yupiterdən yer satar. Hansısa ulduza sənin adını verdirər. Gedib yoxlatdırmaq imkanın da yoxdur. Görürsən nə istedadlarımız mövcuddur?! Amma bir sahədə bizimkilər pul qazana bilmirlər – FUTBOLDA. Meydançalarda milyonlar fırlanır. Bizimkilərsə hər dəfə mərifətli və qəşəng-qəşəng uduzurlar. Bəlkə də bu milyonlara yaxın düşüblər, ona görə uduzurlar. Futbolun da o qədər lotu-potusu, mərci-dartışması var ki… Bir yerdə konkret olaraq dedim ki, bizdə futboldan pul qazanmaq istedadı yoxdur.

Bahooo, işə düşmədik?

Üstümə elə daraşdılar ki, sanki stadiona tökülən pulları mən yığıb harasa çuvallarla daşımışam. Dilim-dilim olasan dilim!

Bu silsilədən birini də deyim, ta bəsdir!

Deməli, bir dostum xaricdən gəlmişdi, özü də Avropadan. Burdakı qiymətləri bilmirdi, həm də hallı-kallı idi. Şəhərdə gəzirdik. Küçə ticarətilə məşğul bir qadından iki portağal almaq istədi, hərəmizə bir dənəsini. Dostum Qeyrət çıxardıb arvada on dollar verdi və soruşdu:

– Xala, bu bəs edər?

Mən də onunla məzələndim:

-Beydulla, on dollara beş kilo portağal almaq olar. Neynirsən?

Bahooo! İşə düşmədik?

Arvad üstümə düşdü, nə düşdü;

– Beydulla qardaş özü bilər. (Elə bilib adı Beydulladır). Sənin pulunu vermir ki, öz pulunu verir.

Qəşş edib oradan ayrıldıq.

Bu silsilədən gördüklərim və xatirələrim çoxdur, amma qorxuram işə düşərik.

Bahooo..! Daha yazmıram, qələmim də işə düşər.

19.06.19












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.