Nöqsanlar aşkar ediləndə- YUNUS OĞUZ yazır

19-08-2022, 16:55           
Nöqsanlar  aşkar ediləndə-
YUNUS OĞUZ

FELYETON

Son zamanlar məni bir cümlə ürpədir: nöqsanlar aşkar edilib, filan yerdə...Ay canım, nə qədər nöqsanlar aşkar edilər? Özü də nöqsan yox, nöqsanlar, yəni cəm şəklində..Kimsə səhv edib işində, yenə...yenə...,yığışıb nöqsanlara çevrilib.Bəlkə heç səhv etməyib, bilə-bilə edib? Hə,qardaş, burada Əslinin yaxasının düymələrini aça bilmədiyindən Kərəmi ağlamaq yox, od tutub."Yanğınsöndürənlər"gələnə qədər yazıq külə dönüb.Əsli də başını bulaya-bulaya evinə qayıdanda ürəyində deyib: "Hayıf Kərəmdən! Yaxşı odlanmağı vardı."Bax, burada "yanğınsöndürən" neynəsin? Adam alışa-alışa yanıb külə dönüb.Əgər Kərəm bilmədən o düymələri açmayıbsa, nöqsandır.Yox bilə-bilə bunu etməyib özünü oda veribsə, hə, bu artıq korrupsiyadır.Bununla da bizim korrupsiya idarəsi məşğul olur.Hə,nöqsan ayrı, korrupsiya ayrı.

Yadıma sovetlərdən qalma bir lətifə düşdü.Deməli, iki nəfər görüşür, biri o birisindən soruşur:

-Qardaş,əgər mən bu sovet hökumətindən razıyamsa,rahat yaşaya bilərəm?

Həmsöhbəti ona cavab verir:

-Razısansa, səninlə "obexis"( iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsi)məşğul olacaq, razı olmağının səbəblərini araşdıracaq.

O birisi bir qədər fikirləşib yenə soruşur:

_Bəs əgər bu hökumətdən razı deyiləmsə, onda necə olacaq?

Həmsöhbəti düşünmədən deyir:

-Onda səninlə KQB (Dövlət Təhlükəsizlik Komitəsi) maraqlanacaq.

İndi biz də həmin dövrün elə bil orta pilləkanında oturmuşuq. Sadəcə olaraq, indi bizdə adlar dəyişib. Səhv buraxdın, Hesablama Palatası məşğul olur. Nöqsan da isə artıq məsələ böyüyür, gedib çıxır korrupsiya ilə mübarizə idarəsinə. Hə, bu məsələ bir az da böyüsə, şişsə, genəlsə, onda Dövlət Təhlükəsizlik Xidməti acı bağırsaq kimi uzanan bu böyümənin, şişmənin, genəlmənin qarşısını alır, ictimai təhlükəyə çevrilməsinə imkan vermir. O zaman gözünə döndüyüm "qara niqablılar" kəsir nöqsan edənin başının üstünü. Nə yemisən, turşulu aş. Yox, yox, elə fikirləşməyin ki, onlar nöqsan edəni eşşək sudan qayıdana kimi çırpırlar. İndi naftalin iyi verən metodlardan çoxdan, bilmərrə əl çəkmişik. İndi iyirminci əsrdə qalan bu iyrənc, ürək bulandıran, adamın gözünün odunu alan üsullara hacət yoxdur. İndi daşdan keçən faktlar və yeşik-yeşik xarici valyutalar adamın gözünü və başqa yerini tikan kimi deşdiyindən keçən əsrin əzab üsulları lüzumsuz kimi görünür.

Bir də görürsən elə xəbərlər sızdırırlar ki, adamın dəymişi dura-dura, kalı tökülür. İçindən od tutub yanmağa başlayırsan. Buna "yanğınsöndürən" neyləsin? Kərəm olma, odlanma, otur-oturduğun yerdə də...

Bax, yazırlar ki, uşaq bağçalarında nöqsanlar aşkarlanıb. Guya yeməklərin pulunda mənimsəmələr var. Ay qadan alım, uşaq bağçalarında, məktəblərdə nöqsanlar olar də. Çünki, bu müəssisələr ictimai yerlərdir və dövlətimizin gələcəyi bu uşaqların əlindədir. Hər uşağa gələcəyi etibar etmək olmaz ki. Ələnməlidir, öyrədilməlidir, mövcud mühitə uyğunlaşmalıdır. Dövlətin büdcə borusunu hər uşağın ağzına dürtüş- dürmək olmaz,əks-təqdirdə özündənrazılıq yaranar, adam özünü əvəzolunmaz hesab edər,çevrilər "yanğınsöndürən"ə.Səhvsiz,nöqsansız yer olmaz.Yoxdursa,deməli,ora qəbirstanlıqdır,ölü sükutu olan bir yerdir. Doğrusu, qəbirstanlıqlara ölü sükutu olan yer deməyə adam utanır. Qəbirstanlıqların böyür-başı restoranlarla doludur.Zalım uşaqları gecələr elə çal-çağır edirlər ki, deyirsən indicə dirilərlə yanaşı ölülər də durub rəqs edəcəklər.Deyəsən oynayırlar da,çünki bu restoranlarda iynə atırsan, adam əlindən yerə düşmür.

Büdcə borusuna əmzik yapışdıran təkcə uşaq bağçaları, məktəblər deyil ki...Özü də bu əmzikləri bizimkilər icad eləyiblər.Belə şeylərdə biz bacarıqlıyıq.Bu əmzik üçün elə yapışqan düzəldiblər ki, onu büdcə borusuna yapışdırdınsa, bir daha, ta ölənə qədər qopmaz.Əm ki əməsən. Ölkəmizdə heç buğdada da o yağışqanlıq yoxdu. Nə olardı,icad etdiyiniz o yapışqanı taxıl sahələrinə də tətbiq edin ki,xaricdən bu qədər taxıl alıb gətirməyək.

Hələ siz bu kənd təsərrüfatına baxın! Ora elə əmzik qoyublar ki,şeytan da ora öyrənməyə gəlir.Biçinqabağı əmzik şüşəsini doldurmasan,Yezid,Şümür kimi suyun qabağını elə kəsir ki, yazıq fermer Əli aşından da olur,Vəli aşından da..Bunun hələ gübrəsi var,"solyarkası" var,nə bilim nələri,nələri var,hamısı da əmziklərdən keçir.O gün biri tv-də çıxış edib deyir ki,bəs mənə yelli(yəni doğmağa hazır olan)inək əvəzinə qısırını(doğa bilməyən)soxuşdurublar.İstəmirəm inəyinizi,gəlin aparın.

Nöqsanlarımız çoxdur,ancaq bunları aşkar etmək çox çətindir,çünki mütəxəssimiz çatmır.Yaxşı mütəxəssis olanda da özü bilə-bilə nöqsan buraxır.

Bəs nə bilmişdiniz?

O de, qabaqlar universiteti bitirəndən sonra, uzağı bir aya diplomunu ala bilərdin. İndi bu diplomu bir ildən tez ala bilməzsən. Niyə? Çünki, əmzik şüşəsini doldurmalısan. A kişi, belə dərd olar? Onsuz da bu uşaq pulunu verib, oxuyur da. Day buna diplomla axırıncı zərbəni sən niyə vurursan? Uşaq universiteti qurtaranda ata-ana baxır ki, lüt-üryan qalıblar, çapılıb talanıblar. Onlar da məcbur olub işlədiyi yerlərdə nöqsanlar buraxırlar. Öz əmziklərini borulara yapışdırmağa məşğul olurlar.

Hələ bu banklara baxın! Elan verir ki, 15-20 faizə istədiyin qədər kredit verirəm. Ay kişi, sən Allah bizi güldürmə! O krediti götürən özü o faiz qədəer qazanc əldə edəcəkmi? İndi bütün dünyada 7-12 faiz gəlir əldə edilir. Deməli, kredit götürən sənə işləyəcək, üstəlik borclu da qalacaq. Sən Allah belə dərd olar? Bəs neyləməlidir? Nöqsanlar içində itib-batmalıdır. Əlini də yelləyib, deyəcək: Harada qırıldı, qırıldı.

Əlbət, bir gün qırılacaq. O da nöqsanlar aşkar ediləndə. Bəs nə bilmişdiniz? İnsan bəşər, bəzən çaşar. Çaşmaq səhvə dönür, nöqsana çevrilir. Bütün bunlar da aşkar ediləndə deyir ki, peşmanam.

Mən hələ o "Məhsul" stadionu satanlardan, akademiyada büdcə borusuna əmzik qoyanlardan yazmıram

Qəribə bir hadisə də baş alıb gedir. Bu da dövlət içində özünü dövlət hesab edən məhkəmələrdir. Nöqsanlar aşkar edilir, hakim ona iş kəsir. Bir müddət keçir, adam məhkəməyə müraciət edir ki, bəs mən nöqsansızam, mənə bəraət verin. Bəzən də bəraət alır. Yaxşı, bəs onda, o "qara maskalılar" o boyda dəlil-sübutla səni niyə qoltuq-qapaz eləmişdi? Əmlakın əməkdaşları elə sehrbazlıq edib ki, daha burada səhv, nöqsan olmur. Sənədləri elə yoxa çıxardırlar ki, orada nöqsan tapa bilməzsən. Çünki, hər addımları cinayətdir.

O gün Qəbələ regional idarənin rəisi Bağı "müəllimi" və bir-iki bələdiyyə sədrini tutub, damladılar.

Nə isə nöqsanlar aşkar ediləndə çalışın onu cinayətə yox, səhvə çevirin. O zaman sənə "yaxşı kişidir" deyəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.