Üçrəngli istiqlal bayrağına şeir yazan ilk şairimiz.!

1-10-2023, 11:44           
Üçrəngli istiqlal bayrağına şeir yazan ilk şairimiz.!
Bu bizik?!
Biz onun qəzəllıərini hər gün, hər saat radio və ekranlarımızdan, muğamat oxuyan və oxumayanların, hətda şəhidimiz Xudayarın ifasında da eşidirik... Belə götürəndə onun haqqında yazmaq elə yazmamaq kimidir. Ona görə də mən də eşitdiklərimi, bildiklərimi, Vikpedyanın verdiyi imkanlar daxilində təkrar redaktə edilmiş şəkildə sizlərə çatdırmaq istəyirəm.
...Ölümün bizdən ayırdığı elə sənət adamları var ki, onlar necə deyərlər, xalqımızın ürəyindən çıxıblar və heç vaxt yaddan çıxmırlar. Bu sırada çox az adam var. Bax, elə azlardan biri də bu gün vəfat günü olan, hamımızın Əliağa Vahid kimi tanıdığımız Əliağa Məmmədqulu oğlu İsgəndərovdur.
Bildiyiniz kimi, Vahid Bakının Masazır kəndində anadan olub. Ümumiyyətlə isə Vahidi paytaxt Bakımızın yetişdirib bütün Azərbaycanımıza bəxş etdiyi əvəzsiz bir düha heasb etsəm yəqin ki, yanılmaram...Babası Kərbalayi İsgəndər XIX əsrin ilk yarısının tanınmış Bakı el aşığı Aşıq Həsəni yetişdirmiş Masazır kəndindən, nənəsi Məşədi Pəricahan xanım isə Saray qəsəbəsindən olub. Anası- Səkinə xanım, atası isə Kərbalayi Məmmədqulu (bəzi ehtimalla, əsl adı Məhəmmədqulu) halal zəhmətlə dolanan əsl mömin dindar azərbaycalı olublar. Əbdülbağı və Əbdülsalam adlarında qardaşları olub. Bacısı isə olmayıb. Şairin birnci həyat yoldaşı Şəhrəbanu xanım Məçhədi Nəcəf qızı ailəcanlı evdar qadın olub...
Əliağa Vahidin qəzəlləri araşdırıcılar, şairlər və şərqşünas alimlər tərəfindən həmişə çox yüksək qiymətləndirilib.. Amma həyatda Vahid sanki hardasa dissident həyat sürürdü.

Vahidəm, şairi-azadpərəstəm, nə qəmim,
Qılmasam rəğbət əgər məscidə, bütxanələrə.
Bu sözləri köləliyi “bütləşdirənlərə”, sovet rejiminə, allahsızlara ünvanlanmışdı
Vahid heç vaxt saray şairi olmayıb...Yazıları da camaat arasında daha çox şifahi şəkildə deyilsə də ildırım sürəti ilə yayılırdı. Saraylarda deyil, kəndlərdəki palatka toylarında tanınırdı, sevilirdi. Bu zaman özü də şeirlərinin yanında idi. Xalqın arasında... Kasıb-kusubun yanında...Özü demiş, meyxanələr küncündə. Amma yox, gəlin Vahidin “meyxanalar küncü”nü Füzulinin və Seyidin “meyxana”ları ilə qarışıq salmayaq.
Hələ sağlığında onu S.Ə.Şirvaninin davamçısı adlandırırdılar. Burada haşiyəyə çıxaraq deyim ki, S.Ə.Şirvani dəfələrlə Bakıya gəlib Bakı şer məclislərində iştirak edib. İlk dəfə onun Bakıya gəlməsini “Məcməüş-şüara”nın fəaliyyətinə diqqət yetirməsinə bakılı, hövsanlı şair Ağadadaş Müniri (1863-1940) də çox yüksək qiymət vermişdi:
Gəldi Bakıya Hacı Seyid Əzim,
Cəddi tək vardı onda xülqi-əzim.
Gecə-gündüz o mədəni-irfan,
Neçə gün qaldı Bakidə mehman...
Əslində Əliağa Vahidin ədəbiyyata gəlişi Məşədi Azərlə bağlı olsa da, Vahidin görüşdüyü və ən çox bəhrələndiyi şəxslər Mirzə Əbdülxaliq Yusif və buzovnalı Məşədi Azər olub. Vahid onları Bakının ən böyük şairləri hesab edirdi.
Vahid! Hanı Yusif, hanı Səyyar ilə Saqib,
Kimdən soraq: ustadımız Azər yenə varmı?
Və ya hövsanlı şair Ağaddaş Minuriyə müraciətində deyirdi:
Ey Müniri! Yanıram eşq oduna, Azərə de,
Azər olsa, yanacaq şöləfəşan olmağıma.

Bununla da bir daha əmin oluruq ki, Vahid çox şeyi Məşədi Azərdən öyrənmiş və onu özünə həmişə daha yaxın bilmişdir.
Təbii ki, biz bu siyahıya hövsanlı Ağadadaş Müniri, Mirzə Əbdülxaliq Cənnəti və s. şairlərin də adlarını əlavə edə bilərik. Vahid onları da çox yaxşı tanıyırdı. Ancaq burada bir məsələ var ki, Vahid onları sadəcə olaraq "Məcməüş-şüəra” (Şairlər yığıncağı) ədəbi məclisindən tanıyırdı.
O, vərdiş edilməyən şair idi: ütüsüz, qalstuksuz geyim-kecimdə, daim xalqın içində...Və bu zaman Vahid özü heç öz böyüklüyünün fərqində deyildi.
Onun babası böyük dərviş olub, özü isə 2 il yarım mədrəsə təhsili almışdı . Olduqca güclü hafizəsi Vahidə sinə-dəftər olmaq imkanı qazandırmışdı.
Vahidin şöhrəti, nüfuzu tezliklə yaxın ölkələrə də yayılır. Yalnız onu demək bəs edər ki, İran ədəbiyyatçısı Yəhya Şeyda onun yaradıcılığı ilə tanış olduqdan sonra Vahidi «məhəbbət elçisi» adlandırmışdı.. Xalq şairi Səməd Vurğun isə ona «anadangəlmə şair», Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının məşhur təbliğatçısı, Qulamhüseyn Beqdeli isə Əliağa Vahidə "Hafızi dövran" deyirdi.
Vahidə sevgi xalq tərəfindən həmişə olub, bu gün də var və inanıram ki, sabah da olacaq. Bu sevgi onun çox izdihamlı keçən dəfn mərasimində də özünü göstərmişdi. Bu gümüzə qədər də Vahidin dəfni Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli və Səməd Vurğundan sonra Bakıda ən izdihamlı dəfn mərasimi kimi sayılır. Əliağa Vahidin bu gün də sevilməyidir ki. onunla bağlı üzə çıxmış və çıxan ən xırda əhvalat bu gün də bizim üçün çox böyük maraqla qarşılanır. Əsrlər sonra da belə olacaq !.
Bundan başqa "Füzuli yadigarı" elə dövrdə yaşayıb ki, qırmızı terror Azərbaycan ədəbiyyatına durmadan, ardıcıl zərbələr endirməkdə idi. Əsas da ayıq və qeyrətli adamları aradan götürürdülər. Bunun üçün ən iyrənc üsullara əl atırdılar: Komsomol toyları təşkil edib, azərbaycanlıları zorla içkiyə qurşandırırdılar. İçməyənlər isə cəzalanırdılar. “Qəzəl oxumayın” deyirdilər. "Molla Nəsrəddin" jurnalının adını dəyişib "Allahsız" qoymuşdular. Bunlar hələ yasaq olunanlardan biri idi. Bundan başqa məscidlər bağlanmışdı. Əsil dindarlar yoxa çıxmışdı, ya da gizlənirdilər. Təsəvvür edin ki, belə zamanda kommunist biletini Vahidə göstərib lovğalanan, fırıldaqçılar, şarlatanlar var idi ki, şairi ələ salırdılar. Lakin susmayan şair onlara belə cavab verirdi:
Bu sizin firqənizin qırmızı dəftərçəsidir
Hər kimin bir belə dəftərçəsi varsa bəsidir.
və ya Cümhuriyyət dövrünü xatırlayaraq həsrət ilə yazırdı:
Parlayar çöhreyi-qəsrində səadət günəşi,
1946-48-ci illərdə o dövrün mətbuatı tam şəkildə Vahidin qəsdinə durmuşdu. Məsələn, Cəfər Xəndan yazırdı ki, Əliağa Vahidin təsvir etdiyi gözəl də əcaib gözəldir. Vahidin "gözəlləri" əksərən gündə bir adamla gəzən avaralardır.
Hələ görün şair Əhməd Cəmil nə yazırdı?..
Dəyişmişəm gözəlim, indi sən görən deyiləm,
Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.
...Bu düşkün hisslər sovet adamlarına yaddır, biz onlardan iyrənirik. Lakin buna baxmayaraq oxuyanlardan biri də radioda səsi gəldiyi qədər bağırır:
Səfasın özgə sürür, mən balaların çəkirəm,
Mənim bu qanə dönən könlümün günahı nədir?
Xeyir, daha bəsdir. Biz bu cür bayağı və düşkün nəğmələri eşitməkdən cana gəldik.
Təbii ki, bu tənqidləri Vahid çox böyük əzabla yaşayırdı. 37-ci ilin qorxusu, səksəkəsi adamın canından çıxardımı, təbii ki, çıxmazdı !
Qeyd etdiyim kimi Vahidə münasibət nəşriyyatda yaxşı olmayıb. Nəşriyyatda onu ələ salanların, işini əyənlərin sayı az deyildi. Və bütün bunlar və qorxu onun özünü qorumaq üçün içkiyə qurşanmağına səbəb oldu.
...Vahidin hazırcavablığı fəhmi, iti zəkası ilə yanaşı, həm də sadəliyi ilə bağlı belə əhvalatlar çoxdur. Əminəm ki, Vahid ilə bağlı rəvayətlər illər keçdikcə, daha da qol-budaq atacaq. Və bu rəvayətlər elə qəzəlləri kimi uzunömürlü olacaq.
Amma bir hadisə var ki, sanki Əliağa Vahidi tamamlayır. Həyat yoldaşı Şəhrəbanu xanımın dediklərindən:
“Bir gün Vahid gəldi ki, məni sabah Mərkəzi Komitəyə çağırıblar (indiki Prezident Administrasiyası). Pal-paltarını səliqəyə saldım. Nəsə səhər üzünü qırxıb getdi. Ordan çox pəjmürdə qayıtdı. Səbəbini soruşanda məlum oldu ki, yaxın günlərdə SSRİ-nin rəhbəri Nikita Serqeyeviç Xruşşov Bakıya gəlir. Vahid də bu münasibətlə yaxşı bir şeir yazmalıdır. Qırımından bildim ki, vəziyyət nə yerdədir. Yalvardım ki, ay Vahid, sənin əlində su içimi kimi bir şeydir, yaz da, bəlkə bizə ev verdilər, ev olmasa da, xarici mebeldən –zaddan axır nəsə olacaq da. Vahid qayıtdı ki, arvad, mən o şeiri yazan deyiləm. Qəzəllərimi İranda oxuyurlar, məni Türkiyədə tanıyırlar, indi bir evə, yaxud bir mebelə görə mən Xruşşova şeir yazacağam? Xalq arasında az-çox hörmətim var, istəyirsən ondan da olum? Nə qədər yalvar-yaxar eləsəm də xeyri olmadı..." Budur Əliağa Vahid !!
Vahid Zeyd rolunda.
Əliağa Vahid hərtərəfli insan olub. Çoxu bilmir ki, o, “Leyli və Məcnun” tamaşasında Zeyd obrazında səhnəyə çıxıb. Bu hadisənin maraqlı tarixçəsi var. Vahid Aşqabadda imiş və eşidir ki, Azərbaycan opera teatrı bu şəhərə qastrola gəlib və “Leyli və Məcnun” tamaşasını göstərəcəklər. Özünü tamaşaya yetirir. Sən demə, Zeydi oynayacaq aktyor xəstələnibmiş, onu əvəz edəcək adam tapa bilmirmişlər. Hüseynqulu Sarabski Vahidi görcək tez ona yaxınlaşır və onu dilə tutur ki, Zeyd rolunu oynamağa razılıq versin. Vahid heç cür razılıq vermir. Sarabski isə inadından dönmür, çünki tamaşanı xilas etmək lazım idi.
Sarabski Zeydin sözlərini Vahidə yazdırır ki, tez əzbərləsin. Axır ki, Zeydin səhnəyə çıxması anı yetişir, tərslikdən sözlər Vahidin yadından çıxır və öz təbi onu xilas edir. Vahid bədahətən deyir:
Məcnunə deyən yox ki, ey aşiqi-biçarə,
Vahidlə nə karın var, qoysun səni avarə.).
Dostları ?! Xalq idi onun dostu.!
Vahidin dostları.
Dost demişkən o, Rəsulzadənin və C.Cabbarlının yaxın dostu olub, Mirzə Bala Məmmədzadə ilə gizli əlaqələri olub. Lakin onun dağlı məhəlləsindən tanıdığı, uşaqlıq dostu var idi ki, o, onun ilk yaradıcılıq günlərindən əlindən tutan, onu yanına salıb jurnal redaksiyasına aparıb. Təkcə yanına salıb aparan yox, redaksiyada bu utancaq, çəlimsiz Əliağanı o ki var, tərifləyən də C.Cabbarlı var idi. Çox çəkmir ki, 1915-ci ildə "Babayi əmir" jurnalının aprel sayında "Molla Balbala" imzası ilə ilk şeiri çap olunur. Sonradan Vahid C.Cabbarlı üçün yazırdı:
Gərdünə təbi-şair təzim üçün əgilməz,
Aləm ölürsə bəlkə, Cəfər Cabbarlı ölməz.
O, Hüseyn Cavidlə də dost olub. Onun elə
Cavid əbədidir, qalacaq nami cahanda,
Məhv etdisə cəllad onu xəlqin nəzərindən,
Ölməz o böyük dahi, böyük bir gələcək var,
Övladi-vətən zövq alacaq hər əsərindən.
Onun Ü.Hacıbəyov haqqında yazdığı isə şedevrdir:
Vətənimin ürəyində cənnətü-bağdır Üzeyir!
Gecəmdə, gündüzümdə sönməz çıraqdır Üzeyir!
Tufanlı, qasırğalı Muğam okeanımda mənim,
Bütün Nuhi-gəmiyə tənha mayakdır Üzeyir!
Nə qədər xotkarların Çənlibelə hücumu var,
Koroğlu tək Qırat üstə hey duracaqdır Üzeyir!
Böyük Azərbaycanımın Himni kimi səslənəcək,
Nə qədər bu Vətən var—daima sağdır Üzeyir!
Üçrəngli Bayrağımı həşrə kimi yelləndirən,
Cənnətim Qarabağda alınmaz dağdır Üzeyir!
Atanın qara bağrı kimi param-parça olan,
Azəri torpağımda bütöv sabahdır Üzeyir!
Əliağa Vahid müharibə illərində.
Bir xatirəsində özü yazır ki, 2-ci dünya müharibəsi başlananda onu əsgər aparmaq istəyənlərə baxaraq gülüb deyir: "Burda deyiblər ha, kül başuva, ay Hitler, gör üstüvə kim gəlir. Məndən əsgər olar?"
Qeyd edim ki, Cümhuriyyət dövründə də onu əsgər aparmaq istəyiblər. Deyir ki,"O vaxt - 1918-ci ildə müsavat ordu yaradanda tutub basmışdılar məni əsgərliyə. Qaldığımız qışlaqdan bir məktub yazıb göndərdim Usub bəy Nəsibbəyova ki:
Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi qəhbəyə, oğraşa bizi.
...İki-üç gündən sonra məni buraxdılar ki, get, əsgərlərin tərbiyəsini pozursan".
Amma çox sonradan əsgərliyə gedir.
İstiqlal bayrağımız haqqında yazan ilk şairimiz.
.. Əlağa Vahid sovet hakimiyyəti illərində Bakıda yaranan hərbi vəziyyət şəraitində Azərbaycanın üçrəngli istiqlal bayrağına şeir yazan ilk şairimiz olub !. Və hətda həmin şeir deyilənə görə “Bir kərə yüksələn bayraq!” adı ilə onun şöbə müdiri kimi çalışdığı “İlham” qəzetində dərc edilib. Müstəqillik illərində bu əsərə bəstəkar Ədliyyə Rəhimova məhz Arif Məlikovun tövsiyəsi ilə müsabiqə üçün simfonik marş bəstələyib, Azərbaycan Respublikası Dövlət Simfonik Orkestrinin ifasında əsər müsabiqə əsasında Qızıl Fonda daxil edilib:
Qılınc vuran qolumuzsan,
Sən azadlıq yolumuzsan,
Simurq kimi doğulmusan,
Bir kərə yüksələn bayraq!
Vahid və meyxana.
...Bildiyiniz kimi, Vahidin həyatında meyxana aləmi böyük yer tutub. Əliağa Vahid bu işlə sırf məşğul olmasa da, ona bir qazanc vasitəsi kimi baxardı. Bəzi insanlar qəsdən istəyirdi ki, ona qəzəlxan yox, elə meyxanaçı-şair desinlər. Burada qeyd edək ki, meyxananı da ilk dəfə yazılı ədəbiyyata məhz Əliağa Vahid gətirib.
Əslində, Əliağa Vahid heç vaxt kasıb olmayıb. Belə ki, xalq onu dolandırırdı. Mərhum bəstəkar müğənnimiz Əlibaba Məmmədov deyirdi ki, "bir dəfə mənimlə “Passaj bazarı”na girdi. Camaat zənbilini doldururdu, taksinin pulunu verib onu evinə yola salırdılar. Bunu heç bir şairə eləməyiblər ”
Oğlu Ramiz İsgəndərov isə xatırlayır ki, Sabirin yubileyi olan il atam dayanmadan yarım saat meyxana deyib. Əvəzində isə ona bir dəst kostyum, 12 cüt corab, bir cüt botinka, bir cür tufli veriblər.
...Bəli, Xalq onu sevirdi, o da xalqı... Xalqı sevməyənlərə qarşı yazılarında, qəzəllərində, meyxanalarında amansız idi:
Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!
Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!
Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
“Ənəlhəqq” üstə çəkilsən də darə yalvarma!
Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma!
Həyatının sonu.
..Lakin hər şeyin bir vədəsi olduğu kimi, ömrün də bir sonu var . Oğlu Ramiz İsgəndərov: “Həkimi Veysov dedi ki, ömrünə az qalıb. Son dəfə 120 rubl təqaüdünü mənə verdi ki, yarısını Fenyaya(ikinci arvadı) ver, yarısını özünüz götürün. Sonra getdi Mərdəkan sanatoriyasına. Bərk sancıları tutdu. Həyat yoldaşı ilə sonuncu dəfə 1965-ci il sentyabrın 29-da görüşdü. İynəsini gec vurduğu üçün, həmin gecə ağrılara dözməyən şair 1 oktyabr 1965-ci il Bakıda dünyasını dəyişir.
Bax, belə... O, qohumu olduğu Salam Qədirzadənin köməyi ilə birinci Fəxri xiyabanda dəfn edilir. O vaxt dövlət rəsmiləri onun Fəxri Xiyabanda dəfn edilməsinə icazə vermək istəməsələr də xalq o zamankı rəhbərliyi qərarlarını dəyişməyə məcbur edə bildi. Yazıçı Salam Qədirzadə ölkə rəhbərliyini xalqın kəskin etirazlarından xəbərdar etdikdən sonram Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi olan Vəli Axundov özü Bakıda olmadan xalqın bu qərarını rəsmi şəkildə təsdiqləməli oldu. Vəli Axundov Bakıya 7 sözlük təcili teleqram vurur: “Siz dəfn edin, mən gəlib qol çəkərəm”...
Və Azərbaycan xalqı Vahidi, onun çiçəklərə qərq olunmuş tabutunu Yazıçılar İttifaqından Fəxri Xiyabana qədər çiyinlərdə, əlləri üstə aparıb dəfn etdi.
Və bu bir faktdır ki, Əliağa Vahiddən nə əvvəl, nə də ondan sonra heç bir şair bu cür dəfn edilməyib. Ölümünü belə sətirlərə salan şair isə deyirdi:
Aşiqəm sənətə, şerə və gözəl musiqiyə.
Dillən, ey sevgili tarım, mən öləndən sonra…
Vahidəm, qaldı sözüm dehrdə bir dürr kimi.
Yasayar eldə şuarım mən öləndən sonra…
Şair dostu Qulamhüseyn Beqdili şairin tabutu başında, 30 sentyabr 1965-ci ildə bədahətən söylədiyi bu qəzəli isə dəfn iştirakçılarını göz yaşalarına boğmuşdu:
Vahidi daxmada yatmış gördüm,
Gənci viranədə batmış gördüm.
Ayın örtmüşdü bulud çöhrəsini,
Günəşi məğribə çatmış gördüm .
Bu vəfasız fələyin hərzə əli,
Yusifi heç nəyə satmış gördüm…
Amma Əliağa Vahid bir məsələdən nigaran
qaldım ki, görəsən bu məktəb öz layiqli davamçılarını tapa biləcəkmi?
Ölməmişkən, gözəlim, Vahidə qiymət verir el,
O da getsə, Vətənə, xəlqə qəzəlxan kim olar?..
O yer boş qaldı...Bu gün də boşdur...

Ruhu qarşısında təzimlə Baba Allahnəzərov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.