Vərəm daha təhlükəli xəstəlikdir, yoxsa, korrupsiya? - GİLEY

8-10-2019, 09:54           
Vərəm daha təhlükəli xəstəlikdir, yoxsa, korrupsiya? - GİLEY
Adətən, jurnalistlərə qarşı şərəf və ləyaqətin təhqiri predmeti üzrə məhkəmə davası açılır. Bir də görürsən, hansısa məmur onun qanuni maaşı ilə malik olduğu villa və avtomobilin qiyməti arasında müqayisə aparan KİV işçisini "məhşər ayağı"na çəkir. Amma, əksinə də olur - jurnalistlər özləri də təhqirə məruz qalır, nalayiq söyüşlərlə üzləşirlər. Qələm adamlarının döyülməsi, öldürülməsi də başa düşüləndir. Di gəl, məhz alim tərəfindən söyülmələri cəmiyyətin ciddi şəkildə korroziyaya uğradığından xəbər verir.

Rayondan göndərişlə şəhərə - Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına qardaşımın müşayiəti ilə gələn qardaşıma xəstəxananın uroloji şöbəsinin həkimi vərəm əleyhinə dərman yazanda o qədər də təəccüblənmədik. Başa düşürdük ki, vərəmin diaqnozu uroloji müayinələr əsasında qoyulur, sidikdə mikrobakteriyaların tapılması vərəm diaqnozun təsdiqləyir. Lakin təəccüblü gələn bu oldu ki, resepti yazan həkim dərmanları almaq üçün mütləq Mərkəzi Vərəm Dispanserinin Lətifə adlı işçisini tapmağımızı bizə məsləhət gördü. Qohumlarıma artıq əziyyət verməmək xətrinə, həm də onsuz da dispanserin yerləşdiyi Alatava məhəlləsi həndəvərində peşə fəaliyyətimlə əlaqəli səyyari işim olduğu üçün maşınımla dispanserə özüm getdim, amma Lətifə xanımı tapmadım. Dedilər məzuniyyətdədir, dərman almaq üçün deponun yolunu göstərdilər. Dispanserin dərman saxlancı anbarına yaxınlaşıb əczaçı olduğunu düşündüyüm şəxsə resepti təqdim etdim. İki təbəqə həbləri mənə 10 manata satdı. Həkim və dərmansatanların bu razılaşdırılmış kimi görünən hərəkətləri məndə bir vətəndaş-jurnalist kimi maraq doğurdu. Dispanserin baş həkimi Yavər Şıxəliyevlə telefon əlaqəsi saxlayıb məsələni ona dedim. Lakin, izah, şərh gözlədiyim halda o məni təhqiramiz ifadələrə "qonaq etdi". Yavər Şıxəliyevin telefon dəstəyinin o başından uca səslə danışaraq respublikanın əməkdar həkiminə, professora yaraşmayan tərzdə məni küçə söyüşləri ilə söyməsini o zaman yanımda olan Dilşad və Yeganə adlı həmkarlarım da eşitdilər. Rastlaşdığım bu vəziyyət məni çox məyus etdi.

Ertəsi gün metronun "20 Yanvar" stansiyasının üstündə kafelərdən birində çay içdiyim vaxt həmkarım Əbilov Natiq Şakir oğlu mənə yaxınlaşdı. O, məndən Yavər Şıxəliyevlə aramda nə problem olduğunu soruşdu. Mən ondan bu məsələni hardan bildiyini soruşanda dedi ki, baş həkim özü ona hər şeyi deyib və mənimlə görüşə göndərib. Mən dispanserin işçisinin dərman satdığını, dərmanı 10 manata satın aldığımı əyani sübut etməyə, bununla belə baş həkimin mövqeyini öyrənməyə, izah və şərhini dinləməyə hazır olduğumu Natiqə dedim. Həmkarım əlimdə dediklərimin sübutu kimi xidmət edəcək videogörüntüylə tanış olub sonra Yavər Şıxəliyevə zəng vurub nəsə danışdı. Sonra mənə bildirdi ki, baş həkimin məsələyə münasibətini öyrənmək üçün dispanserə getmək lazımdır. Mən onu öz avtomobilimlə dispanserə apardım. Natiq yuxarı - baş həkimin kabinetinə qalxdı. Fikirləşdim ki, yəqin, Şıxəliyev dünən mənimlə telefonda qeyri-etik danışığına görə utandığı üçün araya həmkarımı salıb. Amma Natiqdən bir xəbər çıxmadığını görüb özüm də yuxarı qalxdım. Qapını döyüb baş həkimin kabinetinə daxil oldum. Gördüm ki, Yavər Şıxəliyev, Natiq Əbilov və baş həkimin xanım müavini üçlükdə əyləşib söhbət edirlər. Salamlaşıb özümü təqdim etdim. Kim olduğumu öyrənən baş həkimdən məni niyə söydüyünü soruşdum. Nə cavab versə yaxşıdı: "Yaxşı eləmişəm söymüşəm, əcəb eləmişəm". Daha onunla danışmağın faydasız olduğunu görüb otaqdan çıxaraq qapını örtdüm.

Yavər Şıxəliyevdən nalayiq hərəkətlərinə görə məsuliyyət sorulması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə qərar vermişəm. Bilinəcək - vərəm daha təhlükəli xəstəlikdir, yoxsa, korrupsiya? //İntertv.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.