Neft maqnatı ilə dərman maqnatının ortaq qazanc projesi - Adamlar pulu belə qazanır...
1-05-2015, 11:06
Özəl səhiyyə müəssisələrinin sayı durmadan artır. Bu sahəyə sərmayə yatıranlar arasında bəzi məmurlar üstünlük təşkil edir. Ayrı-ayrı vəzifəli şəxslər əllərindəki səlahiyyətlərdən yararlanaraq özəl tibb mərkəzi açır və bununla da külli miqdarda gəlir əldə edirlər. Belə ki, son bir neçə ildə əhalinin yetərli hissəsi televiziyalarda gedən aldadıcı reklamlara inanıb, özəl klinikalara üz tuturlar. Amma aparılan araşdırmalar göstərir ki, bu cür tibb mərkəzlərinin heç də hamısında vətəndaşlara keyfiyyətli xidmət göstərilmir.
İddialara görə, səhiyyə sektoruna yatırım edən məmurlardan biri də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovdur. Neft Şirkətinin əsas fiqurlarından biri hesab edilən məmurun biznes şəbəkəsinə daxil olan obyektlər haqqında ötən saylarımızda geniş məlumat vermişdik. Bu gün sizə vitse-prezidentin sırf səhiyyə sektorundakı maraqlarından söhbət açacağıq. Yadınızdadırsa, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bir neçə ay öncə neftçilərin müalicəsi ilə bağlı yaranan çətinliklərdən danışaraq ARDNŞ-in rəhbərliyini tənqid etmişdi: "Tibbi sığorta olunan neftçilərdən pul istənilir. Hətta cərrahiyyə əməliyyatları zamanı da neftçilərlə digər xəstələr arasında fərq qoyulmur. Onlar əksər hallarda dərman preparatları almağa məcbur edilirlər. Tibbi sığortanın ödənişlərində müəyyən nöqsanlar var. Məlumatlara görə, tibbi sığorta ödənişləri şirkət rəhbərliyinin himayəsində olan klinikalara köçürülür. Bu isə vəsaitin bu cibdən digər cibə ötürülməsinə bənzəyir. "BP-Azerbaijan" və ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində çalışan əcnəbi işçilər tibbi sığorta olunublar. Onların ailələri belə yüksək səviyyədə tibbi xidmətlərdən yararlana bilirlər. Üstəlik, sığorta ilə istirahət edir, turist kimi gəzirlər. Lakin ARDNŞ tibbi sığortanın tətbiqini yüksək səviyyədə həyata keçirmir". Etibarlı mənbələr neftçilərin keyfiyyətli şəkildə tibbi xidmət almamasını şirkət rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən Mikayıl İsmayılovun şəxsi maraqları ilə əlaqələndirirlər. Mənbəmizin sözlərinə görə, son illərdə maliyyə imkanlarını yüksək səviyyəyə çatdırmağı bacaran vitse-prezident səhiyyə sahəsinin böyük gəlir gətirdiyini nəzərə alaraq bura milyonlar yatırmağa başlayıb: "Hazırda Bakıda fəaliyyət göstərən özəl klinikaların bir neçəsi onun nəzarəti altındadır. Bura " Modern Hospital", " Baku Medical Plaza", "Assmed" tibb mərkəzi və digərlərini aid etmək olar. Sözügedən tibb ocaqları açılan gündən indiyə qədər vitse-prezidentə böyük gəlir qazandırıb. Çünki tibbi sığorta olunan neftçilərin əksəriyyəti ya " Modern Hospital"da, ya da " Baku Medical Plaza"da müayinə, zərurət yarandıqda isə əməliyyat olunurlar. Müayinə və əməliyyat xərcləri neftçilərin sığorta haqqından tutularaq adıçəkilən tibb mərkəzlərinə köçürülür. Neft Şirkətində təxminən 70 mindən yuxarı insan çalışır. Onların yarı hissəsi ay ərzində iki dəfə bu klinikalara göndərilsə, kifayət qədər məbləğ edir. Şirkətin Sosial İnkişaf İdarəsinin rəhbərliyi müayinə olunmaq istəyən neftçilərin əksəriyyətini adlarını çəkdiyim səhiyyə müəssisələrinə göndərirlər. Bu barədə tapşırığı sözsüz ki, vitse-prezident verir. Beləliklə, xeyir onun büdcəsinə yönəldilir". Aldığımız məlumatda o da deyilir ki, Mikayıl İsmayılovun səhiyyə biznesinə girişməsində məlum bir şəxsin böyük xidmətləri olub: "Onların münasibətləri çox yaxşıdır. " Modern Hospital" və " Baku Medical Plaza"ya məhz həmin şəxsin xeyir-duası ilə lisenziya verilib. Bu klinikalarda müxtəlif nöqsanlar hökm sürsə də, yuxarı dairələrin əməkdaşları bunu görməzdən gəlir". Deyilənə görə, ARDNŞ-in digər vitse-prezidenti Xaliq Məmmədovun da özəl klinikası var. Bu haqda gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq. Həmçinin M.İsmayılovun biznes layihələrinin ən xırda məqamlarına kimi diqqətinizə çatdıracağıq. Bizi izləməyi unutmayın. \\ gundelik-baku.com \\
Qarşı tərəfi də dinləyə bilərik.