Sumqayıtda təhsil ocağında özbaşınalıq - Narazılıq var
2-05-2015, 20:11
Ölkədəki səhiyyə sisteminin bərbad durumda olması bu sahədə mövcud olan problemlərlə əlaqəlidir. Məlumdur ki, səhiyyə sistemində kifayət qədər problem var. Bu da təhsil sistemindəki çatışmazlıqların nəticəsidir ki, digər sahələrə də sirayət edib.
Gələcəyin həkimi təhsilini rüşvətlə alırsa, belə həkimdən hansı savadı, hansı peşəkarlığı gözləmək olar? Ümumiyyətlə, bir sahədə ki rüşvət var, o sahədə peşəkarlıqdan nəsə danışmaq yersiz olardı. Təəssüflə də olsa, qeyd edək ki, ölkənin aparıcı iki sistemi olan istər təhsil, istərsə də tibb sistemində peşəkar kadrlar az saydadır. Ona görə də tibb sahəsində mövcud problemlər azalmaq əvəzinə günü-gündən artır. İnsanların xəstəlikləri gec üzə çıxır. Nəticədə də insanlar dünyalarını dəyişirlər. Ona görə də peşəkar həkim olmaq üçün güclü təhsil almaq lazımdır. Lakin ölkəmizdə rüşvətin ayaq tutub yeridiyi təhsil sistemi mövcuddur. Belə bir sistem isə ölkəyə savadlı, peşəkar həkimlər deyil, savadsız kadrlar bəxş edə bilər. Belə təhsil ocaqlarından biri də Sumqayıt Tibb Kollecidir. Qeyd edək ki, bu təhsil müəssisəsi beş şöbədən ibarətdir: "Mamalıq işi", "Müalicə işi", "Tibb bacısı işi", "Əczaçılıq" və "Ortopediya və stomatologiya". Kollecdə təxminən 500 tələbə təhsil alır.
Qeyd edək ki, kollec Səhiyyə Nazirliyinin təsisçiliyi ilə yaradılıb. Direktoru isə Rafael Eyvazovdur. Etibarlı mənbələrin verdiyi xəbərə görə, sözügedən təhsil ocağında qanundankənar işlər yaşanır. Belə ki, təhsil müəssisəsində imtahanlar öncəsi kurs rəhbərləri tərəfindən sinif nümayəndəsi vasitəsilə pul yığıldığı da bildirilir. Onların sözlərinə görə, pul verməyib imtahandan özü keçmək istəyən şəxsə isə imtahanda çətinlik yaradılır. Bundan başqa, Direktor fəaliyyətində özbaşınalıqlara geniş yer ayırmış Rafael Eyvazov üçün pul öndə gedir. Sözügedən elm ocağında təhsildən başqa nə desən, görmək mümkündür. Pul verib dərsə gəlməyən kim, pul verib imtahanlara gəlməyən kim. Bizə verilən məlumata görə Sumqayıt Tibb Kollecində gizli qəbullardan tutmuş, saxta diplomlara qədər açıq şəkildə alqı-satqı ilə məşğuldurlar. Təkmilləşmə kursları, semestr və dövlət imtahanları, təyinat bazarlığı və s.
Bir məqam da direktorun "krışa"sı ilə bağlıdır. Məlumata görə elə Rafael Eyvazovun bunca "at oynatması"nın da səbəbi "krışası"nın daha güvənli olması ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, Rafael müəllimə "krışa"lıqda adı hallanan şəxs millət vəkillərindən biridir.
Kim Eyvazova hörmət edirsə, onun dərs saatı da çox yazılır. Kim direktora nəysə vermirsə, ya onun işdən çıxarılma hədəsi ilə, ya da dərs saatlarının azalması ilə qarşılaşır. Ona görə də bu şəxsin əməlləri nəzərə alınmalıdır".
Onu da qeyd edim ki, bir neçə müəllim kollec direktorunun qanunsuz əməllərindən mediaya informasiya verdiyindən işdən çıxarılmışdı. Lakin müəllimlər bu şəxsin əlindən cana yığıldıqlarına görə işdən çıxma riskini gözə alaraq, müvafiq qurumlara şikayət edəcəklərini bildiriblər. Sumqayıtdakı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, kollecdə vəziyyət dözülməz həddə çatıb. Tələbələr vaxtlı-vaxtında təqaüdlərini ala bilmirlər.
Bundan başqa, dövlət büdcəsindən kollecə ayrılan vəsaitlərin hara xərclənməsi sual altındadır. Çünki kollec tamamilə təmirsizdir. Sinif otaqları, laboratoriyalar yaxşı vəziyyətdə deyil. Bütün bunlar dövlətin vəsaitinin mənimsənilməsini göstərir. Ümid edirik ki, bu şəxs barəsində ciddi ölçü götürüləcək.