Texniki Universitetdə "nəqliyyatın dekanı" “tas” qoyub
4-05-2015, 10:45
Azərbaycan Texniki Universitetində vəziyyət olduqca gərginləşib. Bu haqda TİA.AZ-a daxil olan məlumatda ali məktəbin bəzi fakültələrində yer almış neqativ hallarla bağlı məqamlar yer alıb.
İddialara görə, hazırda universitetin Nəqliyyat fakültəsində anlaşılmaz vəziyyət yaranıb. Universitetin tələbələri mətbuata müraciət edərək bildiriblər ki, dekan Fazil Həsənov bütün fakültə tələbələrindən hər imtahana görə 150 manat tələb edir.
Tələbələrin bildirdiyinə görə dekan öz tələbində çox qəti və konkret olub. Əks təqdirdə tələbəninin bilik səviyyəsi nəzərə alınmır və tələbə kəsilir. Nəqliyyat fakültəsində təqribən min nəfər tələbə təhsil alır.
Tələbələr ötən semestrdə kütləvi şəkildə imtahanlardan kəsiliblər. Yəni faktiki bu semestrdə Fazil Həsənova 750 min manat ödəməyə məcbur qalıblar. Tələbələrin məlumatına görə, ümumilikdə Nəqliyyat fakültəsinin dekanı Fazil Həsənovun bu semesterdəki gəliri təqribən 750 min manat ola bilər.
Nəqliyyat fakültəsi AzTU-nun əsas fakültələrindən biridir. 2001-ci ildən fakültəyə “Materialların müqaviməti” (indiki “Texniki mexanika”) kafedrasının dosenti Fazil Həsənov rəhbərlik edir.
Hazırda fakültənin professor-müəllim kollektivini 55 nəfərdən ibarət heyət təşkil edir. Bir müddət əvvəl müəyyən səbəblərdən rüşvət yığımını təxirə salmaq məcburiyyətində qalmış fakültə dekanı bunun özünəməxsus formada həyata keçirməyə başlayıb.
Fazil Həsənov tələbələrdən pul almaq məsələsini dayandıraraq, onların böyük bir qisminin imtahanlardan “kəsilməsinə” nail olub. Tələbələr yeri gəldi - gəlmədi kəsilmələrinin haqsızlıq olduğunu artıq rektorluğa çatdıraraq, buna etirazlar edirlər.