“Cənab prokuror, cənab Daxili İşlər naziri, polis bölməsində satılan maşınımızı və yaxud da pulunu qaytarın!” - MÜRACİƏT

8-05-2023, 08:24           
“Cənab prokuror, cənab Daxili İşlər naziri, polis bölməsində satılan maşınımızı və yaxud da pulunu qaytarın!” - MÜRACİƏT
“Cənab prokuror, cənab Daxili İşlər naziri, polis bölməsində satılan maşınımızı və yaxud da pulunu qaytarın!” - MÜRACİƏT
Qazax rayonu, Ağköynək kənd sakini Musayeva Arzu Mehman qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qardaşı Carçıyev Sərdar Mehman oğlunu həbs edən polislər onun maşınını bir gecədə satıb, pulunu götürüblər:

“Mən, Qazax rayon sakini Musayeva Arzu Mehman qızı, yazaraq sizə bildirirəm ki, polis əməkdaşları tərəfindən qardaşım Carçıyev Sərdar Mehman oğlunun başına oyun açılıb… Dəfələrlə bir çox qurumlara məktublar göndərmişəm, amma müsbət cavab ala bilməmişəm.

Deməli, 2022-ci ildə qardaşımı polis işçiləri tutub şöbəyə aparmışdı. Bu zaman Elvin adlı şəxs mənə zəng etdi ki, qardaşını polislər saxlayıb. Niyə, hansı səbəbdən tutulduğunu soruşduqda, mənə doğru-düzgün cavab verə bilmədi. Daha sonra məni qorxudaraq, “10 min manat verilməsə, qardaşın həbs ediləcək”, - dedi. Pulumun olmadığını, əlacsız vəziyyətdə olduğumu bildirdim.

Gecə şöbədə qardaşıma işgəncələr verilib. Hətta onu razı salıb, gecə saatlarınd qol çəkdirərək maşınını satıb, pulu götürdükdən sonra onu azadlığa buraxıblar.

Qardaşım polis şöbəsində başına gələnləri bir müddətdən sonra bizə danışdı. Məlum oldu ki, Elvin adlı şəxs gecə notariusla əlbir olaraq, qardaşımın maşınını satıblar. Elvin sonradan bu işi boynuna alaraq, maşının pulunu Fəxri adlı polis rəisinə verdiyini bildirdi.

Biz məlumatı dəqiqləşdirdikdən sonra lazımi qurumlara şikayət etdik. Şikayətimizə cavab olaraq bildirildi ki, “qardaşının özü maşını satıb”.

Qardaşım isə deyir ki, mənə dedilər, sənə 7 il düşür, bu səbəbdən mənə verilən sənədə qol çəkdim. Notariusu gecə vaxtı necə gətirib, alqı-satqı həyata keçiriblər, onu biz hələ də anlaya bilmirik. Belə çıxır ki, notarius şöbədə işləyir…

Həmin maşını qardaşıma kreditlə mən almışdım. İş yeri olmadığına görə, gəliri yoxdur. Polislər vətəndaşa kömək etməkdən, əksinə, onların “qanını içirlər”. Qazax rayon polis şöbəsi “banditxanadır”.

Sizin redaksiyadan xahiş edirəm ki, bizim bu problemimizi işıqlandırıb, səsimizi lazımi yerlərə çatdırasınız”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.