Deputat Kəmaləddin Qafarov deyir ki, Azərbaycanda dərmanlar Türkiyədən ucuzdur…

18-05-2023, 08:08           
Deputat Kəmaləddin Qafarov deyir ki, Azərbaycanda dərmanlar Türkiyədən ucuzdur…
Qiymətlər qalxdı, ay can, ay can….
Bir müddət öncə, Milli Məclisdə QİYMƏT məsələsi gündəmi əməlli-başlı zəbt etmişdir. Hətta deputatlardan biri demişdir ki, neçə ildir ki, Tarif Şurası ancaq qiymətləri qaldırmaqla məşğuldur, nə olar ki, bir dəfə də qiymətləri endirsin, kasıb təbəqə əziyyət çəkir.
Hələ bir müddət öncə qiymət məsələsini Milli Məclisdə deputat Vahid Əhmədov qaldırmışdı. Və demişdi ki, mən öz müalicəm üçün lazım olan dərmanları qardaş Türkiyədən gətirtdirirəm. Çünki həmin dərmanlar Bakıda Türkiyədəkindən 4-5 dəfə baha qiymətə satılır. İstər-istəməz ortaya sual çıxır. Qiymət fərqi 10 faiz, lap 30 faiz ola bilər, amma 4-5 dəfə 400-500 faiz deməkdir, ay millətin vəkilləri....
Söhbət dərmandan gedir ee, kababdan-zaddan getmir ki, deyəsiniz, kasıb kabab yeməsin. Söhbət dərman-dava umuduna qalan xəstələrdən gedir. Bakıdan çıxa bilməyən kasıb təbəqədən gedir. Qarnınız ağrıyan kimi Amerikaya, Almaniyaya, ən pis halda Türkiyəyə qaçırsınız.
Sizin ölkəyə gətirdiyiniz və milyonlar qazandığınız “otxod” qida məhsulları milləti zəlil və xəstə eləyib. İndi dərmanı da ona çox görürsünüz. Hələ bu harasıdır..?
Bir müddət öncə, Milli Məclisin plenar iclaslarının birində deputat Siyavuş Novruzov deyib ki, Bakıdakı “Alman apteklərində qiymətlər Almaniyanın özündən 20 dəfə bahadır”. 20 DƏFƏ bilirsiniz neçə faiz edir..? 2000 FAİZ. Başa düşdünüzmü ay dostlar...?
Deputat deyir ki, adam xəstədir, özü üçün dərman alıb gətirir və həmin dərmanlar gömrükdə müsadirə edilir, axı adam satmaq üçün deyil, özünün müalicəsi üçün dərman gətirib. Siyavuş Novruzov qeyd edib ki, apteklərdə satılan eyni adda olan bəzi dərman qutularının içərisində olan dərman həblərinin sayında fərqlər olur: "Bununla da dərman satışı ilə məşğul olanlar gəlir əldə etmək mənafeyi güdmüş olur. Bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır.
Başa düşürəm müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq insafdan deyil. Bunun da həddi olmalıdır. Bu gün insanlar aptekə sağlamlıqları üçün ehtiyacdan üz tutur. İnsanlar aptekə vaxt keçirmək və ya qidalanmaqdan, yaxud da ad günü keçirmək üçün gəlmirlər. Sağlamlıqla əlaqəli problemi olan insanlar əlavə qiymətlə də yüklənməli deyillər. Ölkəyə dərman gətirən, satan, yoxlayan ayrı olmalıdır. Bizdə isə bu üç işi eyni adam həyata keçirir. Bəli bütün bunları törədənlər dərman biznesi ilə məşğul olanlardır.
Bir neçə müddət öncə deputat Kəmaləddin Qafarov Milli Məclisdə deyir ki, Azərbaycanda dərmanlar Türkiyədən xeyli ucuzdur. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Kəmaləddin Qafarovdan soruşur ki, hansı dərman ucuzdur, bir nümunə gətirə bilərsənmi..? Əhliman Əmiraslanov dərmanların ölkəyə gətirilməsi ilə bağlı bürokratik əngəllər aradan qaldırılmasından, qazi, şəhid ailələrinə dərmanların pulsuz verilməsindən danışır. Onun bu fikirləri deputat həmkarı Kəmaləddin Qafarovun xoşuna gəlmir. Niyə..?
Çünki Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas səbəbkarıdır. Bu adam öz dərman biznesini qorumaq üçün öz deputat həmkarlarını az qala şantaj edir və deyir ki, “Azərbaycanda dərmanlar çox ucuzdur”.
Nə qədər ki, Kəmaləddin Qafarov kimi deputatlar bizneslə məşğul olacaq, qiymətlər hələ çox qalxacaq... Sabir demişkən, qiymətlər qalxdı, ay can, ay can...
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.