Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
Bu gün, 08:44
ABŞ-da yenidən prezident seçilən Donald Tramp senator Marko Rubionu öz administrasiyasında dövlət katibi vəzifəsinə seçib. Yeni administrasiya dünya üçün olduqca mürəkkəb dövrdə işə başlayacaq. Avropa və Yaxın Şərqdə savaş sürür, Çinlə də rəqabət qızışır.
Demokratiyaların Müdafiəsi Fondunun (bu qurum Vaşinqtonda yerləşir) təhlilçisi Behnam Ben Taleblu deyir ki, Tramp xarici siyasətin bir çox məsələsində sərt mövqe tutan Rubionu bu məsələlərə öz baxışlarını paylaşdığı üçün seçib.
"Rubio güc yarışı, Çin və İrana qarşı dirənmə və maksimum basqı kampaniyasının bərpası kimi bir neçə əsas milli güvənlik məsələsində Trampla ideoloji və siyasi baxışları üst-üstə düşən bir şəxsdir", - Taleblu AzadlıqRadiosuna belə deyib.
Rubio ötən həftə - dövlət katibi vəzifəsinə irəli sürülməzdən öncə mediaya geniş müsahibəsində deyib ki, SSRİ-nin çöküşündən sonra ABŞ-ın onillərlə sürən sorğulanmayan qlobal dominantlıq dövrü bitib və Soyuq Savaşa bənzər dövrlə əvəz olunub. O xəbərdarlıq edərək bildirib ki, ABŞ qlobal öhdəliklər götürməklə öz imkanlarını həddindən çox gərib zəiflədə bilməz və Vaşinqton xaricdəki fəaliyyətlərində "praqmatik" olmalıdır.
"Biz ən güclü ölkəyik, ancaq bizim də resurslarımız məhduddur… Bu üzdən, istər vaxtımızı, istərsə pulumuzu əsas milli maraqlarımıza xidmət edən şeylərə xərcləməliyik", - Rubionun noyabrın 7-də ABŞ-ın EWTN kabel şəbəkəsinə müsahibəsində dediyi sözlərdir.
Kubaəsilli amerikalı olan Rubio Trampın birinci prezidentliyi dönəmində onun Venesuelaya dair siyasətinin formalaşdırılmasında önəmli rol oynayıb. O zaman "The New York Times" Rubionu "Trampın Latın Amerikası üzrə virtual katibi" adlandırmışdı.
Üç dəfə Florida ştatından senator seçilən və 2016-cı il prezident praymerizində Trampın rəqibi olan Rubio Senatın həm Kəşfiyyat, həm də Xarici Əlaqələr komitələrində xidmət etdiyindən bu vəzifəyə bəlli xarici siyasət təcrübəsi ilə gəlir.
Senat təyinatını təsdiqlərsə, 53 yaşlı Rubio dövlət katibi vəzifəsini tutacaq ilk latın amerikalı olacaq.
Azadlıq Radiosunun əməkdaşları Todd Prins və Toni Vesolovskinin hazırladığı materialda deyilir ki, heç sözsüz, Latın Amerikası Rubiodan ötrü önəmli fokus nöqtəsi olacaq. Ancaq Çinin dünyada yüksəlişi, Yaxın Şərqdə İran təhdidi və Rusiyanın Ukraynaya hücumu ABŞ xarici siyasətində daha təcili baxılmalı məsələlərdir.