Ağdamın işğaldan azad olunmasından 4 il keçdi
Bu gün, 10:38
2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən münaqişə zonasında bütün hərbi əməliyyatlar dayandırıldı və həmin tarixdən etibarən Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dayandırıldı. Bəyanatın şərtlərinə əsasən Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonunu noyabrın 25-də və Laçın rayonunu isə dekabrın 1-də Azərbaycan Respublikasına qaytarıldı.
27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində düşmənə döyüş meydanında qalib gələrək 30 ilə yaxın müddətdə işğal altında olan yaşayış məskənlərimizi bir birinin ardınca azad etdi. 8 noyabr tarixində Azərbaycan ordusunun Qarabağın tacı olan Süsanı azad etməsi işğalçı Ermənistanı kapituliyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə döyüş meydanında məğlub olan Ermənistan siyasət meydanında da Azərbaycan Dövlətinə məğlub olduğunu qəbul etdi.
İnzibati rayon kimi 1930-cu ildə yaradılan Ağdam rayonu füsünkar təbiəti olan Qarabağın mərkəzində yerləşir. Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloqlar Ağdam ərazisində yerləşən Üzərrik təpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Bu qəhrəman şəhər Birinci Qarabağ Müharibəsində 6 mindən artıq şəhid verdi. 23 iyul 1993–cu ildə ərazisinin 73 faizini itirən Ağdamın 128 min sakini məcburi köçkün həyatını yaşamağa məcbur oldu.
1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü il 29 iyul tarixində “İşğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edən 853 saylı qətnaməni qəbul etdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. 44 günlük vətən müharibəsində Müzəffər Ordumuz torpaqlarımızı döyüş meydanında canından, qanından keçərək azad etdi. İşğaldan azad edilmiş ərazilərdə daşı daş ustundə qoymayan düşmən hətta mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdamı ziyarət edən xarici və yerli jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırıblar.
Artıq digər azad olunmuş rayonlarımız kimi Ağdamda da quruculuq və bərpa işlərinə başlanılıb. 2021-2023-cü illərdə ölkə başçısının Ağdama daha bir neçə səfəri oldu. Bu səfərlər zamanı 2021-ci ildə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimləri keçirildi, 2021-ci il mayın 28-də həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verildi.
2022-ci ildə Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, “City Hotel Agdam” mehmanxanasının, daha bir yaşayış məhəlləsinin təməlqoyma mərasimləri, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq oldu, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirildi.
Keçən il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub.
Artıq Ağdam şəhəri 4 ildir ki, azaddır. İşğaldan azad edildikdən qısa bir müddət sonra burada bərpa quruculuq işləri başlamışdır və hal-hazırda da davam etdirilməkdədir.
Günel Aslanlı - AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru