Şirvan şəhərindəki Humanitar Kollecdə Korrupsiyanın qarşısını kim alacaq?-Şok Faktlar
18-05-2023, 11:53
Şirvan şəhərində Dövlət İqtisadiyyat və Humanitar Kolleci deyilən bir orta-ixtisas təhsil müəssisəsi var. Təhsil ocağı 1999-cu ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı (hazırki Şirvan) filialı kimi fəaliyyətə başlayıb. Əvvəllər Əli Bayramlı Pedaqoji Kolleci olan təhsil müəssisəsi yalnız 2006-cı ildən Nazirlər Kabinetinin qərarı ilə hazırki adını daşımağa başlayıb.
Hələ 1999-cu ildən bu Kollecə Balamirzə Məmmədov direktorluq edib. Demək olar ki, təhsil müəssisəsini Şirvan şəhərində o yaradıb. Yəqin ki, həmin dövrdə Dövlət Neft Şirkətində mühüm vəzifələrdən birini tutan mərhum bacısı oğlu Yavər Camalovun geniş əlaqələri hesabına.
Hazırda isə kollecdə direktor vəzifəsini filologiya elmləri üzrə fəlsəfə doktoru Barxudar Barxudarov daşıyır.
Onun rəhbərliyi altında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində hazırda tədris və təlim-tərbiyə prosesinin hansı səviyyədə təşkil edildiyi barədə bir şey deyə bilmərik. Amma 2014-cü ildə Təhsil Nazirliyinin burada apardığı yoxlamaların nəticələri ilə sizi tanış edə bilərik. Belə ki, nazirlik tərəfindən orta ixtisas təhsili müəssisələrində pedaqoji kadr hazırlığı ilə bağlı vəziyyəti yerində araşdırmaq məqsədi ilə cari ilin yanvar ayının sonlarında Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərində yoxlamalar keçirilib. Yoxlamalar zamanı kolleclərin fəaliyyətində akademik və maliyyə pozuntu hallarına yol verildiyi, normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı müəyyən edilib.
Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib.
Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.
Göründüyü kimi tədrisin keyfiyyətində problemlər Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində hələ 2014-cü ildən olub. Hazırda isə burada imtahan sessiyalarına, tələbələrin biliklərinin qiymətləndirilməsinə fərqli, nisbətən loyal bir yanaşma var. İmtahanlarda pul yığımı kompaniyası kollecdə o qədər geniş vüsət almayıb. Amma dövlət vəsaitlərindən də səmərəli istifadə qaydalarına əməl olunmur.
Bunu aktualinfo.org-un apardığı araşdırmalarda aşkar etdik. Belə ki, kollecə zəruri olan mal-materialların və xidmətlərin satınalmaları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmir. Burada kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilir, habelə bağlanmış müqavilələr saxtalaşdırılr.
Məsələn Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci tərəfindən 15.07.2021-ci il tarixdə elan olunmuş əsas vəsaitlərin qiymətləndirilməsi, 07.07.2021-ci il tarixdə elan olunmuş abadlıq işlərinin satın alınması, 07.07.2021-ci il tarixdə elan olunmuş cari təmir işlərinin satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş maşın və avadanlığın satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş abadlıq işlərinin satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş cari təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun nəticələri barədə dövlət satınalmalarının vahid portalında heç bir məlumata rast gəlinmir. Bu isə o deməkdir ki, Kollecinin Tender Komissiyası satın alınan mallar (xidmətlər) üçün ayrılan vəsaitlərin süni şəkildə şişirdilməsinə yol verir, özlərinə yaxın şirkətlərlə əlbir olub büdcə vəsaitlərini təyinatından kənarlaşdırır.
Xüsusilə qeyd etmək istərdik ki, 2019-cu ildən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin Tender Komissiyası keçirdiyi kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Bu görəsən nə ilə bağlıdır. Qanunları saymamaqla, yoxsa…
Bizdə belə təəssürat yarandı ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Azərbaycan qanunlarının çoxu işləmir. Çünki qanunla nəzərdə tutulmuş qaydada Kollecin Tender Komissiyasına ünvanladığımız sorğuya belə cavab verilmədi.
Göründüyü kimi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində problemlər həmişə movcud olub. Mikayıl Cabbarovun Təhsil nazirliyində Kollecdə özbaşınalıq hallarının qarşısı hardasa alınıb. Amma gənc, elə hal-hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarovun kadrı kimi tanınan, islahatçı nazır Emin Əmrullayevin sözügedən nazirliyə rəhbərliyi dövründə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş alıb gedən özbaşınalıq və korrupsiya halları daha da artıb. Bunun qarşısı nə vaxt alınacaq? Kim alacaq? Artıq vaxtı deyilmi Emin Əmrullayev? //Aktualinfo.org//