İmran Rzayev pansionat və istirahət mərkəzlərini “özəlləşdirib“? -FOTO
18-05-2023, 13:39
Birlik sədrinin Konfederasiya prezidenti ilə "şərik" olduğu, hər il yüz minlərlə manat əldə etdiyi iddia edilir.
Azərbaycanda Həmkarlar İttifaqı sistemində fəaliyyət göstərən təşkilatların bir çoxu rəhbərlik tərəfindən şəxsi müəssisə kimi istismar edilir.
TEREF.AZ-ın yazdığına görə, AzFakt.com xəbər verir ki, Azərbaycanda Həmkarlar İttifaqına tabeli olan təşkilatların sırasında özəl müəssisə kimi işlədilən qurumlardan biri də «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» Respublika Birliyidir.
Vaxtilə minlərlə zəhmətkeşin həqiqətən sağlamlıq üçün üz tutduğu, minlərlə uşağın istirahət etdiyi «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» RB-nin tabeliyində olan pansionat və istirahət evləri bu gün özəl istirahət mərkəzlərindən heç də fərqlənmir.
Pansionat və istirahət mərkəzlərinin özəl biznes obyektləri kimi işlədilməsinin arxasında uzun illərdir «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» RB-nin sədrlik edən İmran Rzayevin və ətrafına yığdığı şəxslərin dayandığı deyilir.
İmran Rzayev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyeva xüsusi yaxınlığı ilə seçilən İmran Rzayevin «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» RB-nin tabeliyində olan pansionat və istirahət evlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə istirahətə gələn xüsusi təminatlı - şəhid ailələri, qazilər və əlillərin - vətəndaşların saylarında və paketlərin qiymətləndirilməsində də maxinasiya hallarının olduğu deyilir.
Bununla bərabər Birliyin tərkibində olan pansionat və istirahət mərkəzlərinin cari təmiri, ərazilərinin abadlığı adı altında hər il külli miqdarda vəsaitlər mənimsənilir. Konkret olaraq Nabran qəsəbəsində fəaliyyət göstərən "Şahdağ" istirahət evində aparılan təmir və abadlıq zamanı qiymətlərin dəfələrlə şişirdildiyi, vəsaitlərin Birliyin rəhbərliyi tərəfindən mənimsənildiyi vurğulanır.
Onu da qeyd edək ki, İmran Rzayevin Bakı və regionda xeyli sayda mülklərinin olduğu da məlumatlar arasında yer alır.
Xatırladaq ki, “Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq” Respublika Birliyinin tərkibinə “Şəfa” müalicə pansionatı, “Şahdağ” istirahət evi, Sənaye İstehsalı və Texniki Dəstləşdirmə idarəsi, “Pambıqçı” sanatoriya-profilaktoriyası, “Kolxozçu”, “Lalə”, “Qaranquş” uşaq istirahət müəssisələri daxildir.