“Azəriqaz”ın mühəndisi rəhbərliklə bağlı şok faktlar açıqladı – VİDEO

6-07-2023, 11:53           
“Azəriqaz”ın mühəndisi rəhbərliklə bağlı şok faktlar açıqladı – VİDEO
“Siz hər 5-ci gün, cümə günləri hər zaman cəmiyyətin suallarına cavab verdiyiniz üçün, mən də Azəriqaz İstehsalat Birliyində 13 il qüsursuz xidmət edən əməkdaş kimi sizə bir məsələ haqqında müraciət edirəm. Düzdür, əvvələr də dəfələrlə yazdıqlarımı oxusanız da buna cavab verməmisiniz. Ruslan müəllim, təyin etiyiniz indiki kadrların çoxu Əkbər Hacıyevin zamanında rüşvət aldıqlarına və ya işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifədən uzaqlaşdırılmışdılar. İndi onların çoxu Bakı Regional Qazın satışı Departamentində və Bakı Regional İstismar Departamentində yüksək vəzifələrdə çalışırlar. Yenə rüşvət alırlar, yenə bizim kimi niyyəti xidmət etmək olan işcilərin əsəbləri ilə oynayırlar, öz yarımçıq qalan işlərinə davam edirlər. Hamısının arxasında kimlərsə durur, himayədarlıq edir. Bu nə vaxta qədər davam edəcək?”. "MediaPost"a daxil olan məlumata görə, bu fikirlər Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamentinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin mühəndisi, Nərimanov rayonu üzrə qrup rəhbəri Ramil Əliyevin Azəriqaz İstehsalat Birliyinin sədri Ruslan Əliyevə ünvanladığı məktubda yer alıb.

Məktubda həmçinin bildirilib: “Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin dediyi kimi, hər bir məmur vətəndaşın xidmətçisidir. O zaman bu kirli işləri görənlər və onların arxasında dayananlar kimə xidmət edir? Mən onsuzda istər ictimai fəal, istərsə də QHT sədri olaraq hər sahədə millətimə və vətənimə xidmət edirəm. Ona görə də vəzifədə təmsil olunmaq haqqım olduğu halda, heç vaxt bu barədə düşünməmişəm. Ancaq son illərdə Bakı Regional Qazın Satışı Departamentində (BRQSD) vəzifəyə gətirilənlərin etdiyi haqsızlıqlar, məni də məcbur edir ki, bu haqsızlığa dur demək üçün haqqım olduğu yerdə olmağı tələb edim. Mən, Cənab Prezidentin dəstəkçisi kimi onun gördüyü işlərə kölgə salanlara qarşı çıxmağı özümə borc bilirəm. İctimai fəaliyyət göstərən şəxs kimi bütün sahələrdə buna qarşı çıxdığım halda, fəaliyyət göstərdiyim sahədə belə halların mövcudluğu məni narahat edir.

Ötən il biz, sizinlə görüşmüşdük. Siz, mənim ictimai fəaliyyətim və “Azəriqaz”da bu günə qədər olan xidmətlərimi nəzərə alaraq, müavininiz Rəşad Cavadova tapşırıq verdiniz ki, məni şəffaflığın təmin olunması üçün BRQSD-nin nəzarət şöbəsinə müavin təyin etsin. Ancaq üzərindən 1 il keçməsinə baxmayaraq, aramsız gələn yoxlamalar xaricində, heç bir dəyişiklik yoxdur. İndi mən həm sizin əməkdaşınız, həm ictimai fəal kimi bilmək istəyirəm ki, sizin yanınızdakılar sizi aldadır, yoxsa aldadılan tərəf mənəm? Ümid edirəm ki, bu yazım da, daha əvvəl sizə yazdığım yazılar kimi, oxunaraq arxivə atılmayacaq və sizin tərəfdən cavablandırılacaq. İnanmaq istəyirəm ki, “Azəriqaz”da olan rüşvətxorluq və özbaşınalıq mənim kimi sizi də narahat edir. Əmin olun ki, belə neqativ hallarla mübarizədə sizinlə əməkdaşlıq etməyə hazıram”.

Ramil Əliyev məsələ ilə bağlı "MediaPost"a açıqlamasında 13 ildir nöqsansız xidmət etdiyini bildirib:

"Bu müddət ərzində heç bir zaman neqativ hallarda adım hallanmayıb. Əvəllər Binəqədi rayonunda xidmət sahəsində qrup rəhbəri vəzifəsində çalışmışam. O zaman sənaye obyektlərinə cavabdeh olan Emin Bədəlov adlı mühəndis bir neçə sənaye obyektinə qeyri-qanuni qoşulmalara, sayğacdan kənar qazdan istifadə etmələrinə şərait yaratmışdı. Mən də qrup rəhbəri olaraq bunu aşkarlayıb, əvvəlki baş direktor Əkbər Hacıyevə məlumat verərək həmin əməkdaşı işdən kənarlaşdırdım. O zamankı və indiki himayədarları onu himayə edərək, Xətai xidmət sahəsinə təyinat almasına nail oldular. Bu məsələ Əkbər Hacıyevin baş direktor vəzifəsində qaldığı müddətə qədər davam etdi. Ruslan Əliyev baş direktor təyin olunandan sonra Emin Bədəlova himayədarlıq edən rəhbər şəxslər onun bu dəfə daha yüksək vəzifəyə təyin olunmasına nail oldular. O, Bakı şəhəri BRQSD-nin sənaye obyektləri üzrə satış rəisinin müavini təyin edildi. Yenə də yarımçıq qalan işlərini davam etdirdi. Onu da bildirmək istəyirəm ki, həmin komandanın himayədarlığı ilə - Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyi tərəfindən bina zirzəmisində sənaye obyektlərinin qazdan istifadəsi qadağan edildiyi halda, ciddi təhlükə mənbəyi olan binaaltı və zirzəmilərdə sənaye obyektlərinə qazdan istifadəyə şərait yaradıldı. Bu kimi halların qarşısının alınması və təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir. Dediklərimi sübut edən faktların bir neçəsinin şəkli və videosunu təqdim edirəm”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.