Deyəsən hökümətimiz kimi, Allahımız da xalqı ələ salanlara artıqlaması ilə humanizm göstərir....

20-09-2023, 10:28           
Deyəsən hökümətimiz kimi, Allahımız da xalqı ələ salanlara artıqlaması ilə  humanizm göstərir....
Əslində Azərbaycanda fəaliyyət göstərən icra başçıları bir dərddir, bir "alov"dur ki, bu "loo"a giriftar olmayan qalmış olmaz.
Məsələn, Sabirabadın Qalağayın kəndinin sakini, 8 medallı qazi Elvin Cəfərov özünü Sabirabad Rayonu İcra Hakimiyyətinin, başçı Siraqəddin Cabbarovun iqamətgahının qarşısında od vurub yandırdı, başçı neynədi-nağayırdı, bilmirəm, heç kim onun "gül" üzünə "püff" demədi. Elvin də unudulub getdi.

Qarabağ qazisi, 36 yaşlı Maşallah Manafov da məhz o binanı tərk etdikdən sonra gəlib özünü yaşadığı evin həyətində asaraq intihar etdi.
Yəni, siz mənə elə bir rayon göstərin ki, o rayonda bu tip hadisələr olmamış olsun. Səbəbkarlar da məlum, səbəblər də aşikar... Özbaşnalıq, qanunları çeynəmək, təəbəlikdəki insanları adam yerinə qoymamaq...
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Söyüdlü kəndi ərazisində yeni süni gölün tikintisinə etiraz edən sakinlərlə görüşməsini də yəqin ki, unutmamısınız, təfərrüatı yazmıram, yadınızdadır. Əhalini ələ salmaqdan çəkinməyən Mürsəlov anlamaqda çətinlik çəkdi ki, onun sayəsində Söyüdlü camaatının üst-üstə qalaqlanmış, həll edilməmiş problemləri dövlətlə xalqın arasında bir uçurum yaratdı.


2 gün əvvəl Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən respublika əhəmiyyətli körpü uçanda da Xaçmazın 43 yaşlı icra başçısı Elnur Rzayevdən əhaliyə qarşı eyni aşağılayıcı münasibəti gördük. Təsəvvür edin, 97 min sakinin körpüsü uçub, icra başçısı bundan təsirlənmək, kədərlənmək əvəzinə "hər şey öz yerindədir” deyə, gülə-gülə doladığı adamlara bir "italyanski" “çao” deyib oradan uzaqlaşır. Görəsən avqustun əvvəlində özünə aldığı 450 min manatlıq bahalı avtomobil də o körpüdən dərəyə aşsaydı, Rzayevin qol-qabırğası sınsaydı yenəmi belə gülüb, "çau" deyərdi?
Nə bilim Vallah, deyəsən hökümətimiz kimi, Allahımız da xalqı ələ salanlara artıqlaması ilə humanizm göstərir....
Əntiqə Rəşid Aslan
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.