Şəhid ailələrindən qaz çəkilişi üçün 285 AZN tələb edən kimlərdir?..- “Azəriqaz”dan açıqlama
28-09-2023, 08:34
Eldəniz Vəliyev: “İstisna hal olaraq fərdi evlərdə yaşayan şəhid ailələrinin qazla təminatını və qaz təsərrüfatına aid digər problemlərinin həllini heç bir ödənişsiz “Azəriqaz” həyata keçirir. Amma binalara qaz çəkilişinə qanunla müdaxilə edə bilmirik...”
“Vətəndaşlara tövsiyə edərdik ki, həmin binanın istismarına cavabdeh olan MTK-nın rəhbərliyindən podratçı şirkətlə danışıb-anlaşıb qazla təminatı həyata keçirməsini tələb etsinlər. “Azəriqaz” aid olan qeyd etdiyim qalan işləri isə biz tam pulsuz şəkildə həyata keçirəcəyik...”
"MTK-ların çoxu isə üzərlərinə düşən işləri icra etməmək üçün vətəndaşlarla “Azəriqaz"ı üz-üzə qoyurlar..."
Moderator.az redaksiyasına Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindəki Gənclər şəhərciyində 20 saylı binanın 5-6-cı mərtəbələrində yaşayan şəhid ailələri adından şikayət daxil olub. Şikayətdə bildirilir ki, bina neçə illərdir tikilsə də, müəyyən qurumların bürokratik əngəlləri və maraqları ucbatından qazla təmin olunmur. Dəfələrlə müxtəlif qurumlara şikayət edilsə də, heç bir tədbir görülmür. Bu günlərdə isə binanın bir neçə sakininin müraciət etdiyi “Qayalı-2016” adlı podratçı şirkət qazın çəkilməsi üçün binadakı hər ailədən, hətta şəhid ailələrindən də adambaşı 285 AZN pul vəsaiti tələb edib. Məlum olub ki, binanın tikintisini və istismara verilməsini həyata keçirmiş və məhz elə dərhal(“!) da qazlaşdırmağa borclu olan “Dərhal” MTK-nin rəhbəri 2 il əvvəl həbsxanada vəfat edən və mandatını qumara uduzmaqla və digər cinayət işləri ilə yadda qalan sabiq deputat Rəfael Cəbrayılovun qardaşı Cəbrayılov Elşən Kamil oğludur.
Şəhid ailələrinin şikayəti ilə bağlı müraciət etdiyimiz “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev təmsil etdiyi qurumun sözügedən binanın qazlaşdırılmaması problemində heç bir rolunun olmadığını bildirdi:
“Biz Mehdiabaddakı gənclər şəhərciyində yerləşən və şəhid ailələrinin də yaşadığı 20 saylı binanın qaz problemi haqda dəfələrlə danışmışıq, mətbuat konfranslarında da demişik. Qeyd edim ki, həmin şəhərcikdəki binaların bəzisində qazlaşma var, bəzisində yoxdur. Bəhs edilən 20 saylı binanı istismara vermiş MTK-nın qazlaşdırılan binalara görə “Azəriqaz”a külli miqdarda debitor borcu var. Biz həmin qurum rəhbərliyindən dəfələrlə tələb etmişik ki, borcunuzu ödəyin ki, binaların problemi həll edilsin. Və əslində MTK-ların qazlaşdırma işini “Azəriqaz” həyata keçirmir. MTK-lar binalara xüsusi podratçı şirkətlər vasitəsi ilə qazlaşdırmağı razılaşdırır və bundan sonra “Azəriqaz”a müraciət edir. “Azəriqaz” isə Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı qurumlarla bir yerdə hər bir binada istismara qəbul prosesini həyata keçirir, parametr və planların binanın qazlaşmasına uyğun gəldiyinə əmin olduqdan sonra sayğacları ödənişsiz olaraq quraşdırır və podratçı şirkətlər binanı qazla təmin edir. Mövcud qayda budur. Ancaq Mehdiabaddakı bəhs edilən bina hər şeyi “Azəriqaz”ın üzərinə atır. Halbuki, biz “Azəriqaz” olaraq MTK-lara qaz çəkmirik, qaz çəkilişini podratçı şirkətlər həyata keçirir. “Azəriqaz” hətta ümumi qazlaşmadan kənarda olan fərdi evlərin qazlaşmasını da icra edə bilməz. Bir sözlə, bütün qaz çəkilişləri işlərini Energetika Nazirliyinin lisenziya verdiyi 100-dən artıq podratçı şirkət icra edir. Biz sadəcə iş bitəndən sonra ödənişsiz olaraq texniki şərt veririk. Əhali kateqoriyası üçün bu, əvvəldən ödənişsizdir. Lakin artıq 3 ilə yaxındır ki, MTK-lara da qaz çəkilişi üçün texniki şərtlər ödənişsiz verilir. Bir sözlə, qaz çəkilişi ilə bağlı bizim üzərimizə nə düşürsə, biz hamısını ödənişsiz edirik. MTK-ların çoxu isə üzərlərinə düşən işləri icra etməmək üçün vətəndaşlarla “Azəriqaz"ı üz-üzə qoyurlar...
“Azəriqaz” rəsmisi podratçı şirkətin qaz çəkilməsi üçün bəhs edilən binadakı ailələrdən, hətta şəhid ailələrindən 285 AZN pul istəməsi məsələsi ilə bağlı da fikrini bildirib.
“Podratçı şirkətlər müstəqil təsərrüfat subyektləridir. Və “Azəriqaz” İstehsalat Birliyinin həmin şirkətlərin işinə heç bir mövzuda qarışmağa ixtiyarı yoxdur. Qaz çəkilişi zamanı vətəndaşlar podratçı şirkətlərlə xüsusi müqavilələr bağlayırlar və bank vasitəsi ilə qanuni şəkildə tələb olunan vəsaiti ödəyib işlərini gördürürlər. Yəni biz o sövdələşməyə qarışa bilmirik. Bunun “Azəriqaz”a aidiyyatı yoxdur. Vətəndaşlara tövsiyə edərdik ki, həmin binanın istismarına cavabdeh olan MTK-nın rəhbərliyindən podratçı şirkətlə danışıb- anlaşıb qazla təminatı həyata keçirməsini tələb etsinlər. “Azəriqaz” aid olan qeyd etdiyim qalan işləri isə biz tam pulsuz şəkildə həyata keçirəcəyik...
Düzdü, istisna hal olaraq fərdi evlərdə yaşayan şəhid ailələrinin qazla təminatını və qaz təsərrüfatına aid digər problemlərin həllini “Azəriqaz” həyata keçirir. Amma binalara qaz çəkilişinə qanunla müdaxilə edə bilmirik”- deyə Eldəniz Vəliyev vurğulayıb.
Qeyd:
Materialda adları hallanan və əlaqə yarada bilmədiyimiz cavabdeh qurumların: “Dərhal” MMC və “Qayalı-2016” podratçı şirkəti rəhbərliyinin problemlə bağlı izahatlarını təqdim etməyə hazırıq. Ümid edirik ki, əlaqədar qurumların müdaxiləsi ilə, ən azı, hər birimizin borclu olduğu Şəhid ailələrinin xatirinə sözügedən binanın qazlaşdırma problemi tezliklə həllini tapacaq...