İctimai Səhiyyə və İslahatlar Mərkəzində büdcəni kimlər xımır-xımır “sökür”? - TƏFƏRRÜAT

4-10-2023, 16:29           
İctimai Səhiyyə və İslahatlar Mərkəzində büdcəni kimlər xımır-xımır “sökür”? - TƏFƏRRÜAT
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ötən 2022-ci ildə xeyli sayda dövlət satınalması həyata keçirib.

TEREF.AZ Qlobal.az-a istinadla xəbər verir ki, satınalmaların bəziləri müqavilə predmetlərinə və qalib təşkilatların qeyri-şəffaflığına görə bir sıra şübhələrə yol açır.

Öncə qeyd edək ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 2022-ci ildə 3 lot üzrə yekun vurduğu satınalmanın ümumi məbləği 345.146 manat təşkil edib.

Mərkəzin “Pasiyentlərin təhlükəsizliyi üzrə sosial mediada maarifləndirmə kampaniyası və Dünya Pasiyent Təhlükəsizliyi Gününə həsr edilmiş Konfransın keçirilməsi, Mamalıqda təxirəsalınmaz halların menecmenti üzrə mama-ginekoloqlar üçün təlim kursu və vebinarların təşkili, pediatrlar, neonatoloqlar, təcili yardım və ailə həkimləri və terapevtlər üçün ACLS, NRP, İTLS və PALS beynəlxalq təlimlərin təşkili, Süd vəzi xərçənginin profilaktikası və müalicəsinə dair həkimlər arasında məlumatlandırma və skrininq fəaliyyətinin təşkili, Qeyri-infeksion xəstəliklərlə və narkomaniya mübarizəyə dair silsilə tədbirlərin təşkili və Reproduktiv sağlamlıq məsələlərinin təşviqi, müasir tələblərə uyğun strategiyanın yenidən işlənməsi, ictimai vəkillik fəaliyyətinin təşkili, “Uşaq travmatizmi: risk faktorları, profilaktika və ilk yardım” kitabının işlənib hazırlanması üzrə xidmətlər” lotu üzrə yekun vurduğu satınalmanın məbləği 105.080 manat olub.

Bu satınalmada “ORLONDO 22 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Mərkəzin qalib elan etdiyi “ORLONDO 22 CORP” MMC 2022-ci ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla ev 56, mənzil 105/135, qanuni təmsilçisi isə Cəfərov Ülvi Şahin oğludur.

“ORLONDO 22 CORP” MMC-nin fəaliyyət profili, həmçinin müvafiq lisenziyalarının olub-olmaması barədə açıq internet resurslarında heç bir məlumat yoxdur. Lisenziyaları, fəaliyyət profili, işçi sayı barədə maəlumat olmayan “ORLONDO 22 CORP” MMC-nin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə təlimlərin təşkilini, təlim kurslarını, “müasir tələblərə uyğun strategiyanın yenidən işlənməsi”ni hansı resurslar hesabına edəcəyi məsələsi də sual yaradır.

Əldə etdiyimiz məlumata görə “ORLONDO 22 CORP” MMC dövlət satınalmalarında “otkad” məqsədi ilə yaradılan təşkilatlardandır. “ORLONDO 22 CORP” MMC-nin hazırda dövlətə 3.354 manat vergi borcunun olması da bu barədə səslənən iddiaları gücləndirmiş olur.

İctimai Səhiyyə və İslahatlar Mərkəzi 2022-ci ildə daha bir satınalmaya yekun vurub. Mərkəzin “31 May tütündən imtina aksiyanın təşkili, tütündən imtina kabineti işinin təkmilləşdirilməsi, metodik vəsait və təlimatların işlənilib hazırlanması, təlim kurslarının təşkili və keçirilməsi, saytların və mobil əlavələrin məzmununun yenidən hazırlanması və İsim.az sayt materiallarının ingilis və rus dilinə tərcümə edilməsi və tədbirlər zamanı lazım olan tərcümə xidməti” lotu üzrə keçirdiyi satınalmada “BARNI HOLDING” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

“BARNI HOLDING” MMC 2021-ci ilin noyabr ayının 11-də təsis edilib. Şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov pr, ev 1, mənzil 0 ünvanı, qanuni təmsilçisi isə Qəhrəmanov Emin Əhməd oğludur.

Satınalma müqaviləsinə görə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə “təlim kurslarının təşkili və keçirilməsi”, “saytların və mobil əlavələrin məzmunun yenidən hazırlanması”, “İsim.az sayt materiallarının ingilis və rus dilinə tərcümə edilməsi” xidməti göstərəcək “BARNI HOLDING” MMC-nin özünün fəaliyyəti olduqca şübhəlidir. Belə ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzinə sayt yığan “BARNI HOLDING” MMC-nin özünün web ünvanı yoxdur. Həmçinin, bu təşkilatın da işçi qüvvəsi, lisenziya və fəaliyyəti barədə məlumatlara rast gəlinmir.

“BARNI HOLDING” MMC-nin hazırda dövlətə 5.536 manat vergi borcu var.

Mərkəzin yekun vurduğu “Keçirilmiş sorğulara əsasən dəyirmi masaların təşkil olunması, “İctimai səhiyyə” adlı feysbuk canlı yayınların təşkili, Tütün üzrə maarifləndirici tədbirlər, “İctimai sağlamlığın əsasları”, Klinik protokollar və Ailə, uşaq və qadın komitə ilə birgə təlimlərin keçirilməsinin təşkili, EBMG protokollarının yenilənməsi, Simptomların yoxlanması proqramının prototipinin tətbiqi, Reproduktiv sağlamlıq tətbiqinin təkmilləşdirilməsi, Qurd invaziyası hallarının azaldılması, “COSİ” layihəsi üçün təhlil işlərinin aparılması, Ümumdünya Ürək günü, Diabet günü və Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbirlərin təşkili” lotu üzrə satınalmanın məbləği 143.116 manat, qalibi isə “YUFON-KO” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Mərkəzin qalib elan etdiyi “YUFON-KO” MMC də yuxarıda qeyd edilən satınalmalarda qalib olan təşkilatlar kimi qeyri-şəffafdır. Belə ki, müqaviləyə görə Mərkəzə tədbirlər təşkil edən, Reproduktiv sağlamlıq tətbiqinin təkmilləşdirilməsi və “COSİ” layihəsi üçün təhlil işlərinin aparan “YUFON-KO” MMC -nin də fəaliyyət profili, lisenziyaları, faktiki ünvanı barədə məlumatlara rast gəlinmir.

“Yufon-KO” MMC-nin hazırda dövlətə 8.107 manat vergi borcu var.

Qlobal.az fəaliyyət profili barədə açıq internet resurslarında məlumat verilməyən təşkilatların İctimai Səhiyyə və İslahatlar Mərkəzinin sifarişçi olduğu satınalmalarda necə qalib gəlməsi, bu təşkilatların qeyri-şəffaf olmaları və dövlətə külli miqdarda olan vergi borcu barədə Səhiyyə nazirliyindən mövqe öyrənə bilmədi.

Qeyd edək ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi 2006-cı ildə yaradılıb.

Mərkəz müstəqil olaraq dövlət satınalmaları həyata keçirir.

Mərkəzdə Səhiyyə siyasəti və planlaşdırma, Səhiyyə kommunikasiyası, Tibbi keyfiyyət standartları, Layihələrin əlaqələndirilməsi, Təlim-resurs, İctimai sağlamlıq, İlkin səhiyyə və ailə təbabəti, Statistika, monitorinq və təhlil, Səhiyyə texnologiyaları və teletəbabəti, Akkreditasiya, Sertifikasiya və Elektron standartlar (Nəşriyyat) şöbələri fəaliyyət göstərir.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyevdir.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.