Masazır Bələdiyyəsində yeni “bazar“ - Sənədlər necə saxtalaşdırılır?
11-10-2023, 10:08
Son illər yerli media və sosial şəbəkələrdə yayılan məlumatlarda ən çox şikayətlərin və neqativ halların yerliidarəetmə orqanlarında olduğu görünür. Bu xüsusda daha çox rayon icra hakimiyyətləri və bələdiyyələrin qaranlıq fəaliyyətlərinə, bu qurumların gördükləri işlərdə qiymətlərin şişirdilməsi və digər bu kimi qanunsuz hallara rast gəlinir.
AzFakt.com saytının əldə etdiyi məlumata fəaliyyətində qanunsuzluğa yol verən qurumlardan biri də Abşeron rayon Masazır qəsəbəsi Bələdiyyəsidir.
Masazır Bələdiyyəsinin yol verdiyi əsas qanunsuz əməllərdən biri bələdiyyə ərazisində yerləşən fərdi tikinti və digər obyektlərə sənədlərin verilməsidir.
200 hektara yaxın ərazini əhatə edən Masazır Bələdiyyəsinin ərazisində fərdi evlərin böyük bir hissəsinin orderləri (kupçaları) yoxdur. Bu evlərin yeganə sənədlərinin bələdiyyə müqaviləsidir. Əldə etdiyimiz məlumata görə hazırda Masazır Bələdiyyəsi bələdiyyə ərazisində satılan evlərə yenidən bələdiyyə müqaviləsinin (sənədinin) köhnə tarixə verilməsini "açıq bazara" çıxarıb.
Mənzillərin və obyektlərin kvadrat metrindən asılı olaraq köhnə tarixə verilən bələdiyyə müqavilələrinin 1000 - 2000 manat arasında dəyişdiyi iddia edilir.
Məlumatda bildirilir ki, Masazır Bələdiyyəsində saxta sənədlərin verilməsinə və pulların alınması məsələlərinə Əbülfət Nuriyev şəxs nəzarət edir. Əbülfət Quliyev Abşeron icra başçısı Abdin Fərzəliyev tərəfindən Masazır Bələdiyyə sədri Azər Quliyevə qeyri-rəsmi olaraq də təyin edilib. Bu həmin Əbülfət Nuriyevdir ki, vaxtı ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinin sədri olmuşdu və keçmiş MTN-in sabiq idarə rəisinə hektarlarla torpq sahəsi bağışlamağı ilə yadda qalmışdı.
Qeyd edək ki, Əbülfət Nuriyev bələdiyyələr içərisində həddindən artıq özbaşınalıqlara imza atmış şəxslərdən sayılır. Ötən ilin iyul ayında Əbülfət Nuriyev 2010- 2020-ci illərdə Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddət ərzində yol verdiyi qanunsuzluqlara görə Cinayət Məcəlləsinin (CM) 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsindən həmin Məcəllənin 322.1-ci (Özbaşınalıq) maddələri ilə təqsirləndirilib. Daha sonra məhkəmənin hökmü ilə Əbülfət Nuriyev CM-nin 322.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Məsələ ilə bağlı Masazır Bələdiyyəsinin münasibətini örgənə bilmədik.