HƏLƏ DƏ BÜDRƏYƏN SƏFƏRBƏRLİYİMİZ: SHXÇDX-nin TƏRƏZİSİ DƏ `VURUR` - ETİRAZ VAR...
Dünən, 11:32

Elə keçən həftə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlandı.
"DİA-AZ" xəbər verir ki, həmin məlumatlardan aydıln oldu ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb.
Yəni bütün bunlar indi baş verir... Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hazırki rəhbərliyinin hökmranlığı altında.
Elə "DİA-AZ" olaraq aşağıda təqdim edəcəyimiz gileydə də anoloji halla bağlı bir vətəndaş etirazı yer alıb.
Lənkəran rayonunun Osaküçə kənd sakini Xanağa Həsənov deyir ki, 2006-cı il təvəllüdlü nəvəsi Kamal Həsənov bu günə qədər keçirilən dörd hərbi çağırışda səhhətindəki problemə görə xidmətə yararsız hesab edilib. Lakin sonuncu müayinədə o, hərbi xidmətə yararlı kimi qeydə alınıb.
Vətəndaşın sözlərinə görə, Kamal Həsənov hərbi komissarlıqda keçirilən yoxlamalar zamanı 44 kilo 300 qram çəkidə olub. Buna baxmayaraq, tibbi sənədlərdə onun çəkisi 45 kilo 700 qram göstərilib.
Bundan əlavə, Kamal Həsənovun əl və qol əzələlərində gücsüzlük olduğunu bildirən baba, həkimlərin səhlənkarlığından da narahatdır.
Həsənov mətbuat vasitəsilə aidiyyatı qurumlara müraciət edərək, bu məsələnin araşdırılmasını və nəvəsinin qanunsuz olaraq hərbi xidmətə aparılmasının qarşısının alınması üçün tədbir görülməsini xahiş edir.
Məsələ diqqətimizdədir...