Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək

3-12-2019, 09:27           
Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək
“TANAP nəinki Azərbaycan, bütövlükdə region üçün vacib layihələrdən biridir”.

Bu sözləri Musavat.com-a iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədinə çatdıran Trans Anadolu Boru Kəmərinin son mərhələsinin açılışını dəyərləndirərkən deyib.

V.Bayramovun sözlərinə görə, Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TANAP-ın vasitəsilə Azərbaycanın təbii qaz ixracı 31,5 milyard kubmetrə qədər yüksələcək: “Bu dəhliz vasitəsilə qaz Avropa ölkələrinə çatdırılacaq ki, bu da Türkiyə və Avropa üçün strateji əhəmiyyət daşıyan enerji təhlükəsizliyini gücləndirəcək faktora çevriləcək. Yaxın gələcəkdə Azərbaycan Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olacaq. Avropa ölkələri də bir mənbədən asılılığı azaltmış olacaqlar. Azərbaycan Avropa üçün alternativ mənbədir”.

İqtisadçı-ekspert bildirir ki, strateji-siyasi əhəmiyyəti ilə yanaşı, Cənub Qaz Dəhlizi Azərbaycana böyük miqdarda gəlir də gətirəcək: “Bu layihədən ölkəmizin 100 milyard dollardan yuxarı gəlir əldə edəcəyi gözlənilir. Bu isə ölkə iqtisadiyyatının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu layihə Qafqaz,Türkiyə, Avropanı əhatə edir və Azərbaycanın geosiyasi baxımdan mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə növbəti illərdə ölkəmiz, eləcə də region üçün daha əhəmiyyətli layihəyə çevriləcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.