16+ qeydi varsa, hələ o demək deyil ki... – Psixoloqdan açıqlama
3-12-2019, 09:33
“Televiziya ekranlarına çıxan bütün proqramların – serialların, filmlərin, verilişlərin insan psixologiyasına təsiri var. Ekran əsərini rejisorun çəkdiyini, aktyorların pul müqabilində rol aldıqlarını şüurlu olaraq dərk etsək də, yenə özümüzü serialın içində təsəvvür edirik”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında psixoloq Gülnarə Əliyeva deyib.
Onun sözlərinə görə, insanların izlədiyi seriallar onların həyatına sirayət edir: “Beynimizdəki güzgüləmə hüceyrələri empatiya hissi yaradır. Bu hüceyrələr vasitəsilə özümüzü serialın qəhrəmanı kimi görməyə başlayırıq”.
Psixoloq bildirib ki, seriallar ailədaxili münasibətlərə də təsirsiz ötüşmür: “Xüsusilə qadınlar sevgi motivli seriallar izlədikdə, obrazlar arasında olan istiliyi ailələrində görə bilmədikləri zaman mübahisələr başlayır. Kişilərin vuruşma, mafiya mövzulu filmlərə meyli onlarda küçə həyatına həvəs yaradır”.
Ekspert qeyd edib ki, televiziyada yayımlanan proqramlarda valideynlər yaş həddinə xüsusilə diqqət yetirməlidir: “Əvvəl 18+ yaş həddi qoyulurdusa, hazırda bu 16+ qeyd olunur. Yaş həddi icazə verirsə, bu o demək deyil ki, uşaq onu izləyə bilər”.
G.Əliyevanın sözlərinə görə, televiziya erkən yaşlardan uşaqlarda aludəçilik yaradır: “Analiz etməliyik ki, filmin mövzusu, süjet xətti nədir, hansı xarakterlər rol alıb, bu serial uşağa nə verəcək? Uşaq serialdan asılı olduğu üçün artıq anananın müdaxiləsi kömək olmur. Dərslərindən geri qalır, obrazı yamsılamağa başlayır”.