"İnanın Allaha, o cür adamların indi məni axtarmadıqlarına görə çox sevinirəm..."
25-10-2021, 19:15

Tanınmış bəstəkar Tahir Əkbərin qızı Bəhriyə Əkbərzadə Moderator.az-ın suallarını cavablandırıb.
- Bəhriyə xanım, atanızın dünyasını dəyişməsindən artıq 4 il ötür. Bu illər ərzində sizin yanınızda kimlər oldu?
- Artıq noyabr ayının 2-də 4 il olacaq ki, atam bizi cismən tərk edib. Atam insultdan əziyyət çəkdi, 4 ay yataq xəstəsi oldu. Mən açıqsözlü biriyəm, kim istəyir incisin, kim istəyir inciməsin, düzünü danışacağam. Atam xəstə yatağında olanda 3-4 nəfərdən başqa heç kim onunla maraqlanmadı. Sağlığında atamı yad etdilər ki, bu gün məni də yad etsinlər? Əməkdar artistlər, gözəl sənətkarlarımız Firuzə İbadova və Aybəniz Haşımova atamın sağlığında da, ölümündə sonra da bizim ailəmizlə əlaqələrini kəsmədilər, əksinə daha da gücləndirdilər. Onlar bu gün də bizim ailəmizin bir üzvüdürlər. Başqa 3-cü ad deyə bilmərəm! Yalandan niyə kiminsə adını deyim?! Xalaxətri qalmasın deyə bəziləri də arabir sözucu bir mesaj yazır, amma onların da adını çəkmək istəmirəm. Mən atama görə onları görmək məcburiyyətində idim, artıq atam da yoxdur deyə onları görmək istəmirəm. Mümkünsə heç kim zəng edib, bizimlə maraqlanmasın. İnanın Allaha, məni axtarmadıqlarına görə də çox sevinirəm.
- İstərdim yaşayışınızdan, fəaliyyətinizdən danışasınız.
- Mən artıq 3 ildir ki, universiteti bitirmişəm. Sağ olsun hörmətli millət vəkilimiz, Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan məni işlə təmin etdi. Mən nə vaxtsa dünyanın hansı ölkəsinə getsəm də, fəaliyyətimi xaricdə davam etdirsəm də Novruz Aslana hər zaman təşəkkürümü bildirəcəyəm. Qızıl Aypara Cəmiyyətində Beynəlxalq əlaqələr şöbəsində tərcüməçi-asistent kimi çalışıram. Çox təəssüf edirəm ki, atam bu dünyadan haqqını almadan getdi. Atamdan da 100 dəfə əskik adamlar yaxşı yaşadı, amma atam köhnə bir evdə canını tapşırdı. Bir gənc kimi öz ayaqlarımın üstündə durmağa çalışıram, şükür Allaha ki, heç kimə ehtiyacımız yoxdur. Xəstə vaxtında dəyərli Mehriban xanım Əliyeva atamın müalicə xərclərini öz üzərinə götürüb, onu yaşatdı.
- Bəs atanızdan sizə miras olaraq nə qalıb?
- Atamın yaşayışı, şəraiti hamının gözünün qabağında idi. Mən yalandan deyə bilmərəm ki, atamdan mənə nəsə böyük var-dövlət qalıb. O mənə sadəcə bir otaqlı mənzil qoyub getdi. Atamın ən böyük var-dövləti onun mahnıları, adı-sanı, musiqi xəzinəsidir. Onun mahnılarını bu gün milyonlarla insan dinləyir. Hansısa qapını döysəm, atamın Tahir Əkbər olduğunu biləndə bütün qapılar üzümə taybatay açıq olur. İnsanlar üçün mən maraqlı gəlirəm. Yer üzündə bundan gözəl nə ola bilər? Məni təhqir edib, söymürlər ki, filankəsin qızıdır, atası yaxud anası yaxşı adam olmayıb. Hər zaman atama rəhmət oxuyublar. Bütün bunları görəndə başım bir az da ucalır, fəxr edirəm, ondan danışanda utanmıram.
- Tahir Əkbərin bəstələdiyi “Gərəksən mənə” mahnısı digər mahnıları kimi bu gün də dillər əzbəridir. Bu gün həmin mahnıya bir çox müğənnilər müraciət edir. Amma “Gərəksən mənə” mahnısının ilk ifaçısı Xalq artisti, sevilən sənətkar Zeynəb Xanlarova olub. Zeynəb xanımla atanızın münasibəti çox yaxşı olub. Bu gün də o əlaqələr qalıb?
- Atam dünyasını dəyişəndə Zeynəb Xanlarova bizə heç başsağlığı vermədi, o ki, qalsın ki, bu gün əlaqəmiz olsun. Halbuki atamla Zeynəb xanımın çox böyük dostluqları olub, atam onun evinin adamı kimi idi. Zeynəb xanımdan dünyaya çox gələr, onu əvəz edən olar, amma atamdan tək-tük gələr, çünki atam əvəzedilməzdir. Zeynəb xanım gözəl sənətkarımızdır, mən onun sənətinə söz demək ixtiyarında olan bir insan deyiləm, amma inanmıram ki, atamdan bir də dünyaya gəlsin.
- Bəs xəstə yatağında olanda necə, Zeynəb xanımla atanıza zəng edib danışırdı?
- Xeyr, qətiyyən! Heç xəstə vaxtında da, yaxşı vaxtında da o atamla münasibət saxlamırdı. Dostluq münasibətləri o illərdə qalmışdı. Mən 1996-cı ildə doğulmuşam, o illərdən atam ölən günə qədər yadıma gəlmir ki, Zeynəb xanım zəng edib onunla danışsın. Bir dəfə atam “Xalq ulduzu” yarışmasında münsif olanda Zeynəb xanım canlı efirə zəng edib, ona təriflər yağdırmışdı. Başqa bir telefon danışığı yadımda deyil.
- Atanız 2-ci dəfə dəfn olunub. Bu zaman yuxunuza gəlmişdi?
- Mən indi sizə deyəcəyim sözü heç bir yerdə deməmişəm. Bilmirəm, bəlkə inanacaqsınız, bəlkə də yox! Amma həqiqətən də olan hadisədir. Atamı aparıb qamışlıqda dəfn etmişdilər. Anam evə gəldi və anidən qərar verdi ki, mən Tahiri orada saxlaya bilmərəm. Dedilər ki, artıq gecdir, bu vaxtı ölünü qəbirdən çıxarıb dəfn etməzlər. Biz artıq yeni qonşu binaya köçmüşdük, o binada da ömür boyu işıqlar sönməyib. Evdə idik, martın 2-dən 3-nə keçən gecə sakit bir hava var idi, külək də əsmirdi. Bir də gördük ki, işıqlar söndü, sonra bir dənə möhkəm külək əsdi. Sanki ev silkələndi, o başa getdi, bu başa gəldi. Çox qorxduq. Şairə Zenfira Əlişqızı da bizdə idi. Dedi ki, bu Tahirin ruhudur, orada rahat yatmır. Sanki ruhu bizə qəzəblənmişdi ki, məni qamışlıqda basdırıblar, siz də buna qarşı çıxmırsınız! Səhər sübh tezdən atamı qamışlıqdakı qəbirdən çıxarıb, o biri məzarda dəfn etdik. Ondan sonra yuxularımıza yuxularımıza gələndə bizə sanki xeyir gəlir.
- Atanızın 1-ci evliliyindən olan övladı ilə əlaqəniz qalıb?
- Atamın 1-ci həyat yoldaşı 2014-cü ildə dünyasını dəyişib. Onun bu evliliyindən məndən 20 yaş böyük bir bacım var. Münasibətimiz də çox yaxşıdır. Atam həmişə deyirdi ki, analarınız ayrı olsa da, siz mənim canı bir, qanı bir qızlarımsınız, hər zaman münasibət saxlayın.
- Son vəsiyyəti sizə nə olmuşdu?
- Atam heç vaxt ölüm haqqında düşünmürdü, ona görə də mənə heç bir vəsiyyət etməyib. Düşünürdüm ki, atam 90 yaşına qədər yaşayacaq. Amma sən saydığını say, gör fələk nə sayır. Nə biləydim ki, bir gün atam dünyasını dəyişəcək, mən tək qalacağam? Amma hər zaman tapşırırdı ki, cəmiyyətə savadlı, lazımlı bir şəxsiyyət ol. Mən atamın bu sözünü heç bir zaman yerə salmayacağıma and içmişəm.